İran ABŞ prezidenti Donald Trampın potensial nüvə sazişindən çıxmayacağına dair zəmanət veriləcəyi təqdirdə uranın zənginləşdirilməsi səviyyəsini azaltmağa hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.
Rəsminin sözlərinə görə, İranın ali lideri Əli Xamenei “qırmızı xətlər” müəyyən edib. Bu xətlər çərçivəsində İslam Respublikası ABŞ-la aparılan danışıqların nəticəsindən asılı olmayaraq uran zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqa qurğularını sökməyəcək və bu prosesi tamamilə dayandırmayacaq.
O bildirib ki, İran 2015-ci il sazişi çərçivəsində razılaşdırılmış səviyyədən aşağı uran ehtiyatlarını azaltmağa da razı deyil.
"Tehranın fikrincə, İranın raket proqramı nüvə sazişinin əhatə dairəsinə daxil ola bilməz və bu məsələ ABŞ-la aparılan danışıqların mövzusu olmayacaq", – deyə yüksək rütbəli İran rəsmisi bildirib.
“Omanda aparılan dolayı danışıqlar zamanı İran tərəfi anlayıb ki, Vaşinqton Tehranın nüvə fəaliyyətini tam dayandırmasını istəmir. Bu isə səmimi və əsaslı danışıqlar üçün ortaq zəmin ola bilər”, – agentlik rəsmiyə istinadən bildirib.
Musavat.com