Nəvə nənəsinin evindən 102 minlik oğurluq etdi

Gəncə şəhər sakini Sədaqət Dilavər qızı Cəlali evindən oğurluq edilməsi barədə polisə şikayət edib.

Vətəndaş müraciətində iddia edib ki, öz qonşuları nəvəsi Ayxan Nizami oğlu Əliyevin psixoloji problemlərinin olmasından istifadə edərək evindəki əşyaları oğurlayıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, Sədaqət Cəlalinin nəvəsinin psixoloji problemlərinin olması və kimlərinsə təhriki ilə oğurluq etməsi barədə dedikləri həqiqətə uyğun deyil.

Qeyd olunub ki, Gəncə şəhər sakini Ayxan Əliyev cari ilin iyun ayının 2-dən 3-nə kimi nənəsinə məxsus fərdi yaşayış evindən ümumi dəyəri 102 110 manat olan qızıl-zinət, məişət və elektronik əşyalarını oğurlayaraq müxtəlif şəxslərə satıb.

İş üzrə Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb. İstintaq zamanı oğurlanan əşyaların bir qisminin yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək zərərçəkənə qaytarılıb. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, zərərçəkənin nəvəsi, cinayəti törətməkdə şübhəli bilinən A.Əliyevin araşdırma zamanı hər hansı bir fiziki və ya psixoloji problemi müəyyən edilməyib və əvvəllər də oğurluq etdiyinə görə məhkum olunub.

25.07.2024 19:02
906