Srağagün Beynəlxalq Cinayər Məhkəməsinin barəsində həbs qərarını təsdiqlədiyi Binyamin Netanyahu İsrailin 15-ci baş naziridir.
Ondan əvvəl bu kiçik, ancaq güclü ölkədə baş nazir vəzifəsini 14 nəfər tutub. Bunlar aşağıdakılardır: David Ben-Qurion, Moşe Şaret, Levi Eşkol, İqal Alon, Qolda Meir, İshaq Rabin, Şimon Peres, Menahem Begin, İshaq Şamir, Ehud Barak, Ariel Şaron, Ehud Olmert, Naftali Bennet, Yair Lapid.
1948-ci ilin mayından indiyədək İsraildə 45 parlament seçkisi olub, 45 dəfə hökumət kabineti formalaşıb. O seçkilərdən dördünü Binyamin Netanyahunun partiyası qazanıb.
Seçkilərdə ən çox qələbə qazanan isə İsrailin qurucu lideri David Ben-Quriondur. Ben-Qurion 9 dəfə seçkiləri udub, ancaq onun hakimiyyət müddəti cəmi 10 il olub. Bu, ona görə belədir ki, o dönəmdə İsraildə hər il seçki keçirilirmiş və zahidanə həyat tərzi keçirən, xalqın sevimlisi Ben-Qurion qalib gəlirmiş. Ancaq arada iki il (1954-1955) fasilə olub, seçicilər Moşe Şaretin partiyasına səs veriblər.
Levi Eşkol (1964-69-cu illər) o qədər məşhur baş nazir olmasa da, “altı günlük müharibə”də dövlətinin regionda böyük üstünlük qazanmasının müəllifidir.
Bu 15 baş nazirdən yalnız biri qadındır: Qolda Meir (1969-74) . O, 5-ci baş nazir olsa da, İsrail tarixində silinməz izlər qoyan siyasi xadimdir. 1972-ci ildə Almaniyanın Münxen şəhərində keçirilən olimpiadada israilli idmançılara qarşı törədilən terror aktı onun dövrünə düşüb. Qolda Meir terrorda əli olanların hamısının məhv edilməsinə dair göstəriş verib. Onun əmri böyük ölçüdə yerinə yetirilib.
Menahem Begini (1977-1983) şanslı baş nazir saymaq olar. Beginin dövründə İsrail ərəb dünyası ilə sülhə yaxın olub və buna görə o, 1978-ci ildə Nobel Sülh Mükafatı alıb – Misirin prezidenti Ənvər Sadatla birlikdə. Hərçənd bu mükafat Ə.Sadata baha başa gəlib, 1981-ci ilin payızında hərbi parad zamanı onu güllələyib öldürüblər.
M.Begin İ.Rabin Ş.Peres B.Netanyahu
İsrailin baş nazirləri arasında daha iki Nobel ödüllü siyasi xadim var. Bunlardan biri İshaq Rabin, o biri Şimon Peresdir. Onlar bu mükafatı FAT lideri Yasir Ərəfatla birlikdə alıblar (1994-cü il). Həmin vaxt İ.Rabin baş nazir, Ş.Peres isə xarici işlər naziri postunu tutub. Ancaq bu dəfə Nobel mükafatının bədəlini canıyla ödəyən İsrail tərəfdən olub. 1995-ci ildə İqal Amir adlı dindar tələbə çoxminli mitinqdə sülh prosesinə dair çıxış etdikdən sonra avtomobilə əyləşmək istəyən Rabinə üç əl atəş açıb və baş nazir aparıldığı xəstəxanada ölüb. İ.Amir bildirib ki, İ.Rabini Norveçdə fələstinlilərlə razılaşma əldə etdiyinə görə öldürüb.
Üçüncü Nobel mükafatçısı Şimon Peres isə 1948-ci ildən ta 2014-cı ilə qədər yüksək dövlət vəzifələri (siyasi müşavir, müdafiə naziri, regional inkişaf naziri, xarici işlər naziri, 2 dəfə baş nazir və 1 dəfə prezident postu) tutaraq 66 illik siyasi staja malik olması ilə seçilir.
İsrail baş nazirlərinin ən uzunömürlüsü isə İshaq Şamirdir. İ.Şamir iki dəfə baş nazir postunu tutub və 97 il yaşayıb - 93 yaşında vəfat edən Şimon Peresdən 4 il çox.
İsrailin baş nazirlərinin yeddisi Rusiya imperiyası ərazisində doğulanlardır. Ancaq sonrakı nəsillərə aid siyasətçilər İsrail ərazisində anadan olublar.
Onların bəzilərinin yazı-pozu qabiliyyətləri olub və publisistik məqalələrlə çıxış ediblər, ancaq aralarında bir peşəkar yazıçı-dramaturq da var – Yair Lapid. Hazırda o, müxalifətin lideridir.
Bu baş nazirlərin hamısını birləşdirən ən ümumi cəhət odur ki, onlar müxtəlif vaxtlarda müxtəlif nazirliklərə - idman sahəsindən tutmuş ta müdafiə sferasına qədər – rəhbərlik ediblər. Bu sahədə rekord B.Netanyahuya məxsusdur. O, 9 müxtəlif nazirliyə rəhbərlik edib.
İsrailin 15 baş nazirinin sırasında yalnız biri həbs cəzası alıb. Bu, Ehud Olmertdir (2006-2008). 2014-cü ildə Tel-Əviv məhkəməsi Olmerti Yerusəlim meri vəzifəsində çalışarkən korrupsiya cinayəti törətməkdə ittiham edib, ona 6 il həbs cəzası və bir milyon şekel cərimə kəsib. 2015-ci ilin dekabrında İsrail ali məhkəməsi onun cəza müddətini 18 aya endirib.
Ondan sonra həbsə düşən ikinci İsrail baş naziri isə B.Netanyahu ola bilər. Ancaq Netanyahuya qarşı ittihamlar daha ağırdır.
Ötən ilin oktyabrına qədər baş nazir B.Netanyahu fələstinlilərə münasibətdə sələflərindən daha sərt olması ilə tanınmırdı. Məsələn, Ariel Şaron (1928-2014) öz baş nazirliyi dövründə (2001-2006) Fələstin ərəblərinə qarşı çox sərt olmuşdu. Ancaq Netanyahu HƏMAS-ın 7 oktyabr hücumunun cavabını 100 qat artıq verərək regionda görünməmiş qırğına səbəb oldu. BCM buna görə onu hərbi cinayətdə ittiham edir.
Hakimiyyətdən gedəndən sonra ona çətin olacaq. Hələlik nüvə dövlətinin rəhbəri olduğuna görə bir çox dövlətlərin liderləri BCM-in bu qərarını yanlış saydıqlarını bildirirlər, ancaq Netanyahunu həbs etməyə hazır olduqlarını bildirənlər də var. Növbəti seçkilərdə onun partiyası məğlubiyyətə uğrasa, baş nazir postuna yeni gələn şəxs dilemma qarşısında qalacaq: sələfini beynəlxalq tribunalın sərəncamına versinmi, verməsinmi?
Bir sözlə, vaxtilə regionda sülhün bərqərarı üçün çalışan və buna görə ali sülh mükafatı alan baş nazirlərin sələfi indi əsasən Avropada “arzuolunmaz şəxs”ə çevrilib.
P.S. B.Netanyahunun böyük qardaşı Yonotan (Yoni) İsrailin milli qəhrəmanıdır, o, Entebbedə israilli girovların azad edilməsi əməliyyatı (1976) zamanı həlak olub.