“Dəniz Mall”dakı kütləvi davaya görə həbs olunan Vüqar Kərəmovun atası müraciətində nələr yazıb?
Hazırda həbsdə olan azərbaycanlı MMA idmançısı Vüqar Kərəmovun Yaponiyada gözlənilən döyüşü təxirə salınıb. O, fevralın 24-də Yaponiyanın Saqa şəhərində keçiriləcək “Rizin Landmark 8" turnirinə qatılmalı idi. Lakin həbsdə olduğuna görə turnirə qatılması sual altındadır.
Vüqar Kərəmov fevralın 1-də Bakıda həbs olunub. Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə MMA döyüşçüsü Həsən Əzizova zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham ediliblər.
Vüqar Kərəmovun atası Qərib Kərəmov ölkə rəhbərliyinə, baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək oğlunun səhvən, ümumiyyətlə, iştirakçısı olmadığı cinayətə görə həbs olunduğunu yazır. O, müraciətində bildirir ki, oğlu Vüqar Kərəmovun barəsində Xətai Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 ay 25 gün müddətinə həbs-qətimkan tədbiri seçib: “Guya ki, oğlum "Dəniz Mall" ticarət mərkəzində tanışları ilə birləşib Həsən Əzizova qarşı xuliqanlıq hərəkətləri edib. Oğlum ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir. Çünki kütləvi dava zamanı orada olmayıb. Davadan sonra həmin yerə gəlib və bu fakt kamera görüntüləri ilə tam sübut edilir. Ortada belə bir sübut olan yerdə, həmin sübut araşdırılmadan oğlum Vüqar Kərəmova tələsik formada ittiham verib həbs etmək başadüşülən deyil. Oğlumun orada olmamasını zərərçəkən Həsən Əzizov özü də mediaya verdiyi müsahibəsində aşıq-aşkar deyib. Lakin istintaq orqanı hansısa naməlum səbəbdən araşdırma aparmadan, digər şəxslər tutulduqdan 2 gün sonra oğlumu tutaraq əsassız yerə həbsə alıb.
Mənim oğlumun şəxsiyyəti qətiyyən onun həbsdə saxlanılması ilə uzlaşmır, gəncdir, ali təhsillidir, himayəsində 2 azyaşlı övladı var. İdmançı kimi dəfələrlə Azərbaycanı beynəlxalq idman arenalarında şərəflə təmsil edib, bayrağımızı mötəbər yarışlarda Dünya və Avropa çempionatlarında, İslam Həmrəylik Oyunlarında qızıl medallar qazanmaqla ucaldıb. Məhz bu nailiyyətlərinə görə cənab Prezidentin göstərişinə əsasən ona Binəqədi rayonu ərazisində 3 otaqlı mənzil verilib. Vüqarın dayısı Birinci Qarabağ müharibəsi zamanı şəhid olub, nəşi hələ də tapılmayıb".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”