İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2024 və 2025-ci illərdə qlobal ÜDM artımını 3,2 faiz proqnozlaşdırır.
Musavat.com təşkilatın hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə OECD qlobal iqtisadi artımın 3,1 faiz olacağını təxmin edir.
May ayında təşkilatın analitikləri ÜDM-in bu il 3,1 faiz, gələn il isə 3,2 faiz artacağını gözləyirdilər:
“Qlobal ÜDM-in artımının 2024 və 2025-ci illərdə 3,2 faiz səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır, bu zaman inflyasiyanın daha da azalması, real gəlirlərin yaxşılaşdırılması və bir çox iqtisadiyyatlarda daha az məhdudlaşdırıcı pul siyasəti tələbin dəstəklənməsinə kömək edir”.
G20 ölkələrinin əksəriyyətində inflyasiyanın 2025-ci ilin sonuna kimi hədəf səviyyələrinə qayıtması gözlənilir. Təşkilatın proqnozuna görə, G20 ölkələrində əsas inflyasiya 2024-cü ildəki 5,4 faizdən 2025-ci ildə 3,3 faizə düşəcək və qabaqcıl G20 ölkələrində baza inflyasiyası bu il 2,7 faizə, gələn il isə 2,1 faizə qədər yavaşlayacaq:
“Əhəmiyyətli risklər qalmaqdadır. Davam edən geosiyasi və ticarət gərginliyi sərmayələrə daha çox ziyan vura və iqtisadi artım gözləniləndən daha çox yavaşlaya bilər, çünki əmək bazarları məhdudlaşır və deinflyasiya gözlənilən rəvan trayektoriyadan kənara çıxır”.
Digər tərəfdən, ekspertlər qeyd edirlər ki, real gəlirlərin bərpası istehlakçıların inamını və xərclərini yaxşılaşdırmaq üçün daha güclü stimul yarada bilər və neftin qiymətinin daha da aşağı düşməsi inflyasiyanın azalmasını sürətləndirəcək.
OECD 2024-cü il üçün ABŞ-ın ÜDM artımı proqnozunu 2,6 faiz səviyyəsində təsdiqləyib. Eyni zamanda, gələn il üçün proqnoz əvvəlki 1,8 faizdən 1,6 faizə qədər azaldılıb.
Avrozona iqtisadiyyatı əvvəllər gözlənildiyi kimi, 2024-cü ildə 0,7 faiz artacaq. 2025-ci il üçün gözləntilər 1,5 faizdən 1,3 faizə endirilib.
Yaponiyanın ÜDM-nin bu il gözlənilən 0,5 faiz artımdan 0,1 faiz azalacağı proqnozlaşdırılır. 2025-ci ildə artımın əvvəl elan edildiyi kimi 1,1 faiz deyil, 1,4 faiz olacağı gözlənilir.
OECD bu il Çin iqtisadiyyatı üçün artım proqnozunu 4,9 faiz, gələn il isə 4,5 faiz səviyyəsində saxlayıb.
Musavat.com