Nəqliyyat ekspertindən təklif: “Gecə avtobusları təşkil edilməlidir”

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub. Bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. O, qeyd edib ki, yeni konsept daşıyıcılarla brutto kontraktın bağlanılmasından ibarətdir:

“Bu barədə uzun müddət ciddi mürakirələr gedib. Təqdim etdiyimiz sistem üzrə bütün hesablamalarımız var. Sistem çox sadədir. Bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən kilometr hesabı pul ödənilir. Avropada avtobuslar brutto kontraktla işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və axşam saat 12-ə qədər xidmət göstərməyə həvəsli olur. Bizim də təqdim etdiyimiz həmin sistemdir. Onun bütün hesablamaları işlənilib. Dəqiqliklə başa düşürük ki, burada xərc nə qədər olacaq və nə baş verəcək”.

“Təqdim etdiyimiz sistem ölkədə siyasi olaraq da dəstəklənir. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib. Amma bu, kifayət qədər ciddi maliyyə vəsaiti tələb edən bir məsələdir”, - deyə A.Rzayev əlavə edib. (APA)

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Musavat.com-a bildirdi ki, dünya təcrübəsində brutto müqavilələr işlək alətdir, təsdiq olunduğu təqdirdə müsbət dəyişikliklər müşahidə oluna bilər:

457974025_001334890_1920x0_80_0.jpg (389 KB)

“Daşıyıcıların maliyyə dayanıqlılığını təmin etmək üçün müasir şəhərlərdə brutto müqavilələrdən istifadə olunur. Hər kilometrə görə subsidiya verilir. Bu, daşıyıcılara dayanıqlı xidmət göstərməyə kömək edir: həm kredit cəlb edərək avtoparkı yeniləyə bilirlər, həm də sürücülərin maaşlarını artırırlar. Bu, bilet paketini formalaşdırmağa da kömək edir ki, sərnişinlər bir nəqliyyat növündən digərinə pulsuz keçə bilirlər. Bu baxımdan brutto müqavilələr önəmli alətdir. Bildiyim qədərilə AYNA hökumətə təklif verib, təsdiq gözləyir. Təsdiq olunduğu təqdirdə biz ictimai nəqliyatın avtobus seqmentində müsbətə doğru hərəkətləri müşahidə edəcəyik”.

Ekspert ictimai nəqliyyatın gecə saat 12-ə kimi işlək olmasını doğru hesab etmir: “Bakı şəhəri meqapolisdir, bütün meqapolislərin gecə həyatı var. Bakıda cəmi bir avtobus 7/24 işləyir-H1 ekspress xətti. Amma fərqli istiqamətlər üzrə ciddi təhlillər aparmaqla gecə avtobuslarının fəaliyyəti təmin olunmalıdır. Adi avtobus səhər saat 6-dan gecə saat 12-ə qədər işləməlidir, əgər bunu görmürüksə, səbəb maliyyə ilə bağlıdır. Müəyyən istiqamətlər üzrə gecə avtobusları təşkil olunmalıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

10.10.2024 15:18
390