“Nüvə silahını verin, atım Rusiyaya...” - Kiyevdə razılaşma

ABŞ və britaniyalı nazirlər “dala verib”, yoxsa Zelenski istədiyini aldı?

Dünya son günlər bu suala kilidlənib: “ Qərb Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmağa icazə verəcəkmi?” ABŞ ciddi dövlətdir, amma baxın, bu suala Vaşinqtonda bilinən ən azı üç rəsmi mövqe var: parabeyin prezident Bayden “hələ düşünür və müttəfiqlərlə məsləhətləşirəm” deyir, müdafiə naziri Ostin Pentaqonun belə bir ideyanı dəstəkləmədiyini dəfələrlə bəyan edib, təcili Kiyevə gedən dövlət katibi Entoni Blinken isə “bu məsələnin müsbət həll olunacağını güman edir”. Rusiyada da bu sual ətrafında mövqelər haçalanır. Məsələn, Kreml sözçüsü Peskov belə bir icazənin veriləcəyinə şübhə etmir, Dövlət Dumasında isə hesab edirlər ki, Qərb Kiyevdəki dünənki görüşdən sonra “dala verib”.

Belə bir icazə olarsa, aydındır ki, hansısa sənədə imza atmaq lazım olacaq. Bunu elan etmələrinə və ya yaymalarına ehtiyac yoxdur, amma Zelenski sabah məsələn, hərbi tribunalda yaxasının tək əldə qalmasını da istəmir. Rusiyanın dərinliklərini Qərb silahla vurmağı cavabı daha ağır olarsa, o da deyə bilər ki, “mənim ağlım çaşmışdı, bəs siz niyə razı oldunuz?” Bayden də Avropadakı müttəfiqləri də eyni oyunu aparır. “Məsləhətləşirik” o anlama gəlir ki, bu qərarın məsuliyyəti təkcə ABŞ-ın üzərində qalmayacaq. Çünki uzaqmənzilli raketlərin hamısını Amerika vermir. (ABŞ-ın uzaqmənzilli ATACMS raketləri zatən çoxdan Ukrayna ordusunun istifadəsindədir) Almaniya “Tauras”, İngiltərə “Storm Shadow”un, Fransa SCALP uzaqmənzilli raketlərinin Rusiyaya atılmasına razılaşmalıdır. Üstəlik, daha güclü döyüş başlıqları və daha uzun məsafəli raketlər “al, bunu at, biz razıyıq” deməklə iş bitmir. Bu raketlərin atılması üçün mütəxəssislər lazımdır, ən əsası həmin dövlətlərin kosmik müdaxilələri gərəkir...

A-German-Swedish-air-launched-cr.jpg (584 KB)“Tauras”

Kiyevə Anqlosaksonların getməsi ona işarədir ki, Rusiyanı “partlatmaq” qərarın məsuliyyətini daha çox onlar üzərinə götürüblər, zatən müharibənin əsas sponsoru da, Rusiyaya qarşı planlarını gizlətməyən də bu ittifaqdır. Anqlo-Amerika ortaq gündəmindən bizə “xoruzlanan” Fransanın və ya Almaniyanın kənarda qalması yenilik deyil. Onlar illərdir ki, NATO daxilində ABŞ və Britaniyanın dominantlığına etiraz edirlər, amma nə faydası? Dünyanın həm maliyyə, həm hərbi güc baxımdan bu ittifaqla yalnız Rusiya-Çin alyansı müqayisə oluna bilər. O səbəbdən belə qərarları verəndə özlərinin nümayişkarənə üstünlüklərini göstərirlər. Makronun və ya Almaniyanın xarici işlər nazirlərinin Kiyevdə görünməməsinin bir səbəbi də bu ola bilər...

Zelenski isə bu ittifaqın əhatəsində məmnun görünürdü. Ata-anasını İsrailə göndərib, arvadı və ailəsi Londonda, əmlakları Amerika sahillərində... Elə bu aktyor da onların ortaq projesidir...

esas-man.jpg (118 KB)

Böyük Britaniyanın xarici işlər naziri və ABŞ dövlət katibinin Kiyevdə nələri razılaşdıqları haqda dəqiq bilgi yoxdur. Bildirilir ki, Qərb tərəfdaşları Zelenskidən Rusiya ərazisinin hansı dərinliklərinə zərbələr endirəcəyi və daha sonra hansı planları olduğunu soruşublar. Media yazır ki, Kiyevdəki danışıqlar planlaşdırıldığından daha uzun sürüb. Zelenski əmin edib ki, Ukraynanın hədəfi yalnız Rusiyanın bir neçə hərbi obyektlərdir.

“The Guardian” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadən yazır ki, Ukraynanın Rusiyadakı hədəflərə qarşı “Storm Shadow” qanadlı raketlərindən istifadəsinə icazə verilməsi barədə qərar artıq qəbul edilib. Böyük ehtimalla məsələ sabah Böyük Britaniyanın baş nazirinin ABŞ prezidenti Co Bayden arasında Vaşinqtonda keçiriləcək görüşdə elan edilə bilər.

347260822179985.jpg (92 KB)“Storm Shadow” 

Rusiyanın dərinliklərini ağır raketlərlə vurmaq icazə verilərsə, Moskvanın cavabının necə olacağı barədə də Kiyevdə müzakirələr olduğu şübhəsizdir. Seçkiyə az qalmış ABŞ-ın belə bir riskli qərar verməsinin siyasi nəticələr yaxşı olmaya bilər. Rusiya NATO ölkələri ilə həmsərhəd olan Ukraynanın qərb bölgələrinə mümkün qədər ciddi zərbələr vura da bilər. Ona görə ABŞ-ın Zelenskini seçkilərə qədər “icazə üçün səbirli olmağa” razılaşdıra biləcəyi də ehtimallar sırasındadır.

Ukrayna kimi qürurlu dövlətin müharibədə “icazə verin” deyəcək qədər acınacaqlı duruma düşməsinin səbəbləri çoxdur, amma bu rəzilliyin həm itkilər verən, həm dərbədər olan xalqla heç bir əlaqəsi yoxdur. Xalq bu cür məsələlərdə qərar vermək gücündə deyil.

Снимок-28.JPG (45 KB)

“Ola bilsin, daha müasir texnikalar Rusiya işğalını irəliləməyə və ya durdurmağa kömək etsin. Amma həlledici qələbə üçün bu silahlar yetərli deyil. Ukraynaya atom bombası, ya da nüvə başlığı lazımdır!” İki il əvvəl yazdığım bu cümlələr indi də aktualdır. O fikrimdə qalıram ki, Ukraynanı bu durumda heç bir atıcı və yandırıcı silah xilas edə bilməz. Uzaqmənzilli raketlərdən sonra arsenalda nüvə silahı qalır. Zelenski zarafatı xoşlayan adamdır, günlərin birində “nüvə silahını verin, atım Rusiyaya” deyə də bilər...

Nazim SABİROĞLU,
Musavat.com

12.09.2024 08:21
1812