2023-cü ildə mənfəəti 3,7 dəfə azalan şirkət paylarını SOCAR-a satıb; ekspert deyir ki, bundan sonra çox qısa müddətdə “Qarabağ” yatağının işlənməsinə başlanması üçün tədbirlər görülməlidir
Dekabrın 22-də SOCAR prezidenti Rövşən Nəcəfin “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
SOCAR-dan “Yeni Müsavat”a verilən məlumata görə, görüşdə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı-Tiflis-Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.
Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27 faiz, BTC boru kəmərində 8,71 faiz, “Qarabağ” yatağında isə 50 faiz iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25 faiz, BTC-də 25 faiz, “Qarabağ” yatağında isə 50 faiz təşkil edib.
İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Equinor şirkətinin məsələ ilə bağlı yaydığı açıqlamada Filip Matyöyə istinadən bildirilir ki, Azərbaycandakı aktivlərin satılması şirkətin ümumi siyasəti ilə bağlıdır: “Equinor beynəlxalq neft və qaz biznesini yenidən təşkil etmək prosesindədir və Azərbaycanda aktivlərin satışı bizim beynəlxalq portfelimizi cəmləşdirmək strategiyamıza uyğundur.
Azərbaycan son 30 ildə “Equinor”un beynəlxalq portfelinin mühüm hissəsi olub. SOCAR və digər AÇG tərəfdaşları ilə birlikdə biz həm tərəfdaşlıq, həm də Azərbaycan cəmiyyəti üçün əhəmiyyətli dəyər yaratmışıq. SOCAR Azərbaycanda aktivlərin dəyərini artırmaq üçün yaxşı mövqeyə malikdir. Biz uzunmüddətli sıx əməkdaşlığı yüksək qiymətləndiririk".
Xatırladaq ki, bu ilin avqustunda Bloomberg Agentliyi məlumatlı mənbəyə istinadən Norveç şirkətinin Azərbaycandakı bütün aktivlərini satmaq niyyətində olduğuna dair material yaymışdı. Məlumatda qeyd edilmişdi ki, bu məqsədlə “Equinor Jefferies Financial Group Inc.” şirkəti ilə alıcıların aktivlərə marağının qiymətləndirilməsi üzərində işləyir: “Mənbənin sözlərinə görə, aktivlərin dəyəri 1 milyard dollar ətrafında qiymətləndirilir”.
Bloomberg “Equinor”un layihədəki payına maraq göstərənlər arasında SOCAR, ABŞ-nin ExxonMobil və Yaponiyanın Inpex şirkətlərinin adını çəkmişdi.
Qeyd edək ki, Equinor (əvvəlki adı Statoyl) Azərbaycanda 1994-cü ildən işləyirdi. Ölkənin ən böyük enerji layihəsi olan AÇG-də 7,27 faizlik paya sahib idi. Bundan başqa, şirkətin yataqdan hasil olunan nefti Türkiyənin Ceyhan limanına daşıyan Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərində 8,71 faiz payı vardı.
“Equinor” Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz” layihəsində də paya sahib idi, həmçinin layihənin maliyyə operatorluğunu həyata keçirirdi. 2014-cü ildə “Statoil” neft-qaz şirkəti “Şahdəniz” layihəsindəki 15,5 faizlik iştirak payını Malayziyanın “Petronas” şirkətinə satıb. “Statoil”un rəsmi saytında açıqlanan məlumata görə, sazişin ümumi dəyəri 2,2 milyard ABŞ dolları təşkil edib. 2021-ci ildə isə Petronas “Şahdəniz”dəki payını bp, SOCAR və Rusiyanın “Lukoyl” şirkətinə satıb.
“AÇG” və BTC layihələrindən əlavə, “Equinor” Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağı, “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv strukturlarının işlənməsi layihələrində iştirak edib. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışdılar. Sazişə əsasən, şirkətlər bərabər paya malikdirlər. İlkin qiymətləndirmələrə görə, “Qarabağ”da 60 milyon tondan yuxarı neft ehtiyatı var. 2020-ci ildə SOCAR və “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. Yataqdan hasilatın başlanması üçün işlərə başlanılıb.
“Equinor”un Azərbaycandakı digər aktivi “Əşrəfi-Dan Ulduzu-Aypara”perspektiv strukturlarının işlənməsi layihəsindəki 50 faizlik payıdır. 31 may 2018-ci il tarixində SOCAR ilə “Equinor” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara”perspektiv strukturların işlənməsi haqqında müqavilə imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb. Saziş iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib. 13 milyard kubmetr qaz və 17 milyon ton kondensat ehtiyatı ilə “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub.
Qeyd edək ki, nə SOCAR, nə də Equinor yaydıqları məlumatda alqı-satqı müqavilələrinin dəyərini açıqlamayıblar.
İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, “Equinor”un Azərbaycanın neft-qaz layihələrindən çıxmasını müsbət hadisə kimi dəyərləndirmək qeyri-mümkündür: “”Equionor"u yalnız neft-qaz sənayesinin ən böyük şirkəti kimi qiymətləndirmək düzgün olmazdı. O həm də texnoloji şirkətdir, kifayət qədər böyük bilik və bacarıqlara sahib olan və bu sahədə sürətlə irəliləyən şirkətdir. Beş ildir ki, adını “Statoyl”dan “Equinor”a dəyişməklə strategiyasındakı dəyişikliyi diqqətə çatdırır. Belə bir şirkətin Azərbaycanın enerji sektorundan getməsi yaxşı hal deyil. Xəzərin enerji resurslarının mənimsənilməsində rolu kifayət qədər yüksəkdir. Doğrudur, “Equinor” bp kimi Azərbaycan layihələrində mövqeyə sahib olmayıb. Amma hər bir halda, 1994-cü ildən burada olan bir şirkətin indi ölkəni tamamilə tərk etməsi heç də müsbət hadisə deyil".
Ekspert "Equinor"un bütün paylarının SOCAR tərəfindən alınmasını təəccüblü hesab edir: ""Equinor"un payları çoxmilyardlıq dəyərə malikdir. Düzü, mənim üçün müəmmalıdır ki, SOCAR bu qədər vəsaiti haradan alıb alqı-satqı prosesini başa çatdıracaq. “Qarabağ” müstəqil Azərbaycanda açılan ilk neft yatağıdır. Onun işlənməsi layihəsi vaxtında icra olunmadı. Burada həm “Equinor”un, həm də SOCAR-ın məsuliyyəti var. Azərbaycan bu gün neft hasilatının azalması dövrünü yaşayır. Bu perspektivi ən azı 10 il əvvəldən görmək və “Qarabağ”ın işlənməsini vaxtında həyata keçirmək lazım idi. Beş ildən sonra dünyada neftə tələbatın hansı həddə olacağını, qiymətin 20 dollara düşməyəcəyini bilmək mümkün deyil. Vaxtında “Qarabağ” yatağı işlənib hasilata başlansaydı, indi biz belə kəskin azalma ilə üzləşməzdik. Düşünürəm ki, bundan sonra çox qısa müddətdə yatağın işlənməsinə başlanması üçün tədbirlər görülməlidir".
Onu da bildirək ki, 2023-cü ilin üçüncü rübündə təbii qaz qiymətlərinin aşağı düşməsi fonunda “Equinor”un xalis mənfəəti 3,7 dəfə azalıb. Şirkətin yaydığı məlumata görə, iyul-sentyabr aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 9,37 milyard dollara nisbətdə 2,5 milyard dollar təşkil edib. Birdəfəlik faktorlar nəzərə alınmadan mənfəət bir il əvvəlki 24,47 milyard dollardan 8,02 milyard dollara qədər azalıb.
Şirkətin rüblük gəliri 1,7 dəfə azalaraq 26 milyard dollar təşkil edib.
Üçüncü rübdə "Equinor"un hasilatı bir il əvvəlki 2,021 milyon bareldən sutkada 2,007 milyon barel neft ekvivalentinə qədər azalıb. Eyni zamanda, karbohidrogenlərin orta satış qiyməti 14 faiz azalıb.
Şirkət bütün cari il üçün istehsal həcminin 2022-ci ilə nisbətən 1,5 faiz çox olacağını gözləyir. Əvvəllər o, 3 faiz artım proqnozlaşdırmışdı.
Şirkət 2023-cü ildə kapital qoyuluşlarının 10-11 milyard dollar, 2024-2026-cı illərdə isə illik 13 milyard dollar olacağı proqnozunu təsdiqləyib.
Qeyd edək ki, son illərdə AÇG yatağında hasilat sürətlə azalır. Yataqda hasilatın azalmasının qarşısını almaq, onu stabil həddə saxlamaq üçün “Azəri Mərkəzi Şərqi” (ACE) platforması inşa olunub. Hazırda platformada ilk quyunun qazılması prosesi gedir. Hasilatın 2024-cü ilin martında başlanması nəzərdə tutulur. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Xatırladaq ki, AÇG-nin işlənməsinə dair 1994-cü ildə imzalanan müqavilə 30 illik müddəti əhatə edirdi. Bu müddət 2024-cü ildə başa çatmalı idi. Lakin 2017-ci ildə layihə iştirakçıları ilə Azərbaycan hökuməti arasında onun yenilənməsinə dair müqavilə imzalandı, layihənin müddəti 2050-ci ilədək uzadıldı. Yeni layihədə pay bölgüsü beləydi: BP - 30,37 faiz (operator), AzACG (SOCAR) - 25 faiz, MOL - 9,57 faiz, “Inpex” - 9,31faiz, “Equinor” (keçmiş “Statoil”) - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, TPAO - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Ltd.” (OVL) - 2,31 faiz
Pandemiyadan əvvəl ABŞ-nin Chevron və ExxonMobil şirkətləri də AÇG və BTC-dəki paylarını satmaq istəyiblər. 2020-ci ildə “Chevron” AÇG-dəki 9,57 faiz və BTC-dəki 8,9 faizlik payını Macarıstanın MOL şirkətinə 1,57 milyard dollara satdı. Lakin səhmlərin satışından 2 milyard dollar qazanmaq istədiyini elan edən ExxonMobil alıcı tapa bilmədi.
Dünya SAKİT,
“Yeni Müsavat”