“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...

Uzun illər yüksək vəzifələr tutan, İosif Stalinin şəxsi təşəbbüsü ilə SSRİ dəmiryolu komissarı (naziri) təyin olunan İvan Kovalyov mövcud hökumətin əsas simalarından biri olsa da, o, Stalinə böyük rəğbət bəsləməyib. Düzdür, komissar bunu biruzə verməyib, özünü rejimin təhlükəsindən qoruyub. Amma sonralar Kovalyov televiziya verlişlərində, mətbuatda Stalinlə bağlı sərt və həm də maraqlı açıqlamalarla çıxış edib.

Kovalyov 1944-cü ildə nazir vəzifəsinə təyinatını ona göstərilən etimaddan daha çox ona qarşı olan təzyiq kimi qiymətləndirib:

scale_1200.jpeg (46 KB)

“1944-cü ildə Dövlət Müdafiə Komitəsi yanında fəaliyyət göstərən nəqliyyat komitəsinin üzvü idim. Hərbi yüklərin daşınmasına cavabdehlik daşıyırdım. Müharibə şəraitində bu olduqca məsuliyyətli və ağır bir iş idi. Biz sutkalarla çöllərdə olurduq. Xüsusilə də hərbi əməliyyatların keçirildiyi ərazilərdə. Məsələnin ən çətin tərəfi isə o idi ki, hərbi yüklərin daşınmasında vəziyyəti məruzə etmək üçün mütləq şəkildə Moskvaya gəlməli idi. Əksər vaxtlarda bu sahə ilə bağlı məruzələri rabitə vasitəsi ilə ötürmək bizə qadağan edilmişdi. Bəzən gecədən xeyli keçmiş Stalin bizi qəbula çağırırdı, mütəmadi olaraq yüz kilometrlərlə məsafəni qət etmək və yenidən geri qayıtmaq vaxt itkisinə səbəb olurdu. 1944-cü ilin soyuq dekabr günlərinin birində də məni Kremlə çağırdılar. Həmin vaxt mən Voronej istiqamətində idim. Gecə təxminən 2-3 radələrində Kremlə çatdım. Məni Stalinin kabinetinə apardılar. Lavrenti Beriya və Kliment Voroşilov da kabinetdə əyləşmişdilər. Beriya mənə gəlməyin haqqında məruzə etməyə imkan vermədi:

unnamed-1.jpg (77 KB)

  • Kovalyov, səni dəmiryolu naziri yox, aviasiya naziri təyin etmək lazımdır. Bəlkə sən onda ölkə başçısının qəbuluna təyyarə ilə vaxtında gələsən.

Mən söhbətin nədən getdiyini bilmirdim, Beriyanın hansı təyinatdan danışdığını anlamırdım. Amma bu atmacanın cavabını verməyi özümə borc bildim:

  • Mən çağırış haqqında məlumat alan kimi yola çıxmışam.

Bu kiçik dialoqdan sonra Stalin ayağa qalxdı:

  • Yoldaş Kovalyov, mən bir təşəbbüs irəli sürdüm, yoldaşlar da onu qəbul etdilər. Biz sizi dəmiryolu komissarı (naziri) təyin edirik. Elə günü sabahdan işə başlayın.

Stalinin bu girişindən sonra Beriya ilə Voroşilov sanki mənə qarşı hücuma başladılar. Necə işləmək lazım olduğunu, hansı  işləri görməyimi, nazir kimi necə mövqe tutmağımı mənə başa salmağa başladılar. Hətta mənim sahəmə aid olmayan işlər haqqında da mənə məsləhətlər verdilər. Bütün bu məsləhətlər elə tonda deyilirdi ki, mən özümü müttəhimlər kürsüsündəki kimi hiss edirdim...”

NFNwFCcew954P.jpeg (36 KB)

Kovalyov çətin və mürəkkəb bir komandanın arasına düşsə də o, öz işinin öhdəsindən lazımi səviyyədə gəlib. Sözsüz ki, Stalin kimi kaprizli və tələbkar bir rəhbərin etimadını doğrultmaq Kovalyova heç də asan başa gəlməyib. Nazir öz xatirələrində Stalinin xarakteri və iş tərzi haqqında da fikirlərini bölüşüb:

“Sərtlik və qəddarlıq Stalinin həyat tərzi idi. Onun kimdənsə razı qalmasını, kiminsə ünvanına tərifli söz deməsini nadir hadisə saymaq olar. Söhbət yüksək ranqlı dövlət məmurlarından gedir. Stalin üçün ölkənin idarə edilməsində birinci şərt hamını qorxu, xof içində saxlamaq olub. Məmurlar sutkanın 12 saatından çoxunu iş başında keçirirdilər. Buna baxmayaraq Stalin onları gecə yarısı da yanına çağırırdı. Bəzən isə bu çağırışlar ən adi bir məsələ üçün olurdu. Yəni, bu gecə çağırışları ilə Stalin özünün mütləq hakimliyini sübut etmək istəyirdi. Stalninin xarakterinin ən dəhşətli tərəfi onun qorxu hissləri idi. O, dəhşətli dərəcədə öldürüləcəyindən, sui-qəsddən qorxurdu. Elə bu səbəbdən də o, hakimiyyətdə olduğu 30 ilin demək olar ki, hamısını Moskvada, Kremldəki kabinetində və bağ evində keçirib. Qatarla hansısa bir səfərə çıxan zaman mən dəmiryolu naziri kimi mütləq şəkildə onun vaqonunda getməliydim, mənim müavinim isə lokomotivdə əyləşməli idi. Hər səfər öncəsi o, öz mühafizə rəisindən əvvəl məni sorğu-suala tuturdu, qatarın hansı yaşayış məntəqələrindən keçəcəyini, təhlükəsizliyini, maşinistlərin peşəkarlığını dəfələrlə soruşurdu. Bu sorğular məni təəccübləndirirdi. Çünki Stalini minlərlə mühafizəçi qoruyurdu. Əvvəlcədən bütün məsələlər təkrar-təkrar yoxlanılırdı. Qorxu Stalində xəstəlik dərəcəsində idi...”

scale_1200 (2).png (240 KB)

Dəfələrlə Beriyanın hədəfinə düşsə də Kovalyov mövcud dövrün repressiya sınaqlarından, həbslərindən çıxmağı bacarıb. Amma o, nazir vəzifəsində çox tab gətirə bilməyib. 1948-ci ildə Stalin onu qəbuluna çağırıb:

  • Yoldaş Kovalyov, yəqin siz özünüz də sizin haqqınızda danışılanlardan xəbərdarsınız. Sizə əfsanəvi dəmiryolçu deyirlər. Mən də buna şübhə etmirəm. Amma siz əfsanəvi nazir ola bilmədiniz. Bu gündən sonra fəaliyyətinizi Mərkəzi Komitədə müşavir kimi davam etdirəcəksiniz.

Bununla da Kovalyov nazir kürsüsü ilə vidalaşıb. Mərkəzi Komitədə müşavir vəzifəsində işləməklə yanaşı o, elmi yaradıcılıqla da məşğul olub, SSRİ Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq  Əlaqələr İnstitutunda baş elm işçi vəzifəsini də daşıyıb.

Mətbuata həmişə açıq olan sabiq nazir Stalin dövrünü təhlil edərkən bir məsələni xüsusilə vurğulayıb:

“Stalini “xalqlar atası” adlandırırdılar, amma o həm də müharibənin ilk illərində səriştəsizliyi ucbatından SSRİ-də yaşayan ayrı-ayrı xalqların yüz minlərlə nümayəndisini məhv edib...”

İvan Kovalyov 1993-cü ildə, 91 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

20.04.2024 15:30
1863