Avqustun 22-də Bakı Təşəbbüs Qrupu, Bonayre İnsan Haqları Təşkilatı və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfransın yekunlarına dair Bəyanat qəbul edilib.
Musavat.com AZƏRTAC-a istinadən Bəyanatı təqdim edir: “Biz konfrans iştirakçıları olaraq tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna, səmimi və qonaqpərvər münasibətinə görə isə Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk.
Bu tədbir əsarət altında olan Bonayre xalqının durumuna həsr olunmuş və maraqlı tərəflərə Niderlandın müstəmləkə siyasətinin fəsadlarını müzakirə etmək üçün geniş imkan yaradıb. Bu siyasət uzunmüddətli perspektivdə Bonayre xalqının gələcəyini və mövcudluğunu ciddi təhlükə altına qoymaqdadır:
Tarixi məlumat - Bonayrenin statusu:
Bonayre bir vaxtlar Niderland Antil adalarının tərkib hissəsi kimi daxili özünüidarə ilə geniş səlahiyyətlərə malik Niderland müstəmləkə vahidinin bir hissəsi olub. 2010-cu il oktyabrın 10-da Niderland Antil adalarının buraxılmasından sonra Bonayre Niderland hökuməti tərəfindən birtərəfli qaydada qeyri-bərabər hüquqlarla Niderland Konstitusiyasında təsbit edilmiş və muxtariyyəti olmayan bir “dövlət orqanı/qurumu” kimi bu ölkəyə birləşdirilib.
Demoqrafik dəyişikliklər - Əhalinin dinamikası:
2010-2024-cü illər arasında Bonayrenin əhalisi 11 min nəfərdən 25 min nəfərə qədər artıb. Bu artım əsasən Avropadan gələn Niderland immiqrantlarının axını nəticəsində baş verib. Nəticədə yerli bonayrelilər öz adalarında demoqrafik azlıq vəziyyətinə düşüb və 2024-cü ildə onların sayı ada əhalisinin 32 faizindən az hissəsini təşkil edib.
Müqəddəratın təyin edilməsi uğrunda mübarizə - 2015-ci il referendumu:
2015-ci il dekabrın 18-də keçirilmiş referendumda seçicilərin 66 faizi 2010-cu ildən etibarən Bonayredə tətbiq edilən konstitusiya statusunu rədd edib. Bu nəticələr ada parlamentinin nümayəndələri tərəfindən Bonayre xalqının qanuni və hüquqi demokratik qərarı kimi yekdilliklə təsdiqlənib. Lakin Niderland hökuməti referendumun nəticələrini nəzərə almadan mövcud vəziyyəti saxlayıb.
Eyni zamanda, Niderlandın müstəmləkə təzyiqindən qurtulmaq üçün beynəlxalq dekolonizasiya hüququna uyğun effektiv və səmərəli addımların atılması məsələsinin müzakirəsi məqsədilə Bonayredəki vətəndaş cəmiyyəti qrupları Ceyms Finesin rəhbərliyi ilə 2016-cı ildə BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə (C24) öz iddialarını təqdim edərək Niderlandın Bonayre xalqının hüquqlarına zidd hərəkətlərini vurğuladılar. C24 səfirləri Bonayrenin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil olunması məqsədilə tədbirlərin görülməsini, Karib dənizi və Latın Amerikası ölkələrinin hökumətlərindən dəstəyin alınmasını, həmçinin Bonayrenin özünüidarəsinə dair müstəqil araşdırmaya başlamaq üçün işlərin həyata keçirilməsini tövsiyə etdilər.
Konfrans iştirakçıları bu fürsətdən istifadə edərək bu il mayın 14-16-da Venesuelanın Karakas şəhərində BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi tərəfindən təşkil olunmuş “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onilliyin tətbiqi, özünüidarəedən ərazilərin məqsədlərinə nail olunması və ehtiyaclarının təmin olunması” mövzusunda Karib dənizi regional seminarında Azərbaycan Respublikasının iştirakını alqışlayıblar.
Müstəqil Hesabat:
“Özünüidarənin beynəlxalq səviyyədə təsdiq edilmiş standartlara uyğunluğunun qiymətləndirilməsi: Bonayre ölkəsi haqqında hesabat” Asılı Ərazilərin Araşdırılması Layihəsi (Dependency Studies Project) tərəfindən 2021-ci ildə BMT-nin eksperti və baş analitiki Karlayl Q. Korbinin rəhbərliyi altında hazırlanıb. Hesabatda qeyd olunur ki, Bonayredə tətbiq olunan “dövlət orqanı/subyekti” statusunun “ərazi dövlət qurumu” statusuna dəyişdirilməsi, müstəmləkəçi asılılıq idarəetmə islahatıdır ki, bu da bütün demokratik idarəetmə ölçülərində qeyri-bərabərliyi davam etdirir və beynəlxalq hüquqa uyğun əsl özünüidarəetmə hüququnu əngəlləyir. Bu hesabat BMT-nin Baş Assambleyası tərəfindən müstəqil olaraq təsdiqlənib və akkreditə edilib. Çünki o, BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş özünüidarəetmə göstəricilərini ehtiva edir.
BMT-nin öhdəlikləri:
Bonayrenin özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsi, Niderland hökumətinin hər il BMT Baş Assambleyasına Bonayrenin sosial, iqtisadi və siyasi inkişafına dair hesabat verməsini tələb edəcək. Bu, BMT Nizamnaməsinin 73-cü maddəsi, 1-ci və 55-ci maddələri, 1960-cı ildə qəbul edilən 1514 (XV) saylı qətnaməsi (BMT-nin Dekolonizasiya üzrə Bəyannaməsi), Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı, Beynəlxalq İqtisadi, Sosial və Mədəni Hüquqlar Paktı, Hər növ irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Beynəlxalq Konvensiya və Birləşmiş Millətlər Təşkilatının Yerli Xalqların Hüquqları üzrə Bəyannaməsi ilə nəzərdə tutulur. Bu hesabat BMT orqanlarına Bonayre ilə əlaqəli tədbirlər görmək, müdaxilə etmək və zəruri hallarda ona yardım göstərmək imkanı yaradır.
Nəticə - Bonayrenin yenidən özünü idarə etməyən ərazi kimi siyahıya alınması ilə bağlı qətnaməyə beynəlxalq dəstəyin göstərilməsi üçün çağırış:
Bonayre öz müqəddəratını təyinetmə və özünüidarəetmə hüququnu qorumaq, təmin etmək naminə özünü idarə etməyən ərazi kimi yenidən qeydiyyata alınmasını müdafiə etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa çalışır. Bu məsələ ilə bağlı qətnamənin Sent-Vinsent və Qrenadinin Baş naziri, Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) keçmiş prezidenti Ralf Qonsalvesin rəhbərliyi ilə bu il oktyabrın əvvəlində BMT Baş Assambleyasında dekolonizasiya gündəliyinin bir hissəsi olaraq yeddi (7) Karib adası tərəfindən təqdim ediləcəyi gözlənilir.
Biz BMT Baş katibini və təşkilata üzv dövlətləri həmrəylik göstərməyə çağırır, Bonayre xalqının öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən humanitar əhəmiyyətli bu mübarizəni dəstəkləmələrini, Bonayre məsələsinə dair qətnaməyə həmmüəllif kimi yeddi Karib adasına qoşulmalarını xahiş edirik. Bu qətnamə Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil olunmasını və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin nəzarəti altına alınmasını nəzərdə tutur.
Biz Bonayre xalqı olaraq Qoşulmama Hərəkatı Troykasının üzvü olan Azərbaycanın Prezidenti İlham Əliyevdən, Qoşulmama Hərəkatı ölkələrindən Bonayre xalqının beynəlxalq dekolonizasiya hüququna uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməyi, Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil olunması məsələsini qaldırmağı xahiş edirik.
Biz Niderland hökumətini müstəmləkə siyasətindən əl çəkməyə və Bonayrenin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına yenidən daxil olunmasının qarşısını almamağa çağırırıq”.