Nömrəsiz avtomobili sürən şəxs saxlanıldı

Normativ tələbləri pozaraq avtomobilin avadanlığını dəyişdirən, ön dövlət qeydiyyat nişanını çıxaran, təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə edən və bu hərəkətləri sosial şəbəkədə təbliğ edən şəxs müəyyən edilərək saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev məlumat verib.

Onun sözlərinə görə, Şamaxı rayon sakini Sərxan Vüqar oğlu Məmmədov 56-BF-644 dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi inzibati hüquq pozuntularına görə Müşfiq qəsəbəsində yerləşən stasionar postda saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Sərxan Məmmədov avtomobili etibarnaməsiz idarə edib və bu qanunsuz hərəkətləri sosial şəbəkədə yaymaq məqsədilə törədib. Hazırda etdiyi əməllərdən peşman olduğunu bildirib. Şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri görülüb.

M.Ağayev bir daha sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, ölkəmizdə sürücü mədəniyyətinin formalaşmasına töhfə verməyə və böyüyən gənc nəsil üçün yaxşı nümunə olmağa çağırıb.

21.08.2024 21:25
1098