Norveçin xarici işlər naziri Anniken Huitfeldt Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış və ədalətli sülh sazişinin əldə olunmasını dəstəklədiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Norveç hökumət dəftərxanasının rəsmi press-relizində Cənubi Qafqazda sabitliyin və regional münaqişələrin sülh yolu ilə həllinin olduqca vacib olduğu qeyd edilir. “Demokratik proseslərə verdiyimiz dəstək və münaqişələrin qarşısının alınması çox vacibdir”, - deyə xarici işlər naziri Anniken Huitfeldt bildirib.
“Biz Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış və ədalətli sülh sazişini dəstəkləyirik. Bu, Cənubi Qafqazda sülhün açarıdır”, - deyən Norveç XİN rəhbəri əlavə edib ki, oktyabrın 6-da Praqada hər iki tərəfin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması sülh sazişinin imzalanacağına ümid verir.