Artıq “Nobel həftəsi” bitib və Nobel mükafatı laureatlarının adları açıqlanıb. Müxtəlif sahələrə verilən mükafatların içində hər zaman daha çox müzakirə olunan Nobel Sülh Mükafatının kimə və ya hansı təşkilata verilməsidir. Onun laureatları tez-tez ən qızğın müzakirələrə səbəb olurlar.
Tarixə nəzər salsaq, mübahisə doğuran nüanslardan biri 1933-1944-cü illərdə ABŞ prezidenti Franklin Ruzveltin administrasiyasında dövlət katibi (xarici işlər naziri) vəzifəsində çalışan Kordell Hallun bu mükafatı alması olub. O, 1939-cu ildə nasist Almaniyasından olan 950 yəhudi qaçqını daşıyan gəminin Amerika limanına daxil olmasına qəti şəkildə qarşı çıxıb. Nəticədə Sent-Luis gəmisindəki bir çox sərnişin Avropaya geri qaytarılıb və sonradan Holokost zamanı ölüb.
ABŞ-nin digər dövlət katibi Henri Kissincerin ali sülh mükafatına layiq görülməsi də mübahisə ilə nəticələnib. 1973-cü ildə o, Vyetnam müharibəsini “bitirən” Paris razılaşmasının əldə edilməsində oynadığı rola görə Nobel Sülh Mükafatını alıb. Kissincer mükafatı Şimali Vyetnam tərəfindən Paris sülh danışıqlarında tərəfdaş olan vyetnamlı siyasətçi Le Dık Tho ilə bölüşməli idi.
Kissincer mükafatı qəbul etsə də, Le Dık Tho Paris razılaşmasının müharibəyə son qoymadığını deyərək medaldan imtina edib. Doğrudan da, müharibə cəmi iki ildən sonra, 1975-ci ildə başa çatıb. Mükafat Kissincerə verildikdən sonra Norveç komitəsinin iki üzvü etiraz əlaməti olaraq istefa verib.
Qurumun qərarında ən böyük səhv keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Sergeyeviç Qorbaçova sülh mükafatının təqdim edilməsi idi. Qorbaçov əməllərinə görə nəinki həmin mükafata layiq deyildi, həm də bu ali mükafatın şərəfinə xələl gətirən şəxslərdən biri hesab olunurdu.
1986-cı ildə Almatıda və 1990-cı ildə Bakıda günahsız dinc əhalinin qətliamına dair göstəriş verən keçmiş SSRİ lideri həmin ilin oktyabrında Nobel Sülh Mükafatına layiq görülüb. SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov özünün yazdığı “Həyat və islahatlar” kitabındakı memuarlarında 20 yanvar qırğının məsuliyyətini dolayısı yolla olsa da, etiraf edib: “Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”.
Sülh üzrə Nobel mükafatına layiq görülmüş digər “şübhəli şəxs” Riqoberta Mençudur. Yazıçı Qvatemalada 1970-1980-ci illərdə maya xalqının məhv edilməsi haqqında yazdığı “Mən, Riqoberta Mençu” kitabına görə 1992-ci ildə Nobel Sülh Mükafatını qazanıb. Kitab böyük beynəlxalq rəğbət qazanıb, 12 dilə tərcümə edilib.
Bununla belə, amerikalı antropoloq Devid Stoll bildirib ki, yazıçı kitab oxucuya daha çox emosional təsir göstərsin deyə bir çox hadisələri şişirdib. Birincisi, Mençu heç bir təhsil almadığını iddia edir, bu, doğru deyil. Sonradan məlum olub ki, qadın yazıçı qardaşının işgəncə və qətlinin şahidi olmayıb. Belə ki, bu acı tale anasının başına gəlib.
“Kimi terrorçudur, kimi azadlıq döyüşçüsü” - bu cümlə “Tayms” qəzetində Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat 1994-cü ildə Sülh Mükafatını İsrailin baş naziri İsak Rabin və İsrailin xarici işlər naziri Şimon Pereslə bölüşdükdən sonra yazılıb. Norveç Nobel Komitəsi bu üçlüyü Yaxın Şərqdə qardaşlığın yeni inkişafı üçün imkanlar yaratmalı olan Oslo müqavilələrinin bağlanmasına görə mükafatlandırıb.
Ən mübahisəlisi isə Ərəfatın mükafatına reaksiya olub. “Onlar buna sülh deyirlər: Nobel Sülh Mükafatının hekayəsi” kitabının müəllifi Cey Nordlinqer onu “mükafat qazanmış ən pis insan” adlandırıb.
ABŞ-ın Kentukki Universitetinin tarix professoru Pol Tomas Çemberlen “New York Times” köşəsində yazıb: “Dünənki terrorçuların sabahın sülhməramlılarına çevrilmə tendensiyası mövcuddur”. Norveç Nobel Komitəsinin üzvlərindən biri Kare Kristiansen isə Ərəfatın mükafatlandırılmasına etiraz olaraq istefa verib.
Nobel Sülh Mükafatının verilməsi mexanizmi istər-istəməz onun ekspertlərinin səriştəsini şübhə altına alır. ABŞ-ın ilk qaradərili prezidenti Barak Obama mükafatı “avans” kimi almışd - vəzifəyə gələndən 10 ay sonra. Ancaq Obama da digər sələfləri kimi digər ölkələrin ərazilərində fəal şəkildə hərbi kampaniyalar apardı.
Hətta Barak Obamanın dönəmində Əfqanıstanda başqa bir mükafatçının xəstəxanası bombalanıb. Norveç Nobel Komitəsinin keçmiş katibi Geyr Landestad da “Sülh katibi” kitabında ABŞ prezidenti Barak Obamaya sülh mükafatının verilməsinin komitənin ümidlərini doğrultmadığını yazıb. Ancaq bu, ona baha başa gəlib.
2012-ci ildə Avropa İttifaqı da Nobel Sülh Mükafatını qazanıb. Qərar belə əsaslandırılıb: “Avropada sülh və barışıq, demokratiya və insan haqlarının təşviqinə altı onillik töhfəsi üçün”.
Halbuki, mükafat Aİ-yə iqtisadi böhran içində boğulan Yunanıstan, Portuqaliya və İspaniyanı bürüyən etirazların fonunda verilib. “Assoşieyted Press” xəbər agentliyi hətta qeyd edib ki, Aİ “ən kəskin daxili böhran zamanı” mükafat qazanıb.
Bütövlükdə sülh mükafatı laureatlarına verilən medal digərlərindən bir qədər fərqlidir. Birincisi, ön tərəfdə Alfred Nobel fərqli pozada təsvir edilib. İkincisi, arxa tərəfində həkk olunmuş latın yazısı belədir: “Pro pace et fraternitate gentium” və bu da “insanlar arasında sülh və qardaşlıq naminə” kimi tərcümə oluna bilər. Medalın kənarında laureatın adı və mükafatın alındığı il həkk olunur. Nobel Sülh Mükafatı medalını norveçli heykəltəraş Qustav Vigeland yaradıb.
Təəssüf ki, bu sülh mükafatı geri alına bilməz. Mükafat verildikdən sonra əbədi olaraq müəyyən bir şəxsin adı ilə əlaqələndirilir. Ona görə də siyasətçi müxtəlif fəaliyyətinə görə sülh mükafatını alsa da, sonra münaqişəyə qarışsa belə, yenə də Nobel mükafatı laureatı olaraq qalır. Bu da öz növbəsində ciddi diplomatik problemlər yaradır.
Nobel Sülh Mükafatı yalnız bir dəfə laureata ölümündən sonra verilib. Bu, 1961-ci ildə Afrikada təyyarə qəzasında həlak olan BMT baş katibi Daq Hammarşöld olub. 1974-cü ildən bəri Nobel Fondunun nizamnaməsində qeyd olunur ki, Nobel mükafatı heç kəsə mükafat ölümündən sonra verilə bilməz (istisna hal lauretanı adı elan edildikdən sonra ölüm halının olmasıdır). Əgər bu qayda olmasaydı, bu il Nobel Sülh Mükafatını almağa ən ciddi namizəd Rusiya müxalifətinin lideri Aleksey Navalnı olacaqdı.
İlkin Nəcəf,
xüsusi olaraq Musavat.com üçün