“Oğlan əsgər gedir, gəlir ki, qız ərə gedib” - MÜSAHİBƏ

Musavat.com lent.az-a istinadla Siyavuş Novruzov ilə müsahibəni təqdim edir:

- Siyavuş müəllim, tez-tez baməzə replikalarla dilə dişə düşürsünüz, məsələn vedrəni ölçü vahidi eləməyiniz gülüşlə qarşılandı.

- O sözü deməsəydim reklam olmazdı, indiyə qədər danışılmazdı. Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir. Bax, girisən kafeyə, deyirsən bir fincan kofe ver, demirsən axı, 100 qram kofe ver. Ödəyəndə bir fincan kofenin pulunu ödəyirsən. Burada fincan ölçü vahididir. Eləcə də vedrə. Kim necə dərk edirsə eləsin. Üstümü unlu görüb adımı dəyirmançı qoyurlar. Azərbaycandan Amerikaya təhsil almağa ilk mən getmişəm - düz 3 dəfə.  Sertifikatlarım,  diplomlarım var. Avropanın hər yerində seçki kurslarında olmuşam. İndi hamı öyünərək 1 aylıq kursunu ali məktəb kimi göstərir. Onlardan 50-ni qurtarmışam, divara düzsəm diplomlarımdan yer qalmaz. İzləyicini ilk 20 saniyədə cəlb eləmək dərslərini keçmişik. Nəyisə deyirəmsə, bu bilməməzlik deyil, taktikadır. Məsələn, veteran pulları ilə bağlı "veteranların da 1 abbasını verin" dedim hər yerdə işıqlandırıldı. Biri dedi veteranı Məşədinin hambalına oxşadır, biri dedi təhqirdir. Əsas məsələ o idi ki, o mövzuya diqqət yönəltdik.

- 25 il deputat həyatı yaşamaq nə deməkdir?

- Deputatlıq həm çətindir, həm məsuliyyətlidir. Böyük bir insan kütləsini və qanunverici orqanı təmsil edirsən. Sadə insanlardan əlbəttə çox fərqi var. Hər addımına, sözünə nəzarət etməlisən, dediyin hər söz rəsmi qəbul edilir. Üstəlik iqtidar partiyasının deputatı olmaq ikiqat məsuliyyətdir. 40 min seçici ilə ünsiyyətdə olmaq, onların problemlərini öyrənmək, dilə gətirmək asan deyil. 

- Sizcə sadə insansınız, yoxsa deputatlıqda keçən uzun illər sizi dəyişib?

-  Həmişə sadə insan olmuşam, indi də eləyəm. Yaxından tanıyanlar bilir, necə varamsa elə də görünürəm. Mən dəyişən adam deyiləm.

- Hər hansı bir qapıçı, fəhlə, maşın yuyan sizin dostunuz ola bilər, yoxsa seçilmiş adamlar, siyasətçilərlə əhatələnmisiniz?

- Bütün təbəqələrdən çoxlu dostlarım var. Bura gələndə Qəbələdən əsgər yoldaşım zəng eləmişdi. 35 ildir dostluğumuz davam edir. Tələbə və sinif yoldaşlarımla həftədə bir görüşürük, çay içib keçmişi xatırlayırıq. Milli Məclisdə də dostlarım çoxdur. İstənilən adamın qapısını rahatlıqla döyə bilərəm. 

- Çox ünsiyyət sizi yormur? Çox adam çox da problemdir deyirlər...

- Yox, əksinə, insanlarla düzgün rəftar edəndə yorulmursan. Yalan vəd verəndə qarşındakı da yorulur, sən də.

- Gəncliyinizi, tələbəlik illərinizi necə xatırlayırsınız?

- Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Ondan öncə Rusiyada hərbi ali məktəbə girmişdim, lakin valideynlərimin istəyi ilə onu yarımçıq saxlamalı oldum. Hüquq fakültəsində oxuduğum illər çox gözəl idi. Paralel olaraq da ictimai siyasi fəaliyyətlə məşğul idim. Bizim tələbəlik dövrümüz çətin və qaynar, amma çox maraqlı bir dövr idi. İndiki tələbələr kimi kinoya, konsertə, əyləncələrə gedə bilmədik. Amma bizim tələbəlik, gənclik illərimiz daha maraqlı idi. Mübariz idik.
 
- İndiki dövrdən fərqli olaraq, 90-cı illərə qədər hüquq fakültəsinə rüşvətsiz girmək də çox çətin idi. Orda ancaq say-seçmə ailələrin uşaqları təhsil ala bilirdilər. Siz necə bir ailədən gəlmişdiniz?

- Bizim zamanımızda tapşırıq verilmişdi, hüquq fakültəsinə vəzifəli adamların uşaqlarını qəbul eləmirdilər. Katib, prokuror oğlu bura girə bilməzdi. Məsələn mən sadə, zəhmətkeş bir kişinin ailəsindən gəlmişdim. Bizim vaxtımızda rüşvətlə daxil olunan fakültə tarix idi. Tarixi bitirənlərin heç biri tarixçi olmurdu, ora "raykom fakültəsi" deyirdilər.

- Siz həm də Əfqanıstan müharibəsi veteranısınız. Yəqin ölümlə göz-gözə gəlmisiniz...

- Dəfələrlə. 1987-ci ildə hərbi xidmətə getdim, ona qədər idmanla çox ciddi məşğul olurdum. Əsgər gedəndə güləş üzrə idman ustalığına namizəd idim. Mənim kimi fiziki hazırlıqlı oğlanları apardılar hərbi məktəbdə hazırlığa. 6 ay hazırlıqdan sonra da Əfqanıstana. Sovet qoşunları Əfqanıstana girəndə və çıxanda çox böyük itki vermişdi. Qoşunlar ölkəyə daxil olanda yerlilər mübarizə aparırdılar ki, girməsin. Çıxanda isə ailəsində öləni olmuş əfqanlar qanlı qisas almaq üçün ova başladılar. Adətlərinə görə, kişi qisasını almasa ona namussuz kimi baxırdılar. Ona görə  bütün əfqanlar başlamışdılar intiqam üçün əsgər ovuna. Ən azından bir əsgər öldürməli idi. Zabit, tank vursaydılar, lap qəhrəman sayılırdılar. Rus ordusu ölkədən 100 tankla çıxmalı idisə, kalonda onun 30-u qalırdı, qalanını məhv edirdilər. Yuxarı rütbəli əsgər idim və ölüm bizi arxamızca, addım-addım izləyirdi. Əfqanıstandan qayıdandan sonra ailəm hərbiyə qayıtmağıma mane oldu, hüququ seçməli oldum. Bakıya gələndən sonra da Qarabağ hadisələri başladı. Hərbi döyüş təcrübəmiz var idi. Tez-tez gedirdik döyüş bölgələrinə. Biz əliyalın təlim keçmiş hazır silahlı-sursatlı ordu ilə vuruşmuşuq.

- Sənətiniz üzrə işlədiniz?

- Çox az. Partiyaların yaranması prosesi başladı. "Əlincə" Xeyriyyə Cəmiyyətinin yaranmasında iştirak etdim, bu cəmiyyət həm ümummilli liderin hüquqlarının müdafiəsi, həm də sərhəd kəndlərində əziyyət çəkən insanlara dəstək işləri ilə məşğul idi. YAP "Əlincə" cəmiyyətinin bazasında yarandı. 28 il partiyanın təşkilati məsələlərinə rəhbərlik eləmişəm.

- Sevərək ailə qurmuşdunuz?

- Əlbəttə. Mən müstəqil adam olmuşam. Ata evimdən 17 yaşımda çıxdım və ondan sonra sərbəst yaşamışam.

- Səbinə xanımın (Ombudsman Səbinə Əliyeva Siyavuş Novruzovun xanımıdır) Ombudsman olmasında sizin rolunuz olub?

- Yox. Onun öz fəaliyyəti olub. Konstitusiya məhkəməsində işləyib. Pillə-pillə gəlib bu yerə.

 - Kişinin xanımı vəzifəlidirsə ona asandı ya çətin?

- Çətindir.

- Nədir çətinlik?

- Haradan fırlansan söhbətimiz, həyat tərzimiz ictimai-siyasi proseslərə gətirib çıxarır. Hətta elə olub ki, uşaqlarımızın dərsləri ilə məşğul ola bilməmişik. Bəzən 24 saat da insana bəs eləmir.

- Neçə övladınız var?

- İki. Oğlum Universitetdə hüquq fakültəsində oxuyur, qızım hələ orta məktəbi bitirməyib. 

- Evdə köməkçiniz var?

- Yoxdur. Ehtiyac da yoxdu. Evdə adam tapılmır axı. Hamı səhər çıxıb axşam qayıdır.

- Özünüz özünüzə qulluq edə bilirsiniz?

- Yataqxanada qalan oğlan paltar da yuyub, düymə də tikib, yemək də bişirib. Üstəlik hərbi həyatım da olub, ona görə özüm-özümə səliqəli şəkildə qulluq edə bilirəm. Çay dəmləməkdir, özümə yemək qızdırmaqdır və s...

 - Hansı yeməyi sevirsiniz?

- Xüsusi kaprizim yoxdu. Azərbaycan yeməyi olsun, yetər, nə olur olsun bir tikə tez-tələsik yeyirəm, bir gözüm televizorda.

-  Birdən-birə xeyli kilo verdiniz. Bu xüsusi pəhriz nəticəsində oldu, ya plastik cərrah toxunuşu?

- Yox idmanla arıqladım. Mən daim idmanla məşğul oluram. Bizdə bu da problemdir. Arıqlayırsan deyirlər xəstələnib, kökəlirsən deyirlər, buna bax, gecə-gündüz yeyir. Heç vaxt əməliyyat olmamışam. Hərbidə aldığım yaralar istisna olmaqla.

 - Hansı idman növünə üstünlük verirsiniz? 

- Yeriyirəm və üzürəm.

-  Maşın sürürsünüz?

- Heç vaxt sürməmişəm. Tank sürmüşəm, BTR sürmüşəm, maşın sürməmişəm. Əvvəl həvəsim olmayıb, sonra ehtiyacım. 

- İstirahət deyəndə ağlınıza nə gəlir? Necə istirahət edirsiniz?

- Üzmək, gəzmək mənim istirahətimdi. Azərbaycanı qarış-qarış gəzmişəm. Gözəl rayonlarımız, rəngarəng təbiətimiz var. Şimala da, cənuba da, qərbə də eyni həvəslə gedirəm.

- Çoxlu ölkələrdə səfərlərdə olmusunuz. Hansı dövlət yaddaşınızda silinməz iz buraxıb?

- Böyük Britaniya dövlət olaraq əzəməti ilə heyran edib.

- Xaricə səfərlərdə ən çox hansı məkanları ziyarət edirsiniz?

- Muzey, kilsə və məscidlər. Şəkil qalereyalarına baxıram.

- Almısınız heç?

- Yox ona mənim imkanım çatmaz. Onlar mənim cibim üçün deyil.

- Cib demiş, verdiyiniz ən böyük hesab nə qədər olub? 

- Baxır məclisə də, harada oturmusan, neçə nəfər oturmusan...

- Tələbə yoldaşlarınızla oturanda hesabı əsasən kim ödəyir? 

- Mən ödəməliyəm. Ağsaqqal mənəm də.

- Boynunuzda qızıl zəncir görürəm.

- Quran asılıb o zəncirdən.

- Musiqi dinləməyi sevirsiniz?

- Hə çox. Klassik musiqi dinləməyi sevirəm. Sakitləşdirir. Əsasən retro musiqi və köhnə oxuyanları dinləyirəm. Qulu Əsgərov, Əbülfət Əliyev. Niyaməddin Musayev hər dövrün musiqiçisidir, o vaxt da məşhur idi, indi də. Dinləyirəm onu. Son illər muğam sənətində çox istedadlı gənclər yetişib, texnikaları zərifdir. Yalçın Rzazadə, Oqtay Ağayevin yolu boş qalıb. Yəqin o yerləri də tutan olacaq.

- Yeni nəsil ifaçıları, estrada ulduzlarını tanıyırsınız?

- Hə, hamısını tanıyıram. Bir çoxları ilə ünsiyyətim də olub. Verilişlərə də baxıram. Gərək baxasan ki, yaxşıdan, pisdən xəbərin ola. Çoxu ilə dostam. Seçki prosesində, təbliğat kompaniyalarında bizimlə olublar. Hər müğənnini dövlət tədbirlərinə buraxmırlar, bir çoxlarına icazə verilmirdi, mən güclə razılaşdırmışam, tanınmalarında, fəxri adlar almalarında rolum olub. Rəhmətlik İlhamə Quliyeva həm natiq kimi çıxış edirdi, həm oxuyurdu. İlhamə aylarla rayonları gəzib mənimlə. Orda kaprizləri olmurdu, razılaşırdı. Faiq Ağayev, Ədalət Şükürov, Gülyaz, Gülyanaq bacıları, Mənsum İbrahimov... Yəni çoxları ilə ünsiyyətim var.

- Bir ara adınız mürəbbə biznesi qalmaqallarında hallandı. Niyə məhz mürəbbə? Ümumiyyətlə, deputatın biznesi ola bilər?

- Yox. Deputat ancaq elmi yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər. Mürəbbə biznesi söhbəti gülməli idi. Məşğul olsam neft biznesi ilə məşğul olaram, mürəbbə nədir? Min balon mürəbbə satsan, 1 ton neft eləmir.

- Heç sizin adınızdan, tanışlığınızdan istifadə edənlər olub? 

- O qədər olub ki. Məsələn, biri restoran açıb, gəlib bağlamaq istəyirlər deyir, Siyavuşundur. Biri o gün gəlib ki, filan yerdə torpağın var, satmırsan? Deyirəm, "satıram, get pulunu al gətir" (gülür).  Kimin problemi yaranır, müvəqqəti ötüşdürmək üçün adımdan istifadə edir ki, zaman qazansın, obyekti möhürlənməsin. 

- Belə hallar sizi qəzəbləndirir?  

- Yox. İnsandır da, qoy xeyrini götürsün. Özüm düzəmsə nədən qorxmalıyam?!

- Söhbətin əvvəlində çıxışlarınızda siyasi taktika işlətdiyinizi dediniz. Həyatda da siyasi taktikalardan istifadə edirsiniz?

- Əlbəttə. 

- Ən böyük peşmanlığınız nədir? 

- Ən böyük peşmanlığım bu olub ki gərək hərbini atmayaydım.

- Sizcə hərbidə indikindən daha yaxşı mövqedə olacaqdınız?

- Hə. Sevdiyim işlə məşğul olardım. Hərb sənəti ilk sevgim olub. Mən hətta, Tovuz hadisələrindən sonra hərbi komissarlığa yazılı müraciət etdim ki, zabit kimi döyüşə getmək istəyirəm. Bütün güzəştləri, işimi kənara qoyub getmək istədim, qeydiyyata götürdülər, amma çağırmadılar.

- İlk sevginiz hərb sənəti olub, bəs sevdiyiniz qız?

- Orta məktəbdə olub.

- Yadınızdadır o qız?

-  Hə yadımdadır. Oğlanların heç biri ilk məhəbbətdən yarımır da. Oğlan əsgər gedir, gəlir ki, qız ərə gedib. İş bununla bitir.

- Heç maraqlanmısınız ki, o indi hardadır?

- Hə maraqlanıram. Məlumatım var.

-  Duyğu da var?

- Sadəcə məlumatım var.

- Ən böyük arzunuz nədir?

- Hamıya can sağlığı, arzularının həyata keçməyiniz arzu edirəm. Məkkə və Mədinədə olmuşam, Əl- Əksa məscidinə və Kərbəlaya getmək arzum var.

15.04.2024 19:12
2943