Hökumət ortamüddətli makroiqtisadi gözləntilərini açıqladı; gələn il dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır
Azərbaycan hökuməti 2025-ci il üçün dövlətin büdcəsinin ilkin parametrlərini, həmçinin növbəti 3 il üçün makroiqtisadi gözləntilərini açıqlayıb.
Maliyyə Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”dan aydın olur ki, İqtisadiyyat Nazirliyi tərəfindən avqust ayında ortamüddətli dövr - 2025-2028-ci illər üzrə Azərbaycanda makroiqtisadi sahədə gözləntilər proqnozlaşdırılıb. Nazirliyin hazırladığı baza ssenaridə Azərbaycanın əsas gəlir mənbəyi olan neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70.0 ABŞ dolları və 2026-2028-ci illər üçün 65.0 ABŞ dolları fərz edilib. İkinci əsas ixrac məhsulumuz olan təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti isə baza ssenaridə 2025-ci il üzrə 242.0 ABŞ dolları, 2026-2028-ci illər üzrə isə 236.0 ABŞ dolları olaraq götürülüb.
Proqnozlara əsasən 2025-ci ilin sonuna ÜDM-in həcminin 129.2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92.2 milyard manat təşkil edəcəyi, 2028-ci ildə isə ÜDM-in 150.8 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcminin 117.2 milyard manata qədər artacağı gözlənilir. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3.35 faiz, qeyri-neft/qaz ÜDM-in 5.0 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0.3 faiz artacağı gözlənilir.
Hökumətin gözləntilərinə əsasən qarşıdakı 3 ildə Azərbaycanın neft-qaz gəlirləri azalacaq, qeyri/neft-qaz gəlirləri artacaq. Belə ki, 2024-cü ildə Azərbaycanın neft-qaz gəlirləri 17 milyard 769 milyon manat proqnozlaşdırılırsa, 2025-ci ildə bu, göstəricinin 17 milyard 73 milyon, 2026-cı ildə 16 milyard 767 milyon, 2027-ci ildə 16 milyard 555,4 milyon, 2028-ci ildə 15 milyard 761,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, 2028-ci ildə neft-qaz gəlirləri 2024-cü illə müqayisədə 2 milyard 7,8 milyon manat, yəni 11,3 faiz az olacaq.
Qeyri/neft-qaz gəlirləri isə 2024-cü ildə 18 milyard 619 milyon manat, 2025-ci ildə 19 milyard 543 milyon, 2026-cı ildə 21 milyard 356,3 milyon, 2027-ci ildə 22 milyard 596,5 milyon, 2028-ci ildə 23 milyard 992,4 milyon manat proqnozlaşdırılır. Yəni bu gəlirlər 4 ilə 5 milyard 373,4 milyon manat, yəni 28,8 faizdən çox artacaq.
Azərbaycanda ortamüddətli dövrdə dövlət borcunun məbləğinin artması proqnozlaşdırılır. Musavat.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da əksini tapıb.
Sənədə əsasən ortamüddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə qeyri-neft sektorundan əldə olunan gəlirlərin dövlət büdcəsi kəsirini tam təmin etməyə kifayət edəcəyi müddətədək daxili bazarda dövlət qiymətli kağızlarından aktiv istifadə davam etdiriləcək. Bununla yanaşı, müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən, nəqliyyat sektoru, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılıb.
Proqnoza əsasən 2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 30,0 milyard manat səviyyəsinə və ya ÜDM-in 23,0 faizinə çatacağı proqnozlaşdırılır. Həmin dövrdə xarici dövlət borcunun 9,0 milyard manat və ya ÜDM-in 7,0 faizi həcmində, daxili dövlət borcunun isə 21,0 milyard manat və ya ÜDM-in 16,0 faizi həcmində olacağı gözlənilir. Ortamüddətli (2025-2028-ci illər) dövrün sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 33,8 milyard manat səviyyəsinə çatacağı və ÜDM-in 23,0 faizdən aşağı olacağı gözlənilir.
Baza ssenariyə əsasən hökumət 2025-ci ildə ölkədə inflyasiyanın 4,6 faiz, 2026-cı ildə 4 faiz, 2027-2028-ci illərdə 3,8 faiz olacağını proqnozlaşdırır.
Hökumət həmçinin qarşıdan gələn 4 ildə manat/dollar məzənnəsinin 1.7 manat olaraq qalacağını gözləyir.
2025-ci ilin dövlət büdcəsinə gəlincə, onun gəlirləri neftin 70 dollarlıq dünya bazar qiyməti ilə hesablanıb. Neftimiz bu qiymətə satılarsa, gələn büdcəmizə ÜDM-in 28,3 faizi həcmində yəni 36 milyard 616 milyon manat daxil olacaq. Bunun 46,6 faizi və ya 17 milyard 73 milyon manatı neft-qaz sektorunun, 53,4 faizi və ya 19 milyard 543 milyon manatı qeyrineft/qaz sektorundan əldə ediləcək.
2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 42,3 faizini və ya 15 milyard 500 milyon manat təşkil edəcək. Daha 12 milyard 781 milyon manat və ya ümumi gəlirlərin 34,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6 milyard 600 milyon manat və ya 18 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 840,milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 895 milyon manatı və ya 2,4 faizi isə sair gəlirlərin payına düşəcək.
Xərclərə gəlincə, 2025-ci ildə dövlətin cibindən 39 milyard 668 milyon manat xərclənməsi nəzərdə tutulur. Bu 2024-cü ilin dürüstləşdirilmiş büdcəsindən 75 milyon manat və ya 0,2 faiz azdır.
2025-ci ildə bəzi sahələrə ayrılan xərclər kəskin azalacaq, bəzi sahələrdə isə ənənəvi olaraq artım baş verəcək. Məsələn, iqtisadi fəaliyyət xərcləri 2024-cü illə müqayisədə 1 milyard 448 milyon manat və ya 15 faiz azaldılaraq 8 milyard 455 milyon manat təşkil edəcək
Ümumi dövlət xidmətləri üzrə xərclər isə əksinə, cari ilə nəzərən 15 faiz artırılaraq 4 milyard 543 milyon manatda 5 milyard 241,3 milyon manata çatdırılacaq.
Azaldılacaq xərclər arasında müdafiə və milli təhlükəsizlik istiqaməti də var. Bu xərc maddəsinin 2025-ci ildə 6 milyard 658 milyon manat təşkil etməsi nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 468 milyon manat və ya 6,6 faiz azdır.
Daha bir azaldılan xərc kənd təsərrüfatıdır. Gələn il bu sahəyə 2024-cü ildəkindən 31 milyon manat az - 1 milyard 172 milyon manat ayrılacaq.
Növbəti ildə təhsil xərcləri artırılacaq: cari ildəki 4 milyard 550 milyon manatdan 8,7 faiz çox - 4 milyard 946 milyon manat olacaq. Səhiyyə xərcləri isə 1 milyard 866 milyon manatdan 1 milyard 997 milyon manata qaldırılacaq.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər də artırılır - 2025-ci ildə bu sahəyə 3 milyard 208 milyon manat sərf ediləcək. Bu, 2024-cü ildəkindən 118 milyon manat və ya 3,8 faiz artıqdır.
Vüqar Bayramov
İqtisadçı-alim Vüqar Bayramovun fikrincə, gələn ilin büdcəsindən sosial müdafiə və sosial təminata yönəldiləcək vəsaitlərin artırılması müsbət haldır: “Açıqlanan sənədə əsasən, gələn il dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn il sosial xərclər 14 faiz artırılacaq. İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də, əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldili”.
İqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsi riskli yanaşmadır: “Aydın məsələdir ki, neft qiymətinin az götürülməsi gəlirlər üzrə proqnozları kəskin azaldacaq və bu da büdcə kəsirinin artmasına səbəb olacaq. Kəsirin qapadılması isə borclanmanı artıracaq. Buna görə də neft qiyməti 70 dollar olaraq götürülüb.
Bəs qlobal və geosiyasi proseslər arzuolunmaz gedərsə, neft qiymətiin uzun müddətli aşağı olması halında ödəliklər necə təmin ediləcək? Borclanmanın artırılması, transfer və digər vəsitələrlə xərclər qarşılana bilsə də sonrakı proseslərdə əlavə “qayğılar” yaranacaq. Buna görə də ilkin təsdiqlənəcək büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsi doğru olmazdı.
İlin əvvəlində ümumi xərc göstəricisinin aşağı olması sevindirici olmasa da, amma qorxulu da deyil. Onsuz da hər ilin ortalarında büdcəyə yenidən baxılır. O zaman xərclərə yenidən baxaraq əlavələr etmək və illik hədəflərə nail olmaq da mümkündür. Yetər ki, hazırkı məqamda risklər doğru sığortalansın.
Düşünürəm ki, Milli Məclisin yeni formalaşmış komandası qanun layihəsinin müzakirəsi zamanı bu risk faktorunun azaldılması üçün bu təkliflərlə çıxış edəcək".
V.Bayramov də hesab edir ki, ilin ortasında zərurət yaranarsa, büdcə parametrlərində dəyşikliklər edilməsi mümkündür: “Əlbəttə, 2025-ci ildə neft qiymətlərinə dair proqnozlar büdcədə nəzərdə tutulan qiyməti əhatə edir. Lakin neft bazarına mənfi təsir göstərəcək siyasi-hərbi faktorlar da var. Bu baxımdan, hesab edirik ki, büdcə hesablamalarında neft qiymətlərinə daha mühafizəkar yanaşılması doğru olar”.
Dünya SAKİT,
“Yeni Müsavat”