“Nəyi lazım biliriksə, onu da edəcəyik...” - Milli Məclisdə elə QƏRARLAR verildi ki...

Milli Məclisdən ABŞ-a sərt etirazlar; parlament İnzibati Xətalar Məcəlləsinə yeni düzəlişləri ilk oxunuşda təsdiqlədi - hansı ağır cərimələr gəlir?

Oktyabrın 8-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində Milli Məclis üzvlərinin xarici işlər naziri Ceyhun Bayramova ABŞ konqresmenlərinin anti-Azərbaycan fəaliyyəti ilə bağlı etdiyi müraciətdən bəhs etdi.

Bildirdi ki, Milli Məclisin Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib. S.Qafarova xatırlatdı ki, Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərdə, həm də dünyanı narahat edən qlobal problemlərin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir: “COP29-a ev sahibliyi və bu çərçivədə aparılan işlər də bunun bariz nümunəsidir. Ölkəmizin sülh, sabitlik və əməkdaşlıq üçün göstərdiyi yorulmaz səylər danılmazdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, yalnız öz milli maraqlarını əsas götürən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir. Və mən bu çərçivədə möhtərəm cənab Prezidentin bir kəlamını xatırlatmaq istəyirəm: "Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik"".

Milli Məclis hansı hallarda buraxılır? - Oxu.az

Komitə sədri Siyavuş Novruzov çıxışında bildirdi ki, bir çox dövlətləri Azərbaycanın apardığı tikinti-quruculuq işləri, Prezidentin qətiyyətli siyasəti ciddi şəkildə narahat edir. Qeyd etdi ki, bu ölkələrin başında ABŞ dayanır. “Bu dövlətlər Cənubi Qafqazda yenidən müharibə alovunu alovlandırmaq istəyir”, - deyən S.Novruzov əlavə etdi ki, son 60 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayısı ilə, ya birbaşa iştirak edib. “Bu tökülən qanların böyük hissəsi ABŞ-ın üzərinə düşür”, - deyə komitə sədri bildirdi. Deputat vurğuladı ki, vaxtilə Dağlıq Qarabağa, indi isə Ermənistana yardım göstərilməsi, bölgəyə ayrı-ayrı qüvvələrin yerləşdirilməsi, Zəngəzur dəhlizinin açılmaması ABŞ-ın bu münaqişənin “həlli”nə verdiyi “töhfələrdir”.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirdi ki, əgər 90-cı ildə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə, daha da qüvvətləndiksə, bu gün güclü Azərbaycana tətbiq edilən sanksiyaların heç bir nəticəsi olmayacaq: “Hesab edirəm ki, son tarix, qazandığımız zəfər Ermənistan üçün ağıllı dərs olmayıb. Azərbaycan bütün dövlətlərlə sülh modelində çalışmaq niyyətindədir. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olmayacaq”.

Deputat Müşfiq Cəfərov dedi ki, ABŞ uzun illər Azərbaycanı strateji tərəfdaş kimi gördüyünü bildirib, hətta NATO və müttəfiqləri Əfqanıstanda hərbi əməliyyatlar üçün Azərbaycandan tranzit kimi istifadə ediblər: “Lakin son 4 ildə Amerikada keçirilən dinləmələri, səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda olan münasibətlərə ciddi zərbə kimi qiymətləndirirəm”.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirdi ki, ABŞ dövlət katibinin köməkçisi 2024-cü il oktyabrın əvvəlində ATƏT-in konfransında ABŞ-ın “Dağlıq Qarabağ”a yardımlarının davam etdiyi barədə bəyanat səsləndirib. Vitse-spikerin sözlərinə görə, onun bu fikirləri Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir: “Mən buradan onlara səslənirəm: Dağlıq Qarabağ anlayışı yoxdur, Qarabağ var. Bu açıqlamalar Azərbaycan-ABŞ münasibətlərinə kölgə salır. Ağ Ev rəsmilərinin Azərbaycan Prezidentinə Enerji həftəsində və digər tədbirlərdə ünvanlandığı məktublarda regionda sülhün bərqərar olmasında, sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlı olduğunu qeyd edirlər. İndi yürütdükləri siyasət isə onların ikiüzlülüyündən, ikili standartlardan xəbər verir. Niyə ABŞ ötən 30 ildə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarını dünya ictimaiyyəti qarşısında qaldırmadı, niyə erməni qondarma rejiminin ləğvinə çağırışlar etmədi? Təəssüflər olsun ki, Azərbaycan bu gün erməni vandalizminin ağır nəticələri ilə üzləşir. Qarabağımız məhv edilib, milyonlarla minalar basdırılıb, ərazilərimiz yaşanmaz vəziyyətə salınıb. Torpaqlarımız azad olunandan sonra orada aparılan ekshumasiya işlərindən sonra soydaşlarımıza qarşı ermənilərin nə dərəcədə şiddət və təcavüz törətdiyi bir daha məlum olub. Azərbaycan əsassız təhdidləri qəbul etməyəcək, öz milli maraqlarına qarşı olan bütün çağırışları qətiyyətlə cavablandıracaq”.

Milli Meclis: Milli Məclisin plenar iclasında

“ABŞ Konqresinin bir qrup üzvünün Azərbaycana qarşı müraciət imzalamasını rəhbərlik etdiyim Milli Cəbhə Partiyasının(MCP) pislədiyini bəyan edirəm. Təəssüf edirəm ki, konqresmenlər 30 il erməni işğalını görməzdən gəlib, bir milyon qaçqın-köçkünü bilərəkdən düz 30 il unudub, dağıdılmış şəhər və kəndlər onlara təsir etməyib”.

Bunu deputat, MCP sədri Razi Nurullayev söylədi. Bildirdi ki, münaqişənin ilk illərində Azərbaycan qarşı rüsvayçı 907-ci düzəlişi qəbul ediblər: “Bir dəfə də olsun Ermənistana təzyiq göstəməyiblər. Torpaqları işğal edən Ermənistan, 30 il də Amerikadan ən çox hərbi yardım alan da Ermənistan, 907-ci düzəlişlə sanksiyalara məruz qalan da Azərbaycan, hüquq və haqları pozulan da azərbaycanlılar... Bu 30 ildə səsləri çıxmadı, amma indi əlində silah tutub Azərbaycana qarşı döyüşmüş, əlləri 40 min günahsız insanın qanına batan müharibə cinayətkarları olmuş separatçı rəhbərlərin azad edilməsini tələb edirlər. Bu, qəbuledilməzdir!”

Deputat Azər Badamov bildirdi ki, Azərbaycan beynəlxalq hüququn pozulmasından ən çox əziyyət çəkən ölkələrdəndir: “Torpaqlarımızın işğal altında olduğu 30 ildə ABŞ və Fransa Azərbaycanı işğalla barışdırmağa və alçaldıcı sülhə razılaşdırmağa çalışdı. Ermənistan 30 ildə 300-dən çox yaşayış məntəqəmizi yerlə yeksan edib milli mədəni irsimizi yer üzündən silərək 1 milyon azərbaycanlını öz yurdlarından qaçqın və məcburi köçkün salanda ABŞ səsimizə səs vermək əvəzinə ölkəmizə sanksiyalar tətbiq edərək işğalçı və cinayətkarlara haqq qazandırmaq istədi”.

Komitə sədri Səməd Seyidov bildirdi ki, ABŞ COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı öz müsbət rəyini vermişdi, bunu dəstəkləmişdi: “İndi Dövlət Departamenti vasitəsilə həmin tədbiri faktiki alt-üst etmək cəhdi göstərir. Biz bu gün ABŞ-la münasibətləri ciddi şəkildə təhlil etməli, USAİD-in yardımlarına yenidən baxmalıyıq. Düşünürəm ki, bizim məktubumuz XİN tərəfindən ciddi təhlil olunacaq və nəticəyə gəlinəcək”.

Deputat Elman Nəsirovun sözlərinə görə, Azərbaycana qarşı təhdidlərdə ABŞ və onun Dövlət Departamenti öncül mövqedədir: “ABŞ qanunun aliliyindən danışanda bütün ölkələrə dərs verirdi ki, hakimiyyətin bölgüsündə onlardan nümunə götürülsün. Bəs bu, ABŞ-da necə hakimiyyət bölgüsüdür?” E.Nəsirov dedi ki, Milli Məclis deputatlarının Ceyhun Bayramova məktub ünvanlaması ABŞ konqresmenlərinə simmetrik cavabdır: “Burada əsas onların narahat olduğu məqam çox da böyük olmayan Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsidir”.

Milli Məclis komitələrinin sədrləri və müavinləri müəyyənləşib - AZƏRTAC

Deputat Vüqar İskəndərov dedi ki, ekosid, urbasid və bütün bəşəri cinayətlərə məruz qalan Azərbaycan olsa da, sanksiyanın da Azərbaycana tətbiq olunması istənilir: “USAİD-lə bağlı da fikirlərimizi bildirməliyik. Konkret ermənilərə silah verən, bunun üçün Ermənistanın maliyyələşdirilməsi bu təşkilat üçün son həddir. Ölkəmizdə bu təşkilata ehtiyacın qalmadığını düşünürəm”.

Daha sonra deputatlar Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında,  Z.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Gəncə Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında, Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında və Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında qərar layihələrinə səs verdilər.

Deputat Razi Nurullayev “əziz hakimlər, arzumdur ki, siz bu məsələlərdə haqsız tərəfin yanında yox, sizdən tam həqiqəti üzə çıxarmağı gözləyən tərəfin yanında olasınız”, - deyə xitab etdi.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirdi ki, məhkəmə hakimiyyəti məhkəmə qərarlarının icrasını nəzarətdə saxlamalı və buna görə məsuliyyət daşımalıdır: “Bununla əlaqədar olaraq bizim qanunvericiliyə dəyişiklik edilməlidir. Mən çox istəyərdim ki, Ali Məhkəmə və yeni təyin olunacaq hakimlər də çalışsınlar ki, bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər layihəsini Milli Məclisə göndərsinlər”.

İclasda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarıldı. Dəyişikliklərə əsasən, avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq. Hazırda qüvvədə olan qanuna görə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə 30 manat məbləğində cərimə edilir. Təqdim olunan layihəyə əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə təklif olunan digər dəyişikliyə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği də artırılır. Belə ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Bundan əlavə, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur. Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək cərimə tətbiq olunacaq

Qanun layihəsi səsverməyə çıxarılaraq ilk oxunuşda təsdiqləndi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

09.10.2024 10:30
11132