Nikol Paşinyanın etirafları - Ermənistanın baş naziri çıxılmaz durumda

Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkənin hökumət başçısı revanşçıların qəzəbindən qorunmaq üçün manevrlər edir; Sahib Məmmədov: “Paşınyan şərtləri qəbul etməyə yaxın görünür, amma hələ ki yalnız bəyanatlar və açıqlamalar səviyyəsində”

Moskvada üçtərəfli danışıqlar keçirilən zaman Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı brifinqdə səsləndirdiyi açıqlamaları ilə diqqəti xeyli dərəcədə özünə cəlb etməyi bacardı. Deyəsən, Ermənistan Azərbaycanın diqtə etdiyi - bölgədə yaratdığı yeni reallıqları, tendensiyanı qəbul etməkdən başqa yolu olmadığını anlamağa başlayıb.

Əslində uzun müddətdir ermənilərə izah edilir ki, artıq çaba göstərmələrinin, hər hansı revanş xülyalarının mənası qətiyyən yoxdur. Yeganə çıxış yolları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və absurd iddialardan əl çəkməkdir.

Prezident İlham Əliyevin Qlobal Media Forumu zamanı Şuşadan verdiyi mesajlar, bəyanatlar da Ermənistan və onun havadarlarına sözün əsl mənasında son xəbərdarlıq kimi başa düşülməlidir. Mövcud vəziyyət nisbətən yumşalmış hiss edilir və Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları da onu deməyə əsas verir ki, Ermənistan reallıqları qəbul etməkdən başqa çıxış yolu olmadığını anlayır. Faktiki olaraq Nikol çox çıxılmaz bir durumda qaldıqlarını etiraf etmiş olub... O, hazırda revanşist xülyalarla yaşayan bəzi ermənilərin və onların havadaralarının münasibətlərin normallaşmasını əngəlləmək üçün ortaya atdıqları süni “problemlər”ə dair açıqlamalar verib. Nikol Paşinyan bu kontekstdə deyib ki, Bakı danışıqlar masasında heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib. (APA) Paşinyan “Ermənistanla Azərbaycanın bir-birinə etibar etmədiyini, bu inamsızlığı aradan qaldırmaq üçün addımların atılmalı” olduğunu qeyd edib: “Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Dünyada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur". O, Xankəndi erməniləri, sülhməramlılarla bağlı da danışıb, amma ikibaşlı: "Bakı ilə Xankəndidəki ermənilər arasında dialoq səmərəli nəticə verdikdə, Qarabağda heç bir təhlükə qalmadıqda, Rusiya sülhməramlıları bölgədən çıxarılacaq. Sülhməramlılar üçtərəfli bəyanata əsasən Rusiya Federasiyasının Federal Məclisinin müvafiq qərarı ilə Qarabağa yerləşdiriliblər. Onların regiondakı mövcudluğunun əsas məqsədi Qarabağdakı erməniləri qorumaqdır. Onlar regiondan çıxarılanda, artıq təhlükə yoxdur deməkdir".

N.Paşinyanın “Mən heç vaxt "Dağlıq Qarabağ"ın Rusiyanın tərkibinə daxil edilməsi imkanını müzakirə etməmişəm" - sözləri də diqqət çəkir. Ermənistanın hökumət başçısının dedikləri əslində ikibaşlıdır, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, niyə Qarabağın taleyi ilə bağlı kimlərləsə polemika aparsın ki? Düzdür, o, “Bunun mənə heç bir aidiyyəti yoxdur”, - deyib. Amma bu məqamda birmənalı şəkildə bildirməliydi ki, Qarabağ Azərbaycan ərazisidir. Ancaq o, həmçinin qeyd edib ki, Ermənistan Qarabağ ermənilərinin öz evlərində, öz ölkələrində yaşaması üçün imkanların yaradılması məsələlərini müzakirə edir. Yenə də qeyri-müəyyənlik, “öz ölkələri” dedikdə haranı nəzərdə tutur? Doğrudur, Paşinyan Putinin “beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” - sözlərini höccələyə-höccələyə oxuyub brifinqdə. Bununla da revanşistlərə “siz Qarabağı məndən yox, Putindən soruşun” - mesajını vermək istəyib. Amma N.Paşinyan bilməlidir ki, beynəlxalq hüquqa istinad etməlidir, hansısa ölkənin prezidentinə yox.

Rusiya hərbi kontingenti ilə bağlı digər məqama gəldikdə, faktiki olaraq burada bir incə nüans var. Reallıq bundan ibarətdir ki, sülhməramlıların son dövrlərdəki fəaliyyəti yalnız bölgədə gərginliyi artırmağa yönəlib. Bəlkə Paşinyan buna işarə edir ki, birbaşa təmaslar olmadıqca sülhməramlılar bölgədə qalacaq və beləliklə də ermənilər daim problemlər içərisində yaşayacaqlar?

Ermənistanın hökumət başçısı reallıqları kifayət qədər anlayır və bəzən riskə gedərək onları dilə gətirir. Məsələn, o deyib ki, Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib və qeydə alınmayıb. “Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”, - o əlavə edib

Paşinyan keçirdiyi brifinqdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxuyub. O, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlara istinad edib. “Separatçılar Ermənistanın köməyi ilə Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın daha 7 rayonunu nəzarətdə saxlamaqda davam ediblər”, - deyə Paşinyan Dövlət Departamentinin hesabatlarından birindəki qeydi oxuyub.

Paşinyanın açıqlamasında ən maraqlı məqam sülh olmazsa, Ermənistanın daha bərbad duruma düşəcəyinə dair verdiyi mesajdır: “Bölgəmizdə sabitliyin əsas amillərindən biri hesab edilən dünya nizamı əslində mövcud deyil. Yeni dünya nizamının necə olacağını heç kim bilmir. Yeni dünya düzəninin formalaşması prosesində Ermənistanın təsiri qeyri-müəyyən və qeyri-maddi, geosiyasi qeyri-sabitlikdən irəli gələn təhlükələr isə görünən və realdır. Ukrayna hadisələri ilə bağlı regionumuzda geosiyasi təsir azalıb, ənənəvi Şərq-Qərb formulları kifayət qədər effektli deyil. Hazırkı şəraitdə regional qeyri-qarşıdurma siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi, Ermənistanın bölgəsəl gələcəyin memarlığında yeri və rolunun aydınlaşdırılması bizim üçün həyati əhəmiyyət kəsb edir. Ermənistanla həmsərhəd olan ölkələrin heç biri digəri ilə qarşıdurma münasibətlərinə malik deyil və hətta ən aktual məsələlərin həlli düsturu da maraqların tarazlığı hesabına daha effektli olan əməkdaşlıq siyasətidir. Bu baxımdan, İran və Gürcüstanla münasibətlərimizin təbii şəkildə inkişaf etdiyini nəzərə alsaq, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması zərurətdir”...

Beləliklə, Paşinyan nə demək istədi? O, Ermənistanı sülhə hazırlamaq istəyirmi? Səmimidirmi? Yoxsa bunlar hamısı növbəti hiylələrdir, görüntü yaratmaqdır və arxasında növbəti təxribatlar dayanır? Yəni təxribat yaradıb, sonra da desinlər ki, Ermənistanın mövqeyi bu idi, guya Azərbaycan onlarla sərt davranır?

Sahib Məmmədov: “QHT Şurasının vəzifəsi yalnız maliyyə yardımı vermək  deyil” - 22.04.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Paşınyanın etirafları ehtimal etməyə əsas verir ki, o, mövcud reallığı dərk edən yeganə erməni dövlət xadimidir. Paşınyan anlayır ki, uzunmüddətli planda Ermənistan yaxın qonşuları olan Türkiyə və Azərbaycanla münasibətləri tənzimləməsə, vəziyyət onlar üçün pisləşməkdə davam edəcək. Bununla belə, ona Ermənistanın daxilində olan revanşist qüvvələrin, erməni lobbisinə və xarici qüvvələrə bağlı olan daxili güclərin, asılı olduğu dövlətlərin müqavimətin qırmaq o qədər də asan olmayacaq. Paşınyan həmçinin sələfi Levon Ter-Petrosyanın taleyini də unutmur. Nəzərə alınmalıdır ki, sələfi ondan fərqli olaraq qalib gəlmiş dövlətin prezidenti idi və hətta onu bu qalibiyyət də xilas edə bilmədi. Bu baxımdan, Paşınyan hərdən belə açıqlamalar verməklə həm də erməni xalqını psixoloji olaraq reallıqlara hazırlamaq istəyir. Çünki yüz ildən çox davam edən nifrət təbliğatının, "böyük Ermənistan" xülyasının təsiri altında yetişən bütöv bir nəslə reallığı anlatmaq da o qədər asan deyil. Əlbəttə, Ermənistanın hazırkı rəhbərinin belə açıqlamaları münasibətlərin daha da yaxşılaşmasına xidmət edir və sülh müqaviləsi istiqamətində danışıqların predmetini daha da konkretləşdirir. Azərbaycan tərəfinin şərtləri də kifayət qədər aydındır. Ermənistan Azərbaycana münasibətdə beynəlxalq hüququn əsas prinsiplərini, o cümlədən sərhədlərin toxunulmazlığı prinsipi və dövlətlərin ərazi bütövlüyü prinsipini qəbul etməlidir, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməlidir, Azərbaycan ərazilərindəki qanunsuz və Ermənistana məxsus silahlı birləşmələr Azərbaycan ərazilərini tərk etməlidir, kommunikasiyalar açılmalıdır və s. Bu şərtlər əslində həm də Ermənistanın xeyrinə olan şərtlər və ya təkliflərdir". S.Məmmədovun fikrincə, Paşınyan da bu şərləri qəbul etməyə yaxın görünür, amma hələ ki, yalnız bəyanatlar və açıqlamalar səviyyəsində: “Belə açıqlamalardan sonra konkret hərəkətlər, o cümlədən hüquqi hərəkətlər olmayacaqsa, bu, sadəcə, manipulyasiya, vaxt qazanmaq və hakimiyyətinin ömrünü uzatmaq, əlverişli vaxta qədər qeyri-müəyyən vəziyyəti saxlamaq cəhdi kimi qiymətləndirilə bilər. Həmçinin Paşınyan bu açıqlamaları ilə özünü dünyaya sülhün və əməkdaşlığın tərəfdarı kimi göstərmək istəyində də buluna bilər. Bütün hallarda növbəti yüksək səviyyəli görüş ərəfəsində belə açıqlamaların verilməsinə müsbət yanaşmalıyıq, amma bu açıqlamaların ardınca konkret addımlar da olmalıdır. Hələ ki belə adddımlar demək olar yoxdur”.

Tural İsmayılov. Miokard - sim-sim

 Tural İsmayılov

Politoloq Tural İsmayılov bildirdi ki, Paşinyan cəmiyyətini aldatmaqla məşğuldur: “Əgər Ermənistan Azərbaycanla sülh istəyində səmimidirsə, konkret addımlar atmalıdır”. Ekspertin sözlərinə görə, hələ Paşinyan və onun komandasının dilindən konkret mesaj yoxdur: “Sülhlə bağlı səmimi davranış o zaman olar ki, Ermənistan şərti sərhəddə təxribatlar törətməkdən əl çəksin. Bu təxribatlara birdəfəlik son qoysun. Bu halda sülh danışıqlarında irəliləmək mümkündür. Əks təqdirdə, biz yenə də Ermənistanın vaxt udmağa çalışdığını müşahidə edəcəyik. Sülh üçün sərhədlərin delimitasiya və demarkasiya prosesi həyata keçirilməlidir. Ermənistan isə bundan yayınır”. Politoloq xatırlatdı ki, Azərbaycan 5 maddəlik baza prinsipləri irəli sürüb: “Ermənistan havadarlarının təsirindən çıxaraq tarixində ilk dəfə müstəqil dövlət kimi addım atmalıdır. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışmalıdır. Azərbaycanla sülh həm də Ermənistan dövlətinin xilası deməkdir”.

Görünən budur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkənin hökumət başçısı revanşçıların qəzəbindən qorunmaq üçün manevrlər edir. Hər halda, kilsənin, diasporun, həmçinin Ermənistandakı və Qarabağdakı terrorçu xislətli qüvvələrin mahiyyətinə bələd olduğu üçün ehtiyatını da əldən vermir. Amma ona tam etibar etmək də olmaz. “Qarabağ Ermənistandır. Nöqtə” deyən şəxsə etibar etməkmi olar?..

Elşad PAŞASOY,
“Yeni Müsavat”

27.07.2023 13:56
993