Rusiyanın Federal Təhlükəsizlik Xidməti uydurma sxemlərdən istifadə edərək Rusiya Federasiyasında afrikalıları qeydiyyata alan mütəşəkkil cinayətkar qrupun üzvlərini saxlayıb.
Musavat.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə kəşfiyyat xidməti məlumat yayıb.
Hesabatda deyilir ki, onun iştirakçıları pul mükafatı üçün Afrikadan olan miqrantların Rusiya ərazisindən keçməklə Avropa İttifaqı ölkələrinə girişini və tranzit hərəkətini təşkil ediblər.
Bu məqsədlə mütəşəkkil cinayətkar dəstənin üzvləri saxta nikahlar təşkil edərək, sonradan bundan müvəqqəti oturum icazəsi, yaşayış izni, habelə Rusiya Federasiyasında uzunmüddətli qalmaq statusu almaq üçün istifadə ediblər.
Cinayətkar qruplaşmaya ruslar, ukraynalılar və nigeriyalılar daxildir. FTX-nin məlumatına görə, 2021-ci ildən bəri onlar qanunsuz olaraq ən azı 60 milyon rubl qazanıblar. Mütəşəkkil cinayətkar dəstənin təşkilatçısı Nigeriya vətəndaşı, Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin mühəndislik akademiyasının baş müəllimi olub.
Avqust ayında məhkəmə adı çəkilən universitetin dosenti Ekpobobo Raymond Ovviqonu saxta nikahların təşkilində ittiham edərək həbs edib. İstintaqın məlumatına görə, o, bir qrup şəriki ilə birlikdə əcnəbilər üçün uydurma nikahlar təşkil edib. Xidmətlərinə görə Ovvigo 60-150 min rubl arasında ödəniş alıb. Onu 7 ilə qədər həbs gözləyir.
Musavat.com