Norveçin enerji nəhəngi Azərbaycandan gedir?

İlham Şaban: “Bu, gözlənilməz xəbər oldu”...

Daha bir qlobal şirkət Azərbaycanın əsas neft mənbəyi olan “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsindən çıxmağa hazırlaşır. Söhbət Norveçin enerji nəhəngi “Equinor” şirkətindən gedir.

Bloomberg Agentliyinin məlumatlı mənbəyə istinadən yaydığı məlumata görə, Norveç şirkəti AzərBloomberg Agentliyinin məlumatlı mənbəyə istinadən yaydığı məlumata görə, Norveç şirkəti Azərbaycandakı bütün aktivlərini satmaq niyyətindədir. Bu məqsədlə Equinor Jefferies Financial Group Inc. Şirkəti ilə alıcıların aktivlərə marağının qiymətləndirilməsi üzərində işləyir: “Mənbənin sözlərinə görə, aktivlərin dəyəri 1 milyard dollar ətrafında qiymətləndirilir”.

Bloomberg “Equinor”un layihədəki payına maraq göstərənlər arasında SOCAR, ABŞ-nin ExxonMobil və Yaponiyanın Inpex şirkətlərinin adını çəkir. Agentliyin mənbələri bildiriblər ki, yaxın həftələrdə Norveç şirkətinin Azərbaycandakı aktivlərinin alışı üçün müraciətlərin alınması gözlənilir. Lakin bu müraciətlərin real razılaşma ilə nəticələnəcəyinə əminlik yoxdur.

Qeyd edək ki, Equinor (əvvəlki adı Statoyl) Azərbaycanda 1994-cü ildən işləyir. Ölkənin ən böyük enerji layihəsi olan AÇG-də 7,27 faizlik paya sahibdir. Bundan başqa, şirkətin yataqdan hasil olunan nefti Türkiyənin Ceyhan limanına daşıyan Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərində 8,71 faiz payı var.

“Equinor” Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz” layihəsində də paya sahib idi, həmçinin layihənin maliyyə operatorluğunu həyata keçirirdi. 2014-cü ildə “Statoil” neft-qaz şirkəti  “Şahdəniz” layihəsindəki 15,5 faizlik iştirak payını Malayziyanın “Petronas” şirkətinə satıb. “Statoil”un rəsmi saytında açıqlanan məlumata görə, sazişin ümumi dəyəri 2,2 milyard ABŞ dolları təşkil edib. 2021-ci ildə isə Petronas “Şahdəniz”dəki payını bp, SOCAR və Rusiyanın “Lukoyl” şirkətinə satıb.

“AÇG” və BTC layihələrindən əlavə, “Equinor” Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağı, “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv strukturlarının işlənməsi layihələrində iştirak edir. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışdılar. Sazişə əsasən, şirkətlər bərabər paya malikdirlər. İlkin qiymətləndirmələrə görə, “Qarabağ”da 60 milyon tondan yuxarı neft ehtiyatı var. 2020-ci ildə SOCAR və “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. Yataqdan hasilatın başlanması üçün işlərə başlanılıb. 

“Equinor”un Azərbaycandakı digər aktivi “Əşrəfi-Dan Ulduzu-Aypara”perspektiv strukturlarının işlənməsi layihəsindəki 50 faizlik payıdır. 31 may 2018-ci il tarixində SOCAR ilə “Equinor” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara”perspektiv strukturların işlənməsi haqqında müqavilə imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb. Saziş iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib. 13 milyard kubmetr qaz və 17 milyon ton kondensat ehtiyatı ilə “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub.

Onu da bildirək ki, 2020-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsini ABŞ-nin “Chevron” şirkəti də tərk edib. Həmin il Macarıstanın MOL şirkəti “Chevron”la “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərində pay almaq üçün saziş imzalayıb. “MOL Group” “Chevron” şirkətinin AÇG-dəki 9,57 faiz və BTC-dəki 8,9 faizlik payını almaq üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 1,57 mmilyard ABŞ dolları təşkil edib.

Son illərdə ABŞ-nin ExxonMobil şirkəti də bir neçə dəfə AÇG-dəki 6,79 faizlik payını satmağa cəhd edib. Hətta 2020-ci ildə onun artıq potensial alıcı ilə razılaşdığına dair məlumat yayılıb. Lakin alqı-satqı baş tutmayıb.

Xatırladaq ki, AÇG-nin işlənməsinə dair 1994-cü ildə imzalanan müqavilə 30 illik müddəti əhatə edirdi. Bu müddət 2024-cü ildə başa çatmalı idi. Lakin 2017-ci ildə layihə iştirakçıları ilə Azərbaycan hökuməti arasında onun yenilənməsinə dair müqavilə imzalandı, layihənin müddəti 2050-ci ilədək uzadıldı. Hazırda layihədə pay bölgüsü belədir: BP - 30,37 faiz (operator), AzACG (SOCAR) - 25 faiz, MOL - 9,57 faiz, “Inpex” - 9,31faiz, “Equinor” (keçmiş “Statoil”) - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, TPAO - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Ltd.” (OVL) - 2,31 faiz.

Son illərdə AÇG-də hasilatın səviyyəsi sürətlə aşağı düşür. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin birinci yarısında Azərbaycanda 15, 2 milyon ton neft hasil olunub ki, bu da əvvəlki illə müqayisədə 7,7 faiz azdır. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilat 3,9 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin göstəricisinə bərabərdir. Yəni altı aydakı azalma sırf “Azəri-Çıraq-Günəşli”də qeydə alınıb. Layihənin  operatoru bp şirkətinin yaydığı məlumatdan aydın olur ki, 2023-cü ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın ümumi həcmi ötən ilin analoji dövründəki gündəlik 424 min barellə müqayisədə gündə orta hesabla 375 min barel olub. Bu isə o deməkdir ki, AÇG-də hasilat illik hesablamada 11,6 faiz azalıb: “2023-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat - Çıraq (23 000), Mərkəzi Azəri (98 000), Qərbi Azəri (91 000), Şərqi Azəri (61 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə - gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel və ya 9 milyon ton olub”.

Hazırda yataqda hasilatın azalmasının qarşısını almaq, onu stabil həddə saxlamaq üçün “Azəri Mərkəzi Şərqi” (ACE) platforması inşa olunur. BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin dediyinə görə, tikilən “Azəri Mərkəzi Şərqi” platforması sayəsində BP “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda neft hasilatının stabilləşməsini hədəfləyir. Onun fikrincə, növbəti bir neçə il ərzində AÇG-də neft hasilatı kifayət qədər stabil səviyyədə olacaq, lakin müəyyən azalma da müşahidə oluna bilər.

Yeni platformada ilk neftin çıxarılması gələn ilin əvvəlində gözlənilir. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Maraqlıdır, “Equinor” Azərbaycandakı aktivlərini niyə satmaq qərarına gəlib? Burada əsas aktiv olan AÇG-də hasilatın azalması nə qədər rol oynayır?

İlham Şaban: “Neftin qiyməti bu səbəblərə görə bahalaşır” - 20.12.2020,  Sputnik Azərbaycan

İlham Şaban

Sualları cavablandıran enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, indiyədək “Equinor”un “Qarabağ” yatağındakı işlənmə layihəsində fəaliyyətini davam etdirməyəcəyinə dair bir neçə dəfə məlumat yayılıb: “Düzü, ”Equinor"un Azərbaycandakı layihələrdən çıxacağına dair xəbərlər yenilik sayılmaz. Xüsusilə də bu ilin aprelindən belə tip xəbərlər tez-tez dövriyyəyə buraxılır. Şirkətin bundan sonra “Qarabağ” yatağının işlənməsində iştirak edə bilməyəcəyi deyilirdi. “Equinor” bildiyiniz kimi, dövlət şirkətidir. Norveç hökumətinin qərarı ilə şirkət yeni neft yatağının işlənməsinə sərmayə yatırmamalıdır. Lakin Bloombergin yazdığı gözlənilməzdir. Belə çıxır ki, 29 illik fəaliyyətdən sonra Norveç şirkəti Azərbaycanı tamamilə tərk edir".

Ekspertə görə, “Equinor”un aktivlərini neçəyə satması əsas deyil: “Bizim üçün fərqi yoxdur, ”Equinor" payını neçəyə satır. Əsas odur ki, o payı layihənin yaratdığı maliyyə öhdəliklərini yerinə yetirməyə qadir olan bir şirkət alsın. Layihələrin irəliləməsi baxımından bizim üçün maraqlı olan yeganə amil budur. Xatırlayırsınızsa, pandemiyadan əvvəl ABŞ-nin Chevron və ExxonMobil  şirkətləri də AÇG və BTC-dəki paylarını satmaq istədilər. Chevron satdı, amma səhmlərin satışından 2 milyard dollar qazanmaq istədiyini elan edən ExxonMobil alıcı tapammadı. İndi də bizim üçün əsas məsələ müqavilə öhdəliklərinə əməl etmək qabiliyyətində olan şirkətlə işləməkdir".

Məlumat üçün bildirək ki, “Equinor” şirkətinin xalis mənfəəti 2023-cü ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azalaraq 6,762 milyard dollardan 1,829 milyard dollara düşüb. Analitiklər orta hesabla şirkətin gəlirinin 2,21 milyard dollara düşəcəyini proqnozlaşdırmışdılar.

Equinorun dürüstləşdirilmiş gəliri bu ilin ikinci rübündə ötənilki 17,566 milyard dollardan 7,543 milyard dollara düşüb. Şirkətin özünün konsensus-proqnozunda bu göstərici 7,64 milyard dollar idi.

İkinci rübdə şirkətin gəliri illik ifadədə 37 faiz azalaraq 22,87 milyard dollar təşkil edib. Hasilatı isə ötənilki gündəlik 1,984 milyon barel neft ekvivalentindən 1,994 min barelə yüksəlib. Lakin enerjidaşıyıcılarının orta satış qiymətinin 34 faiz azalması şirkətin gəlirlərində də kəskin düşməyə səbəb olub.

Equinor son illərdə bərpa olunan enerji layihələrinə ən çox investisiya yatıran enerji şirkətlərindən birinə çevrilib.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

23.08.2023 08:38
2482