Nərd oynadığı qonşusu ilə sözü çəp gəldi, elektrik mişarı ilə başını yardı

Abşeron rayonu, Masazır qəsəbəsində elektrik rəndə-mişarla qonşusunun başını yaran şəxsə hökm oxunub.

"Qaynarinfo"nun məlumatına görə, hadisədən sonra 1971-ci il təvəllüdlü Qəbələ rayon sakini Şirin Kəlbiyev (soyad şərti) saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Hadisə zamanı xəsarət alan şəxs isə İlqar Cəfərov (soyad şərti) olub.

Belə ki, Şirin qonşuluqda yaşayan İlqarı evinə çağıraraq nərd oynayıblar. Qonşular nərd oynaya-oynaya içki qəbul ediblər. Şirin oyunu səhv oynadığından İlqar ona iradını bildirib. Bu zəmində aralarında mübahisə yaranıb.

Bu zaman İlqar oynamaq istəmədiyini deyərək ayağa qalxıb evinə getmək istəyib. Şirin bundan əsəbiləşərək yerdən elektrik mişarını götürüb və kəsici hissəsi ilə onun baş nahiyəsindən bir dəfə zərbə vurub.

Zərbənin təsirindən İlqarın başından qan axmağa başlayıb və o yıxılıb. Şirin isə kömək etmək əvəzinə evdən çıxıb gedib. İlqar dəfələrlə ona kömək istəsə də, Şirin onu orada tək qoyub.

Zərərçəkmiş bundan sonra əvvəlcə Daxili İşlər Nazirliyinin "102" xidmətinə, sonra isə təcili tibbi yardıma müraciət edib. Təcili tibbi yardım avtomobili ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına aparılan İlqarın başına dörd yerdən cərrahi tikişlər qoyulub.

Məhkəmənin qərarı ilə Şirin altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

03.06.2024 14:21
1185