Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyası üzvlüyündən istefa verib.

Bu barədə pravda.az Novella Cəfəroğlunun açıqlamasını yayıb.

"Müsavat Partiyasına istefa məktubumu göndərdim. Partiya sədri İsa Qəmbər məktubu alıb. Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Əlbəttə ki, istefamı qəbul edəcəklər. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, dostluqdan getməmişəm" - deyə Novella Cəfəroğlu bildirib.

Musavat.com xəbər verir ki, Novella Cəfəroğlu ilə Müsavat Partiyasının rəhbərliyi arasında 1 sentyabr parlament seçkilərinə münasibətdə fikir ayrılığı yaranıb.

Novella Cəfəroğlunun rəhbərlik etdiyi “Mənim səsim” seçki Monitorinq Koalisiyasının seçki günü ilə bağlı hazırlayıb yaydığı hesabatda seçkilərin heç bir problem yaşanmadan, qanunauyğun və düzgün keçirildiyinin bildirilməsi Müsavat Partiyasının rəhbərliyini narazı salıb. Onlar bu hesabatdakı fikirlərlə Müsavat Partiyasının seçkilərlə bağlı mövqeyinin bir-birinə zidd olduğunu, hesabatın reallığı əks etdirmədiyini əsas göstərərək Novella Cəfəroğlundan izahat tələb ediblər. Hətta bəzi Müsavat rəsmiləri buna görə Novella xanımın məsələsinin partiyada müzakirəyə çıxarıla biləcəyini iki gün öncə açıqlamışdılar.

Musavat.com

11.09.2024 15:35
1147