"O gün "TikTok"da görürəm ki, 92 yaşlı kişi ilə qadın..."

"Qohum evliliklərinin qadağan olunması mümkün deyil. Bu, boş şeydir. Evlənən evlənəcək, onsuz da. Bu evliliyi heç kim qadağan edə bilməz. Biz azərbaycanlıyıq, hər zaman qohuma qız verib, qız almışıq. Elə bölgələrimiz var ki, orada sırf qohum evliliklərinə üstünlük verirlər. Həmişə olub, olacaq da. Biri xalası qızı ilə evlənmək istəyir, ona kim mane olacaq ki? Uzaqbaşı kəbinini kəsdirməyəcək, amma nəticədə yenə də evlənəcək".

Musavat.com bildirir ki, bunu moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib.

"Genetik xəstəliklər var. Lap yaxın qohumların, məsələn, xalauşaqları, əmiuşaqlarının nikahından doğulan körpələrdə ortaya çıxır. Genləri düzdürsə, onların izdivacından doğulan uşaqlar da sağlam olacaqlar. Genlərində problem varsa, qohumla yox, başqası ilə evlənəndə də uşaq xəstə doğulacaq. Bunu başa düşmürlər, elə ucundan tutub ucuzluğa gedirlər. Nə qədər müzakirə olunursa-olunsun, bunların qohum evliliyinə heç bir aidiyyəti yoxdur.

Onsuz da, bizdə heç kim sevib evlənmir. O gün "TikTok"da görürəm ki, 92 yaşlı yapon kişi ilə 99 yaşlı qadın əl-ələ tutub oynayırlar. Elə bilirsən ki, 50-60 yaşları var. Bizim kişilər də qocalan kimi qadınının dədəsinin gorunu söyürlər. Deyirlər ki, səni mənə ürcah edənin... Axı sevib evlənməyiblər", - deyə həkim bildirib.

Qeyd edək ki, Azərbaycanda qohum evliliyi qadağan oluna bilər. Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.

 

14.03.2024 12:50
7892