Musavat.com Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyinin “Qadınların sahibkarlıq sahəsində iştirakının artırılması” layihəsi çərçivəsində Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova ilə müsahibə hazırlayıb.
- Uzun illərdir sahibkarlıq sahəsində çalışırsınız. Uğur hekayənizi bizimlə bölüşməyinizi istərdik.
- Əslində uğur nisbi anlayışdır və hər kəs üçün fərqli mahiyyət daşıyır. Kimin üçünsə yaxşı valideyn olmaq və ya yaxşı övlad olmaq və yaxud kimin üçünsə yaxşı iş adamı, yaxşı ictimai xadim, öz peşəsini layiqincə həyata keçirən əməkdaş olmaq uğur hesab olunur. Yəni hər kəsin uğuru onun şəxsinə görə dəyişə bilir. Düşünürəm ki, həyatdakı məqsədimizi, dünyadakı missiyamızı öyrənməklə həyatdakı uğur fəlsəfəmizi müəyyən etmək mümkündür.
Uzun illərdir ki, sahibkarlıq sahəsində fəaliyyət göstərirəm. 2009-cu ildə ilk dəfə öz təhsil müəssisəmi təsis etmişəm, hazırda da həmin müəssisə fəaliyyət göstərir. Hətta artıq Gəncədə, Bakıda, eləcə də azərbaycanlıların çox sıx yaşadığı Gürcüstanın Marneuli bölgəsində müəssisəmizin filialları fəaliyyət göstərir. Xeyli sayda insanlar, gənc qadınlar işlə təmin olunublar. Beləliklə, müəssisəmiz 13 ildir ki, həm iş verir, həm də cəmiyyətdə dəyər formalaşdırır.
Bununla paralel artıq yeni biz biznes fəaliyyəti ilə də məşğul olmağa başlamışam. Sahibkarlarla sıx çalışır, həm müxtəlif layihələrin icrasını, həm də ölkənin ən fəal biznes assosiasiyasının fəaliyyətini həyata keçirirəm və bu mənim üçün çox böyük fəxrdir.
Hesab edirəm ki, uğur hekayəmin əsasında çalışqanlıq dayanır. Məni tanıyan insanlar da bunu təsdiqləyər ki, çalışqan olduğum qədər də əzmkaram, adətən çətinliklər qarşısında geri çəkilmirəm, daim mübarizə aparır və istədiklərimə nail oluram. Eynşteynin belə bir fikri var - “Dahiliyin 10 faizi istedaddırsa, 90 faizi çalışmaqdadır”. Yəni insan daha çox çalışarsa, daha yaxşı nəticələrə, uğurlara nail ola bilir.
- Sahibkarlıq sahəsini seçərkən hansı çətinliklərlə qarşılaşdınız? Çətinliklərin öhdəsindən necə gəldiniz?
- Çətinliklər də həyat mərhələmizə görə dəyişə bilir. Hər yaşın, dövrün öz çətinliyi var. Məsələn, 23 yaşında qarşılaşdığım çətinliklə bu gün qarşılaşsam, bəlkə də mənə asan görünər. Yaxud bu gün elə bir çətin məqamla qarşılaşa və düşünə bilərəm ki, öhdəsindən gələ bilməyəcəm, amma 5 il sonra bu çətinlik mənə çox asan görünə bilər. Hesab edirəm ki, çətinliklər də həyatın ayrılmaz məqamı, hissəsidir və burada da əzmkarlıq nümayiş etdirmək, motivasiyadan düşməmək, çətinlikdən qorxmamaq, onun üzərinə getmək çox vacibdir. Deyə bilərəm ki, həyatımın hər mərhələsində bu cür etmişəm. İnanıram ki, həyatda ölümdən başqa hər şeyin çarəsi var və həll olunmayacaq heç bir çətinlik yoxdur, sadəcə baxışımızı və yanaşmamızı dəyişməliyik.
“Ən inkişaf etmiş ölkələrdə belə qadınlara qarşı maneələr, stereotiplər var...”
- Azərbaycanda qadın sahibkarlığı son illərdə inkişaf etməyə başlayıb. Əvvəllər isə cəmiyyətimizdə daha çox evdar qadın obrazı var idi. Bu baxımdan yəqin ki, hələ də stereotiplər, sosial maneələrlə qarşılaşırsınız. Bu maneələri necə dəf edirsiniz? Bu məsələdə qadınlara tövsiyələriniz nədən ibarətdir?
- Qadın mövzusu bütün dünyada aktualdır və qadınlara cəmiyyətdə yanaşma heç vaxt birmənalı olmayıb. Cəmiyyətlərin ictimai-siyasi, sosial-iqtisadi həyatında qadınların fəal iştirakı ilə bağlı tarix boyu müzakirələr, hətta savaşlar olub. Hətta bu gün inkişaf etmiş ölkələrdə belə bəzən qadınlara qarşı hansısa maneələrin, stereotiplərin olduğunu görürük.
“Biznesdə uğur qazana bilərik, amma Azərbaycan qadını obrazını itirəriksə, vacib dəyərlərimiz itər, ailə institutumuz sarsılar”
Azərbaycana gəldikdə, məlum olduğu kimi, bizim cəmiyyət daha çox konservativliyi özündə əks etdirir, özümüzə məxsus adət-ənənələrimiz, mentalitetimiz, yanaşmamız, illər, əsrlər boyu təbliğ olunmuş fikirlər var. Azərbaycan qadınının çox gözəl, xanım-xatın obrazı var. Düşünürəm ki, qadınlarımız cəmiyyətin həyatında nə qədər fəal olurlarsa olsun, o xanım-xatın obrazı heç bir halda itirməməli və onu qoruyaraq digər fəal həyat tərzini yaşamalıdırlar. Biznesdə və yaxud digər sferalarda uğur qazana bilərik, amma əgər həmin Azərbaycan qadını obrazını itirəriksə, vacib dəyərlərimizi itirər, ailə institutumuz sarsılar. Ona görə də bu obraz qorunmalıdır.
Əlbəttə, Azərbaycanda da qadınlara qarşı stereotiplər, bu cür problemlər var və düşünürəm ki, hələ uzun illər də olacaq. Lakin deyə bilərəm ki, proseslər yaxşılığa doğrudur. Bu gün ölkəmizin birinci xanımı Mehriban Əliyeva qadınlarımız üçün gözəl ana, nümunəvi həyat yoldaşı, həm də ölkənin ictimai-siyasi həyatında fəal xanım kimi çox böyük örnəkdir.
Ümumiyyətlə, tarixə nəzər salanda görürük ki, Azərbaycan qadını Şərqdə ilk opera müəllifidir, ilk təyyarəçi qadındır. Yəni həmişə ilklərə imza atıb. Bu baxımdan əminliklə deyə bilirik ki, Azərbaycan qadını çox cəsarətlidir, qoçaqdır, əzmkardır, çalışqandır, fədakardır, tutduğu vəzifənin öhdəsindən layiqincə gəlir, eyni zamanda çox gözəl ana, sədaqətli həyat yoldaşıdır.
Dəfələrlə şahidi olmuşam ki, qadınlarımız maneələrə, məhdudiyyətlərə, sıxıntılara rəğmən öz ayağı üzərində qala bilib və öz arzularının arxasınca gediblər. Bu gün Azərbaycan cəmiyyətində kifayət qədər bu cür nümunələr var. Düşünürəm ki, vətəndaş cəmiyyəti olaraq bizim də üzərimizə missiya düşür ki, bu cür qadın obrazlarını təbliğ edək.
“Azərbaycanda adətən ev, mülk kişinin adına olur ki, bu da maliyyə resurslarına çıxışlar, kreditin götürülməsi zamanı qadınlar üçün böyük maneə yaradır...”
- Ölkədə qadın sahibkarlığı mühitinin inkişafı üçün hansı işlərə ehtiyac var? Ümumiyyətlə, bu sahəyə dövlət dəstəyi yetərincədirmi?
- Hesab edirəm ki, ölkədə qadın sahibkarlığı mühitinin inkişafı üçün bir çox islahatlara ehtiyac var. Əlbəttə, hər hansı yenilik, köklü dəyişiklik zaman tələb edir.
Qadınlar üçün müxtəlif biznes kreditlərinin təsis olunması çox vacibdir. İstər özəl banklar tərəfindən təklif olunan kreditlər, istərsə də dövlət proqramı çərçivəsində dəstək məqsədi ilə ayrılan maliyyə mənbələrində qadınlara qarşı xüsusi yanaşma mütləq şəkildə olmalıdır. Çox təəssüf ki, bu gün bu sistem çox yaxşı tətbiq oluna bilmir. Məlum olduğu kimi, Azərbaycan cəmiyyətində belə bir düşüncə var ki, ev, mülk kişinin adına olmalıdır. Bu isə maliyyə resuslarına çıxışlar, kreditin götürülməsi zamanı qadınlar üçün böyük maneə olur. Bu baxımdan hesab edirəm ki, maliyyə resuslarına çıxış məsələsində qadınlara xüsusi güzəştlər tətbiq olunmalıdır ki, qadınlar daha rahat şəkildə sahibkarlıqla məşğul ola bilsinlər.
Həmçinin regionlarda qadınların biliklərinin artırılması, bu sahəni daha dərindən öyrənməsi üçün imkanlar artmalıdır. Məlum olduğu kimi, paytaxtımızda imkanlar kifayət qədər çoxdur, regionlarda da bu imkanları artırmaq lazımdır. Ümumiyyətlə, cəmiyyətdə maarifləndirmə işini genişləndirmək lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və yaxud məşğul olmaq istəyən qadınlar davamlı şəkildə bilik və bacarıqlarını artırsınlar. Məlumatları olsun ki, hansı yeniliklər, marketinqlər, satış strategiyası var və sairə. Öyrənmək, maariflənmək bu sahədə çox vacib amillərdən biridir.
- Qadınlarımız sahibkarlıq sahəsində daha çox hansı istiqamətləri seçirlər? Texniki sahəyə də maraq varmı?
- Əvvəllər qadınlarımız daha çox “qadına yaraşan” peşələrlə məşğul olurdusa, artıq bu gün məsələ tamamilə dəyişib. Universitetlərdə apardığımız müzakirələr zamanı çox maraqlı faktlarla rastlaşdıq, məlum oldu ki, əvvəllər mühəndislik ixtisası üzrə qız tələbələrin sayı 5-10 faiz təşkil edirdisə, artıq bu rəqəm 45 faizdir. Yəni artıq bu ixtisas üzrə təhsil alan oğlan və qız tələbələrin sayı bərabərləşməyə doğru gedir. Bu, çox sevindirici haldır. Beləliklə, texnoloji sahədə də qadınların sayı artmağa başlayıb, onlar artıq ənənəvi deyil, daha fərqli sahəyə yönəlir və uğur qazanırlar.
- Uğurlu sahibkar qadın olmaq üçün əsasən nələrə sahib olmaq lazımdır - təhsilə, cəsarətə, uğurlu seçimə, yoxsa?..
- Hər birinə sahib olmaq lazımdır. Təhsil çox vacibdir, amma kimsə düşünməsin ki, ali təhsili yoxdur deyə sahibkarlıqla məşğul ola bilməz. Əsla belə deyil. Bütün dünyada belə uğurlu nümunələr var ki, ali təhsili yoxdur, amma ölkənin ən böyük markalarının qurucusuna çevrilə bilib və özü ilə yanaşı yüzlərlə insanın həyatına yaxşı mənada təsir edib, yeni bir dəyər formalaşdırıb. Beləliklə, qeyd etdiyim kimi, təhsilin olması önəmlidir, amma təhsilsiz olmaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa mane deyil. Lakin davamlı olaraq öyrənmək, araşdırmaq, təlimlərdə iştirak etmək, yeni biliklər əldə etmək, uğurlu insanları dinləmək çox vacibdir.
Cəsarət də vacib amildir, amma bu, cahil cəsarət olmamalıdır. Cəsarət olmazsa, sahibkarlıqdan danışmaq doğru deyil. Çünki sahibkarlıq risk daşıyan fəaliyyət növüdür, hər an siz qoyduğunuz sərmayəni, xərclədiyiniz resursu, əməyi itirə bilərsiniz və yaxud əksinə, çox yaxşı ola bilər. Buna görə də cəsarətli olmaq, cəsarətli addımlar atmaq çox vacibdir.
Uğurlu seçim də bu sahədə önəmlidir, amma seçimin uğurlu olub-olmadığını bəzən zaman keçdikdən sonra anlayırıq.
Uğurlu sahibkar qadın olmaq üçün daima çalışmaq, əzmkar, zəhmətkeş olmaq, pozitivə köklənmək, uğur qazanacağınıza inanmaq, hədəflərə doğru getmək lazımdır.
Allah xanımlarımızı qorusun, yolları açıq olsun!
Qeyd edək ki, müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb.
Xalidə Gəray
Musavat.com