Çin iqtisadiyyatı “durğunluq və məyusluq dövrü”nə qədəm qoyur.
Musavat.com xəbər verir ki, bu fikri Nobel mükafatı laureatı Pol Kruqman “The New York Times”də yazdığı köşəsində bildirib.
"Rəsmi statistika göstərir ki, Çin Yaponiya tipli deflyasiya və yüksək gənclər işsizliyi yaşayır. Bu, hələ ki, tam böhran deyil, lakin Çinin durğunluq və məyusluq dövrünə qədəm qoyduğunu düşünməyə əsas var".
Nobel mükafatı laureatı yazır ki, bəzi iqtisadçılar anti-Covid tədbirləri ləğv edildikdən sonra Çin iqtisadiyyatının kəskin artacağını gözləyirdilər: "Əvəzində Çin rəsmi ÜDM-dən başqa faktiki olaraq bütün iqtisadi göstəricilərdə geri qalır ki, bu da guya 5,2 faiz artıb".
Onun fikrincə, mövcud vəziyyətə görə məsuliyyətin bir hissəsi ölkə rəhbərliyinin və onun iqtisadi siyasətindəki səhvlərin üzərinə düşür. Bunlara özəl təşəbbüsün boğulması, “maliyyə repressiyaları” (bank əmanətlərinin aşağı faiz dərəcələri və imtiyazlı borcalanlara ucuz kreditlərin verilməsi), habelə mümkün fövqəladə hallar zamanı ailələri qənaət etməyə məcbur edən zəif sosial müdafiə sistemi daxildir.
Bütün bunlar, iqtisadçının fikrincə, ölkədə istehlak aktivliyinin aşağı olmasına gətirib çıxarır. Bu baxımdan, kifayət qədər tələbatı təmin etmək və bununla da istehsal potensialını dəstəkləmək üçün dövlət ÜDM-in 40 faizindən çoxunu iqtisadiyyata yatırmalıdır. Kruqman qeyd edir ki, belə bir tənzimləmə işçi qüvvəsinin sürətlə artan məhsuldarlığı şəraitində əlverişlidir. Üstəlik, Çində 2010-cu ildən bəri əmək qabiliyyətli əhalinin sayı azalır və məhsuldarlıq durğunlaşır.
Kruqman Çinin ixracı artırmaqla iqtisadiyyatını gücləndirməyə cəhd edə biləcəyindən narahatlığını ifadə edir ki, bu da Qərbin təşviq etdiyi yaşıl texnologiyalara problem yarada bilər. "Ən pisi də budur: Çin hərbi avantürizmlə məşğul olmaqla özünü daxili çətinliklərdən yayındırmağa çalışacaqmı?
Ona görə də gəlin Çində hər kəs üçün problem ola biləcək iqtisadi tənəzzüldən öyünməyək".
Musavat.com