Noyabrda hansı günlər iş və dərs olmayacaq?

Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən noyabr ayında Azərbaycanda bəzi günlərdə iş olmayacaq.

Bildirilir ki, bu Bakıda keçiriləcək COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədardır.

Təhsil eksperti Elçin Əfəndi qərarı şərh edib və bəzi çaşqınlığa aydınlıq gətirib.

O bildirib ki, 5 günlük işləyənlər üçün: 2, 3, 8, 9, 10, 11, 12, 13, 17, 24 və 30 noyabr tarixləri, 6 günlük işləyənlər üçün: 3, 8, 9, 10, 17 və 24 noyabr tarixləri iş günü olmayacaq.

Respublikanın bütün ərazisində fəaliyyət göstərən tam orta və ümumi orta təhsil müəssisələrində isə şagirdlər üçün bayram və tətil günlərinin bölgüsü ayrıdır.

Belə ki, 2, 3, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 24 noyabr tarixlərində dərs yoxdur.

Orta ixtisas və ali təhsil müəssisələri üçün bayramla əlaqədar tətil və istirahət günləri 2, 3, 8, 9, 10, 11, 12, 13, 17, 24 noyabr tarixinə düşür.

8 noyabr (Zəfər Günü) və 9 noyabr (Dövlət Bayrağı Günü) bayram günləridir. 12-22 noyabr tarixləri arası şagirdlər üçün payız tətilidir. Onlar 23 noyabr tarixindən dərsə başlayacaqlar.

Bakı, Sumqayıt və Abşeron rayonunda təhsil alan tələbələr üçün noyabr ayının 14-dən 25-dək (qeyri-iş günləri nəzərə alınmaqla) dərslər distant formada tədris olunacaq. Qalan digər ərazilərdə ənənəvi qaydada dərslər tədris olunacaq.

Bu ayda bazar günləri 3, 10, 17 və 24 noyabr tarixlərinə təsadüf edəcək.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. 9 noyabr qeyri-iş gününə təsadüf etdiyi üçün həmin günə görə 11 noyabr da qeyri-iş günü hesab olunur.

Beləliklə, 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl olaraq qeyri-iş günləridir.

Şahanə rəhimli
Musavat.com

25.10.2024 14:36
23872