Norveç şirkəti Avropanın əsas qaz təminatçısına çevrilib

Norveçin neft-qaz şirkəti Equinor Avropanın əsas qaz təminatçısına çevrilib.

Musavat.com xəbər verir ki, bunu statistik məlumatlar əsasında Bloomberg yayıb.

Agentlik qeyd edir ki, Norveç Avropanın qaz idxalının 30 faizini təmin edir. 2023-cü ildə ölkə Avropa ölkələrinə 109 milyard kubmetrdən çox qaz tədarük edib ki, bunun təxminən üçdə ikisi Equinor-a məxsus olub. Agentlik xatırladır ki, 2022-ci ilin fevralına qədər Avropanın əsas qaz tədarükçüsü Rusiyanın qaz nəhəngi “Qazprom” olub, çünki şirkət qoca qitənin qaza olan tələbatının təxminən 35 faizini təmin edib.

Bloomberg qeyd edir ki, bu vəziyyət Avropa liderlərinin bir təchizatçıya həddən artıq güvənərək ölkələrini riskə atıb-atmaması ilə bağlı suallar doğurur. Norveç Avropaya enerji təchizatında uzun və ardıcıl tarixə malik etibarlı ticarət tərəfdaşı kimi qəbul edilsə də, elektrik enerjisinin qiymətlərinə təsir edən uzunmüddətli fasilələr və texniki xidmət problemləri bütün qitədə öz təsirini göstərib.

Musavat.com

13.05.2024 18:21
789