O sənəd ya olacaq, ya da... Ermənistan olmayacaq!

Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün bir daha keçmiş Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bəyan edib. Bu barədə o, Ermənistan parlamentində bildirib.

Simonyan bir neçə gün qabaq “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində demişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib. Bu da radikal-revanşist və faşist müxalifətə faktiki od qoyub.

O sırada Ermənistan parlamentinin müxalif fraksiyanın deputatı Geqam Manukyan qurumun bugünkü iclasında həmin sözləri Simonyana irad tutaraq, “Siz bunu hardan götürmüsünüz ki, Azərbaycanın “arsax”a (Qarabağa – red.) hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi” sualını ünvanlayıb. Simonyan da cavabında “Fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi (Qarabağ - red.) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir” deyib...

Bu dialoq bir daha təsdiqləyir ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olması reallığı Ermənistanda olduqca ağrılı “həzm” olunmaqdadır. Məntiqlidir. Ona görə ki, bədnam qonşularımız iqtidarlı-müxalifətli on illər ərzində özlərini inandırmışdılar ki, guya Azərbaycan torpaqlarında artıq ikinci “erməni dövləti” qurublar və Bakı da, dünya da gec-tez bununla barışacaq.

Heç kim barışmadı. Nəhayət, son olaraq, ötən ilin sentyabrında erməni əhalini tez-tələsik Qarabağdan çıxardılar ki, dünyanı, özəlliklə Qərbi “etnik təmizləmə” nağılına inandırıb Kosova variantına nail olsunlar. Plan belə idi ki, Qərb Bakıya təzyiq yolu ilə əhalini geri qaytarıb Qarabağda onlara beynəlxalq zəmanət altında “dövlət” quracaq. Bəzi haylar indi də bu illüziya ilə yaşayır.

Hiylə baş tutmadı. Azərbaycan hər halda Serbiya deyil. Üstəgəl, energetik anlamda “qoca qitə” üçün vazkeçilməz ölkədir. Başqa bir səbəb keçmiş Dağlıq Qarabağın Ermənistanla quru əlaqəsinin olmamasıdır. Ayrı sözlə, ərazi bütün hallarda Azərbaycandan asılı durumda...

Odur ki, Alen Simonyanın yuxarıdakı fikri erməni cəmiyyətində nə qədər tez dominant olsa, bir o qədər bu xəstə məxluq patoloji iddialardan tez qurtular. Hərgah heç Simonyanın özü də Qarabağın Azərbaycanın olması fikri ilə barışan şəxs sayılmaz.

Məgər az öncə “ATƏT-in Minsk Qrupu yalnız Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra rəsmən ləğv edilə bilər” deyən o deyildi? O idi. Bakının çağırışlarına rəğmən, İrəvan hələ də ləğvə qarşıdır və üzdəniraq qurumun reanimasiyasına can alır...

Eləcə də Ermənistan rəhbərliyi konstitusiyadan Azərbaycana qarşı ərazi iddiası ilə bağlı istinadı çıxarmağa tələsmir. Halbuki düzəlişi referendum keçirmədən, parlamentdə də həyata keçirmək mümkündür. Çünki həmin əlavə elə parlamentdə səsvermə ilə konstitusiyaya salınıb. Parlamentdə isə hakim partiya konstitusion üstünlükdədir. Qısası, “bəlkə də qaytardılar” xülyası.

Yeri gəlmişkən, Azərbaycanla tez-bazar, yarımçıq sülh sənədi imzalamaqda güdülən əsas hədəf bu: ardınca havadarlar hesabına ermənilərin Qarabağa qayıdışı məsələsini beynəlxalq gündəmə daşımaq. Təəssüf ki, bu məqsədlə ABŞ kimi dövlətlərin də “saqqızını oğurlamağa” çalışırlar.

O səbəbə nə qədər qulağa xoş gəlsə də, Azərbaycan haqlı olaraq, kapitulyant tərəfin quru bəyanatlarına inanmır. Ondan real iş və beynəlxalq hüquqla təsbit olunmuş zəmanət, təxminən Qars müqaviləsi kimi bütün zamanlar üçün hüquqi qüvvəsi olacaq sülh müqaviləsi imzalamağı tələb edir.

Belə bir müqavilə enində-sonunda ya olacaq, ya da... Ermənistan olmayacaq!

Analitik xidmət,
Musavat.com

22.10.2024 14:30
5100