Noyabrda Ermənistanla Azərbaycan arasında müharibə başlayacaq: İrəvanda sensasion iddia

Fransanın Ermənistana “Sezar” artilleriya sistemlərini verməsi ilə bağlı müqavilə imzalanandan sonra İrəvanda müharibə gözləntiləri artıb.

Erməni ekspertlər yeni müharibənin noyabr ayında ola biləcəyini iddia edirlər.

Ümumerməni diplomatlar şurasının üzvü, keçmiş səfir Vaaqn Melikyan bildirib ki, son iki ildə sülhdən bəhs olunsa da, əslində müharibə hazırlıqları müşahidə edilir. O, müharibənin günahkarı kimi Azərbaycanı göstərsə də, Ermənistanın silah sövdələşməsinə də diqqət çəkir.

“Silahlarla bağlı sövdələşmə təsdiq edir ki, sülhdən bəhs olunsa da, arxa planda müharibə hazırlığı aparılır”, - o deyib.

Melikyan Ermənistan hökumətini növbəti müharibəyə yaxşı hazırlaşmamaqda ittiham edib.

“Henaket” mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan da iddia edir ki, Azərbaycan və Ermənistan arasında müharibə hazırlığı gedir. O əlavə edib ki, mümkün müharibədə Ermənistanı ağır məğlubiyyət gözləyir.

Erməni ekspertlərin növbəti hərbi toqquşmanın noyabr ayında ola biləcəyinə dair iddiaları diqqət çəkir. Noyabrda Bakıda CVOP29 tədbiri keçiriləcək və bu vaxta qədər Bakı-İrəvan arasında sülh sazişinə dair irəliləyişin əldə edilməsi gözləntiləri var. Mümkündür ki, Ermənistan COP29 tədbiri ərəfəsində sərhəddə təxribatlar törədərək, sülh gündəliyini arxa plana keçirməyə cəhd etsin. Çünki rəsmi İrəvan sülh gündəliyinə daxil olan məsələləri öz maraqlarına uyğun hesab etmir. Erməni ekspertlərin iddiaları da noyabrda mümkün təxribatlar öncəsi ictimai rəyi hazırlamaq məqsədi daşıya bilər. (Publika.az)

21.06.2024 14:55
5591