“Rusiya neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə əməl edir”.
Musavat.com-un xəbərinə görə, bu açıqlamanı “Rossiya-24” telekanalının efirində Rusiya baş nazirinin müavini Aleksandr Novak verib.
Onun dediyinə görə, hazırda Rusiyanın gündəlik neft hasilatı 9,5 milyon barel təşkil edir: “Bu, mart ayından etibarən hasilatın 500 min barel azaldılması ilə bağlı könüllü öhdəliyə tam əməl edilməsi deməkdir. Bundan əlavə, biz avqust-sentyabr aylarında ixracı da azaltmaqla bazarda qiymət balansını qorumağa çalışırıq”.
Qeyd edək ki, Rusiya fevral ayında martdan etibarən gündəlik hasilatı 500 min barel azaldacağını elan edib. Bunu bazardakı neft təklifini azaltmaq məqsədi ilə izah edən Moskva eyni zamanda şübhəli şəkildə martdan etibarən hasilat göstəricilərinin açıqlanmasını dayandırıb. Son açıqlamada fevralda gündəlik hasilatın kondensatsız 9,9 milyon barel təşkil etdiyi bildirilirdi. Lakin aprel-may aylarında beynəlxalq analitik mərkəzlərin hesablamaları nəticəsində məlum olub ki, Rusiya gündəlik hasilatı cəmi 270 min barel – 9,6 milyon barelə qədər azaldıb.
Novakın açıqladığı göstərici hasilatın heç də 500 min barel tam azaldılmadığını göstərir.
Musavat.com