Azərbaycanda 2023-cü ilin birinci yarısında təbii qaz və elektrik enerjisi istehsalı və istehlakına dair açıqlanan rəsmi statistika ekspertlərin müzakirələrinə səbəb olub.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, bu ilin ilk yarısında Azərbaycanda 18 milyard 177 milyon kubmetr mavi qaz hasil edilib. Təbii qazın 29,9 faizi ölkə daxilində istehlak edilib, 56,5 faizi ixrac olunub, 1,5 faizi itkiyə gedib, 12,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi saxlanılıb. Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb.
İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, mavi qazın istifadəsində diqqəti çəkən əsas məqam daxili istehlakın payının müqayisəli şəkildə çox olmasıdır:
“Rəsmi statistikaya əsasən, bu ilin ilk yarısında ölkə daxilində 5 milyard 434 milyon kubmetr mavi qaz istehlak olunub. Azərbaycanın yalnız yarım ildə istehlak etdiyi qazın həcmi Serbiyanın illik qaz istehlakından 2 dəfə, Bolqarıstanın illik istehlakından 64.0 faiz, İsveçrənin illik istehlakından 62.0 faiz, Norveçin illik istehlakından 17.0 faiz çoxdur. Göründüyü kimi, Azərbaycanda sadəcə yarım illik qaz istehlakı iqtisadiyyatı bizimlə müqayisədə daha böyük olan bir sıra ölkələrin illik istehlakı ilə müqayisədə daha çoxdur. Bu isə o deməkdir ki, daxili istehlakın bu qədər çox olması səbəblərinin ayrıca təhlil edilməsinə ehtiyac var. Təbii ki, burada yaşayış binalarında mərkəzləşdirilmiş istilik sisteminin olmaması kimi obyektiv faktorlar olsa belə, başqa səbəblərin də təhlili çox vacibdir”.
Millət vəkili hesab edir ki, daxili istehlakın azaldılması Azərbaycanın ixrac potensialının artmasına səbəb ola bilər: “Yəni daxili istehlak nə qədər minimumlaşarsa, o qədər çox ixrac etmək və ölkəyə daxil olan valyutanın həcmini artımaq imkanımız olacaq. Deməli, real təhlillərə və eləcə də bu sahədə islahatların genişləndirilməsinə ehtiyac var”.
Enerji məsələləri üzrə ekspert İlham Şaban isə diqqəti başqa məqama yönəldir:
“Təqdirəlayiq hal odur ki, Dövlət Statistika Komitəsi baza məlumatlarını anlamlı şəkildə açıqlayır. Bunun sayəsində bilinir ki, yerdən çıxartdığımız qaz necə bölünür. Bəs qaz statistikamızda anlaşılmayan nədir? Onun yığımı və necə bölüşdürülməsi ilə bağlı informasiyaların kasadlığı və ya heç olmaması. Məsələn, bir neçə misal çəkim: ümumi itkilər yarım ildə 272,6 milyon m3 olub. Amma biz bilmirik ki, bu itkinin strukturu necədir, yəni nəqldə, ya paylanmada? Mənim bildiyimə görə, kommersiya strukturu vahidi qaz borcunu xeyli müddət ödəmədiyi halda bu da itkiyə hesablanır. “Azəriqaz” heç özünün istehlakçılarının istifadə etdiyi qazın həcmini mütəmadi açıqlamır (epizodik olur), adətən olanda əhali qrupunu təşkil edir. O cür də “Azərişıq” məlumat yayır.
Qazın yeraltı anbarlara vurulmasının başlanğıcı, başa çatması, aralıq dövrdə istifadəsinə dair də SOCAR məlumatları ictimailəşdirmir. Baxmayaraq ki, Avropada bu, həftəlik formada edilir. Bəs biz özümüzün qaz statistikamızı niyə Avropa standartlarına yaxınlaşdırmırıq? XXI əsr boyu əsas ixracımız Avropaya qaz üzərində olmalıdır?”
Ekspertə görə, bu il qış mülayim, yayın 2 ayı isə xeyli sərin keçdiyinə görə, enerji istehlakı, istər qaz olsun, istər elektrik enerjisi azalmalıdır: “Bizdə isə bütün seqmentlərdə artım müşahidə edilir və hökumət qurumları teleqram kanallarındakı paylaşımlarında bunu fəxrlə təqdim edirlər. Mənim qənaətimcə, bütün bunlar ölkə iqtisadiyyatının enerji tutumluluğu baxımdan qeyri-səmərəliliyin nəticəsidir. Dövlət başçısı çıxışlarında bir neçə dəfə enerji səmərəliliyinin artırılmasına çağırış edib. Amma görünür ki, praktikada buna əməl etmək hələ asan başa gəlmir”.
Musavat.com