Mətbuatda və sosial şəbəkələrdə bütün sahələrlə bağlı pozitiv eləcə də neqativ məlumatlara rast gəlinir. Lakin insanlar daha çox bəd xəbərlərə maraq göstərirlər. Bunlara təbii fəlakətlər, avtomobil qəzaları, yanğınlar, məşhurların ölümü aiddir. Bu xüsusi marağı sosial şəbəkədə sözügedən məlumatlara gələn reaksiyaların çoxluğundan görmək mümkündür. Hətta sosial şəbəkələrdə adi şagird davası, qətl hadisəsinin belə ətrafında saatlarla müzakirə gedir.
Bəs insanların xoş yox, bəd xəbərə meyl etməsi nəylə əlaqədardır?
Psixoloq Əfsanə Rüstəmova mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O, hesab edir ki, bu, bizim yetişdirilmə tərzimimizlə bağlıdır:
“Biz xoşbəxtliyin ardından bədbəxtlik gələcəyini düşünürük. Buna batil inanc, mif və s. deyə bilərsiniz. Digər tərəfdən, insan olaraq özümüzü digərləri ilə müqayisə edib daha yaxşı vəziyyətdə olduğumuzu özümüzə təsdiq edirik. Bu da bizim kimi toplumlar üçün daha keçərlidir. Özümüzü yaxşı ilə müqayisə edib, əskik tərəflərimizi yaxşılaşdırmaq yerinə, bizdən aşağı olanlara baxıb şükür etməyi seçirik.
Böyüklər, inanclarımız, dəyərlərimiz, mentalitetimiz bunu tərbiyə etdiyi üçün insanlar daha çox mənfidən dayanıb müsbətə baxmağı seçirlər. Amma öz yerlərində və ya müsbətdə dayanıb daha yaxşıya baxmağı seçmirlər”.
O, insanların gələcəkdə qara günlə bağlı planlarının olduğunu bildirib:
“Bir xalqın dəyərlər balonu nədən ibarətdirsə, məsələlərə elə baxır və özləri üçün yollar müəyyən edirlər. Biz qara günlər üçün pul yığan xalqıq. Bəd günlər üçün pul yığmaq, dost artırmaq, ev, qızıl, almaq adətimizdir. Maşın və telefonu elə alırıq ki, ehtiyac olanda sata bilək.
Həmişə fəlakətli bir şeyin olmasına dair gözləntimiz var. Bunu dəyişmək mümkündür, insan yanaşmasını dəyişə bilər, bu, bir az zaman alan və yorucu prosesdir”.