Nikahsız yaşadığı qadını Bakıda hotelin pəncərəsindən atdı – Uşaqlar aralı qapıdan...

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından atan şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Şükür Qəmbərov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Ş.Qəmbərov 2022-ci ilin aprelin əvvəlində Ağcabədidəki “Vegas” kafesində ofisiant işləyən T.İ (ad şərti) adlı qadınla tanış olur və qeyri-rəsmi münasibətə başlayır. Şükür onunla ailə quracağı vədini verir. Münasibətləri dövründə Şükür qadına və onun uşağına qarşı zorakılıq edib. Buna baxmayaraq, münasibətləri davam edir.

2023-cü ilin 16 fevralında Ş.Qəmbərov darıxdığı və görüşmək istədiyi üçün qadını Bakıda yerləşən “AF Hotel”ə dəvət edir. Qadın iki uşağı ilə həmin ünvana gəlir. Otağa daxil olduqdan təxminən yarım saat sonra aralarında mübahisə yaranır. Mübahisə əsnasında o, Şükürə digər qadınlarla əlaqədə olduğunu demiş, Şükür isə onun da digər kişilərlə münasibətdə olduğunu bildirib. Davam edən münaqişədən sonra Şükür onu ayaqlarından tutaraq 6-cı mərtəbənin pəncərəsindən 3-cü mərtəbənin damına atır. Ağır bədən xəsarətləri alan T.İ xəstəxanaya yerləşdirilir və həyatı xilas olur.

Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində bildirib ki, onu pəncərədən Şükür atmayıb, özü tullanıb:

“Şükürlə Bakıda istirahət etmək üçün “Af Hotelə” getdik. Uşaqları qoymağa yer olmadığı üçün onları da özümüzlə hotelə apardıq. Aramızda olan mübahisələri görməməkləri üçün telefonda cizgi film qoşub, uşaqları hamam otağına qoyduq. Şükürü hədsiz dərəcədə sevirdim. Onun sevgisini yoxlamaq üçün otağın pəncərəsini açaraq ora çıxdım. Şükür məni sakitləşdirməyə çalışdı. Şükürü qorxutmaq üçün əlimi pəncərədən çəkdim. O, məni tutmaq üçün cəhd etməsinə baxmayaraq ayağım sürüşərək 6-cı mərtəbədən yerə yıxıldım”.

Zərərçəkmişin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədəki ziddiyyətlər təşkil edib. O, istintaqdakı ifadəsində onu binadan Şükürün atdığını və dəfələrlə onu ölümlə hədələdiyini bildirib. T.İ ibtidai istintaqdakı ifadəsini Şükürü sevdiyim və onun başqası ilə evlənməməsi üçün tutulmasını istədiyi ilə əlaqələndirib.

Məhkəmədə ifadə verən Şükür Qəmbərov özünü hadisə üzrə təqsirli bilməyərək, T.İ-nin ona ayrılacaqları təqdirdə özünü öldürəcəyini dediyini bildirib:

“T. ilə görüşmək üçün “Af hotel”ə getdik. Ondan ayrılmaq istədiyimi dedim. Lakin o, mənə ayrılacaqları təqdirdə özünü öldürəcəyini qeyd etdi. Onun sözlərinə inanmadım. Həmin vaxt sakit olsa da, o, pəncərəyə yaxınlaşaraq “özümü buradan atsam ölərəm” ifadəsini işlətdi. Onun qolundan tutub içəri çəkmək istəyəndə başı pəncərənin qırağına dəyib qanadı. Əsəbiləşib onu yerdən qaldırıb, şillə vurdum. Gedib hamam otağında əl-üzümü yudum. Qayıdanda onu yenə pəncərənin qarşısında gördüm. “Haqqını halal et, mən bilirəm ki, sən məni aldadırsan və getdikdən sonra məndən ayrılacaqsan” sözünü dedi və özünü binadan atdı. Sonra özüm təslim olmaq üçün polis bölməsinə yaxınlaşdım”.

Ş.Qəmbərovun ibtidai istintaqda verdiyi ifadədə məlum olur ki, qadını özünün binadan aşağı atdığını, onu ölümlə hədələdiyini etiraf edib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti ibtidai istintaq zamanı psixoloji təzyiqə məruz qalması ilə əsaslandırıb.

Məhkəmə iclasında şahid qismində dindirilən qadının anası vurğulayıb ki, işdə olarkən qızımın Şükürlə bərabər getdiyini eşitdim:

“Qızıma evə qayıt dedim, məni eşitmədi. Hətta Şükürə də qızımı geri qaytarmasını tələb etdim. Şükür də mənə “Xala, narahat olma, onu geri qaytaracağam” dedi. Bir müddət keçdi qızıma zəng elədim, nəvəm açdı telefonu. Anasının yerini soruşduqda isə xətt kəsildi. Yenidən zəng edəndə, bu dəfə telefonu polis əməkdaşları açdı. Məni hotelə çağırdılar.

Nəvəmdən soruşanda Şükürün anasını hotelin pəncərəsindən yerə atdığını dedi. Hamam otağının qapısı azca aralı qalıb, orada anasının əllərinin pəncərədən sallandığını görüb. Ümumiyyətlə, mən qızımın Şükürlə münasibəti olmasına razı deyildim, qoymurdum. Buna görə neçə dəfə Şükür mənə təhqiredici sözlər deyib”.

Araşdırmalar zamanı hər iki tərəfin telefonları tədqiq edilib. Şükürlə qadının mesajları və səs yazışmaları ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs:

“Sən öl səni elə bir öldürəcəm ki...  Elə bir ölüm olacaq ki, qurana and olsun səni diri-diri doğrayacam gözlə, tələsmə heç nə olmaz get neynirsən elə get ver polisə tutdur məni birdəfəlik sənin də canın qurtarsın mənim də. Bəsdi bezdim mən canımdan” –

“Canına azar hə rədd ol, cəhənnəm ol. Şəkli qaytar gəlib öldürəcəm səni orda küçük məni özümdən çıxarma gəlsəm ora ananı diri-diri doğrayacam. Başa düşürsən məni özümdən çıxarma, məni özümdən çıxarma bəsdir. Məni biabır elədin sən tez elə şəkli də qaytar tez elə mən ana-mana bilmirəm” - mesajını yazıb.

Nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin mart ayında çıxardığı hökmlə Şükür Qəmbərov 120.1-ci maddə ilə təqsirli bilinib. Məhkəmənin yekun qərarı ilə ona 7 il 10 ay həbs cəzası verilib.

16.05.2024 21:02
2434