“Netflix” anti-Azərbaycan filmi - əsas “rolda” Cəmil Həsənli

Aqil Abbas: “Cəmil Həsənlini ağıllı adam bilirdim, amma...” 

Qərbin müəyyən dairələrində anti-Azərbaycan ritorika səngimir. Bu çirkin təbliğat bütün əndazələri aşmaqdadır. Erməni lobbisinin təsiri altında olan dairələr rəsmi Bakının Cənubi Qafqazda yaratdığı reallıqlarla barışmayaraq ona qarşı hərtərəfli hücuma start veriblər. Ən acınacaqlı hal ondan ibarətdir ki, bu hücum bütün sahələri əhatə etməkdədir. Qərəzli, riyakar fəaliyyətlərinə özlərini müxalifət adlandıran yerli qüvvələri də qoşublar. Hədyanlıq o həddə çatıb ki, Azərbaycanda özünü müxalifət kimi qələmə verən şəxsləri “ekspert” və “mütəxəssis” kimi qərəzli təbliğatlarına cəlb edirlər. Bəlli olub ki, Qərbin müxtəlif dairələri bu dəfə Azərbaycanın müasir dövr tarixi ilə bağlı qərəzlə dolu film ərsəyə gətirməyə hazırlaşırlar.

“Report”un araşdırma qrupunun əldə etdiyi eksklüziv məlumata görə, Böyük Britaniyada yaşayıb-yaradan yazıçı Devid Qreys tərəfindən “Cəzasız olan cinayət” adlı beynəlxalq bədii layihə hazırlanır.

Bu layihədə Rusiya İmperiyasının, Sovet İttifaqının və Rusiya Federasiyasının postsovet məkanında yaşayan xalqlara qarşı törədilmiş cinayətlərinin “Netflix” videoplatformasında göstərilməsi nəzərdə tutulub. İlk baxışda burada qeyri-adi nəsə yoxdur. Adi bir tarixi filmdir. Lakin əldə etdiyimiz məlumata görə, filmdə sovet dövründə Azərbaycanda hakimiyyətdə olanlar, eləcə də indiki hakimiyyət haqqında mənfi məlumatların verilməsi nəzərdə tutulur.

Layihəyə məsləhətçi kimi isə “Milli Şura” kimi tanınan qurumun sədri Cəmil Həsənli dəvət olunub. Azərbaycanla bağlı daha çox qərəzli mövqedən çıxış edən müxalifət funksioneri sözsüz ki, ortaya obyektiv mövqe qoya bilməz. Məgər həmin dövrlə bağlı digər bir mütəxəssis tapmaq çox çətin idimi? Hər halda, Azərbaycan tarixinin həmin illərini araşdıran çoxsaylı ekspert və alimlər mövcuddur. Bu da Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti təzahürüdür.

Xatırladaq ki, layihənin gələn ilin aprel ayında “Netflix” platformasında nümayişi planlaşdırılır. 

Aqil Abbas Gədəbəyin icra başçısı və bələdiyyə sədrini tənqid edib

Aqil Abbas

Məsələ ilə bağlı millət vəkili Aqil Abbas “Yeni Müsavat”a danışıb: “Əlbəttə ki, Qərb ölkələrinin əksəriyyəti hər zaman Azərbaycana qarşı qərəzlilik nümayiş etdirir. Amma İngiltərə həmin ölkələrə nisbətən Azərbaycana qarşı yumşaq mövqe sərgiləyirdi. İndi niyə bu cür qərəzli yanaşır, anlamaq olmur. O ki qaldı Cəmil Həsənlinin həmin layihənin məsləhətçisi kimi iştirak etməsinə və Azərbaycanla bağlı qərəzli mövqeyinə, ola bilər ki, onu tanıyıblar deyə dəvət ediblər. Mən Cəmil Həsənlini ağıllı adam bilirəm, amma  qərəzli mövqe veribsə, gərək bunu etməyəydi. Cəmil Həsənlinin iqtidarla düşmənçiliyi varsa, buna görə millətlə düşmənçilik etməməlidir. Daha bir məsələ, zaman-zaman Azərbaycanla bağlı uydurma və yalanlarla dolu filmlər çəkilib və çəkiləcək də. Bunun qarşısını almaq üçün özümüz öz həqiqətlərimiz haqqında film çəkməliyik. Yəni kinoya kinomuzla cavab verməliyik, yoxsa ki, gedib  "Netflix"lə dalaşası deyilik ki... Doğrudur, artıq uzun müddətdir ki, kino sahəsində bir durğunluq yaşanır. Amma bildirim ki, artıq yeni filmlər üçün işlər görülür, tezliklə bizim də filmlərimiz olacaq". 

NƏSİROV Elman Xudam oğlu

Elman Nəsirov 

YAP-çı deputat Elman Nəsirov dedi ki, Qərb ölkələrinin Azərbaycana münasibətində, davranışından xeyli qərəzlər, ikili standartlar görürük: “Bu heç də yeni bir hadisə deyil. 30 il ərzində bu cür davranışları dəfələrlə görmüşük.  Lakin burada  bir məqam var ki, bu cür davranışları Fransa, Amerika edəndə anlaşılandır, amma Böyük Britaniyada olması təəssüf doğurur. Çünki Böyük Britaniya ilə Azərbaycanın münasibətləri ənənəvi tarixi köklərə malikdir və müasir dövrdə də bizim münasibətlərimizin yüksək inkişaf tempi var, xüsusilə də enerji təhlükəsizliyi sahəsində əlaqələrimiz ən yüksək sürətlə inkişaf edir. Belə ki, məlum olduğu kimi, BP şirkəti bizim strateji enerji layihələrinin həmişə operatoru olub və bu gün də belədir. Bu nöqteyi-nəzərdən iki dövlət olaraq strateji tərəfdaşlarıq və fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür.

Lakin bu o demək deyil ki, Böyük Britaniya cəmiyyətində öz şəxsi mənafeləri naminə, mədəsinin gözü ilə prosesə qiymət verən müəyyən siyasi dairələr yoxdur. Məsələyə bu cür yanaşmaq ki, biz dostuq, strateji tərəfdaşıq və bu ölkədə heç bir anti-Azərbaycan dairə ola bilməz, bu səhv yanaşma olardı. Bəli, Böyük Britaniyanın daxilində anti-Azərbaycan siyasi qüvvələr var və onlar öz fəaliyyətlərini həyata keçirərkən çalışırlar ki, elə azərbaycanlılardan istifadə etsinlər. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, onlar bu işi həyata keçirərkən belə azərbaycanlıları tapa bilirlər və onlardan biri də Cəmil Həsənlidir.

Cəmil Həsənli: "Mənə dedilər ki, Azərbaycana qayıtmağın çox təhlükəlidir" -  BBC News Azərbaycanca

Məlum olduğu kimi, Cəmil Həsənli Milli Şuranın fəxri sədridir, ABŞ-da, Londonda anti-Azərbaycan çıxışları ilə yadda qalıb. İndi də məlum olur ki, anti-Azərbaycan əleyhinə film çəkilir və həmin filmdə məsləhətçi qismində Cəmil Həsənli təmsil olunur. Bu filmi hələ görməmişik, onunla bağlı ciddi məlumatlara malik deyilik, lakin sızan məlumatlara görə, bu filmdə Azərbaycan əleyhinə xeyli kadrlar, Azərbaycan iqtidarı ilə bağlı təhrif edilmiş məlumatlar öz əksini tapıb. Görünür, Cəmil Həsənlinin məsləhətləri filmin anti-Azərbaycan ovqatında formalaşmasında həlledici rol oynayıb. Bu qəbuledilməzdir. Hesab edirəm ki, Cəmil Həsənli radikal müxalifəti təmsil etsə belə, xaricdə Azərbaycan əleyhinə, erməni maraqlarına xidmət edən bir filmdən söhbət gedirsə, o, radikallığını kənara qoyub, milli hissləri ön plana keçirməli idi. Çünki söhbət onun doğulduğu, havasını udduğunu, çörəyini yediyi Azərbaycandan söhbət gedir. Lakin təəssüf ki, biz bunu görmürük". 

Millət vəkili qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycan öz reaksiyası və tələbini bildirməlidir: “Belə olan vəziyyətdə susmaq olmaz, öz mövqeyimizi nümayiş etdirməliyik. Həmin filmin çəkildiyi, dublyaj olunduğu yaradıcılıq məkanlarına öz etirazımızı bildirməliyik. Və Böyük Britaniyadakı Azərbaycan səfirliyi, diplomatik korpusumuz bu işdə çox ciddi işlər görməli, çalışmalıdır. Həmçinin Böyük Britaniyada çox sayda dostlarımız var, hansı ki, hər zaman Azərbaycanın milli maraqlarını nəzərə alırlar,  onlarla bu istiqamətdə fəaliyyətlərimizi gücləndirməliyik. 

Azərbaycan ziyalıları da bu məsələdə öz mövqeyini nümayiş etdirməlidir. Amma bu mövqe elə olmalıdır ki, Böyük Britaniya ilə  ənənəvi dostluq münasibətlərimizə xələl gətirməsin. Çünki bir çox hallarda belə filmləri çəkən tərəflər hər şeyi hesablayırlar. İndi də yəqin ki, hesablayıblar nəinki Azərbaycanın buna etirazı olacaq,  sərt reaksiyalar verəcək və bu da iki ölkə arasında münasibətlərə xələl gətirə bilər. 

Bütün bunları nəzərə alıb, diplomatik, informasiya müstəvisində öz fəaliyyətimizi aparmalı, qərarlarımızı verməliyik".

Xalidə GƏRAY,
“Yeni Müsavat”



01.12.2023 09:48
3590