Novakdan Qazaxıstana müəmmalı zəng: OPEK+ daxilində narazılıqlar...

Rusiya və Qazaxıstan OPEC+ çərçivəsində kvotadan artıq neft hasilatını tam kompensasiya etmək niyyətindədirlər. Ölkələr OPEC katibliyinə yenilənmiş kompensasiya cədvəllərini təqdim edəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevlə telefon danışığından sonra Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novakın ofisində jurnalistlərə məlumat açıqlanıb.

Məlumatda qeyd olunur ki, tərəflər qlobal neft bazarlarının sabitləşdirilməsində OPEC-in rolunun, əməkdaşlığın və sazişlərə əməl olunmasının, o cümlədən hasilatın könüllü azaldılmasının və razılaşdırılmış həddən artıq hasilatın ödənilməsinin vacibliyini vurğulayıblar.

OPEK-in saytında yerləşdirilən cədvələ əsasən, Rusiya 2025-ci ilin sentyabr ayının sonuna kimi ayrı-ayrı aylarda kiçik istisnalarla hasilatı ümumi şəkildə sutkada 480 min barel azaltmalıdır.

Artıq neft hasilatını kompensasiya etməyi öhdəsinə götürən OPEC+-un “borcluları” arasında İraq və Qazaxıstan da var. Bu ölkələr, cədvələ uyğun olaraq, avqust ayında əlavə hasilatın azaldılmasına başlamalı idilər. İraq OPEC+ razılaşmalarına tam əməl etmək üçün 2025-ci ilin sentyabrına qədər neft hasilatını sutkada 1,44 milyon barel, Qazaxıstan isə 699 min barel azaltmalıdır.

Qeyd edək ki, bir sıra nüfuzlu xarici agentliklər OPEK+ ölkələrinin xeyli hissəsinin kvotaların dayandırılması, hasilatın sərbəst buraxılmasını tələb etdiklərinə dair məlumatlar yayırlar. Onlar bazardan çıxarılan həcmlərin OPEK+a qoşulmayan ABŞ, Kanada və Braziliya tərəfindən tutulmasını əsas gətirirlər. Hələ iyun ayında bu mövqedə olan ölkələr arasında Qazaxıstan və İraqın adı çəkilirdi. İraqın enerji naziri açıq şəkildə ölkəsinin sazişdən çıxmaq istədiyini açıqlamışdı.

A.Novakın Qazaxıstanın energetika nazirinə zəngi göstərir ki, OPEK+ daxilində narazılıqlar getdikcə artır və Rusiya bunun qarşısını almağa çalışır.

 

Musavat.com

02.11.2024 00:32
282