Üç əsas növ yanacaq - neft, təbii qaz və kömür istehlakı 2030-cu ilə qədər pik həddə çatacaq.
Musavat.com xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib. Agentliyə görə, həmin ildən sonra bu yanacaq növlərinin istehlakı azalmağa başlayacaq və buna bərpa olunan enerji mənbələrinin sürətlə yayılması və elektriklə işləyən avtomobillərin sayının artması səbəb olacaq.
Qeyd edək ki, bu, agentliyin eyni vaxtda neft, qaz və kömür üçün bir istiqamətli mənfi istehlak dinamikasını nəzərdə tutan ilk proqnozudur.
BEA rəhbəri Fatih Birol hesab edir ki, dünya “qalıq yanacaq dövrünün sonunun başlanğıcını görür və növbəti dövrə hazırlaşmalıdır". O hesab edir ki, siyasətçilər vəsait çatışmazlığına və seçicilərin mümkün tənqidlərinə baxmayaraq, enerji keçidini sürətləndirmək və emissiyaları azaltmaq üçün hərəkətə keçməlidirlər.
F.Birol diqqəti son 10 ildə qlobal təbii qaz tələbatındakı artımın təxminən üçdə birini və neft tələbindəki artımın üçdə ikisini təmin edən Çin iqtisadiyyatında "struktur dəyişikliklərinə" çəkib. Söhbət əsasən ağır sənayedən daha az enerji tutumlu sənaye və xidmət sahələrinə keçiddən gedir. Eyni zamanda, onun sözlərinə görə, ölkədə kömür istehlakının potensial artımı günəş, külək və nüvə enerjisinin inkişafı hesabına kompensasiya olunacaq.
İEA rəhbəri vurğulayıb ki, digər məsələlərlə yanaşı, ayrı-ayrı ölkələr tərəfindən hasilatın azaldılması nəticəsində neft qiymətlərinin artması nəqliyyat sektoru üçün xüsusilə vacib olan təmiz enerjiyə keçid sürətinin artırılmasında rol oynayır. Birol bildirib ki, mövcud tendensiyalara görə yeni irimiqyaslı qalıq yanacaq layihələri təkcə iqlim riskləri deyil, həm də maliyyə riskləri daşıyır və problemli aktivlərə çevrilə bilər.
Əsas istehsalçılar isə öz növbəsində BEA-nın mövqeyini tənqid edir və xəbərdarlıq edirlər ki, neft və qaz tədarüklərinə kifayət qədər sərmayə qoyulmaması istehlakın pik həddi ilə bağlı proqnozlar həddən artıq optimist olduğu halda, yeni enerji böhranları təhlükəsi yaradır.
Belə ki, aprel ayında OPEK BEA-nı yeni yataqların işlənməsinə investisiya qoyuluşunu dayandırmağa çağıraraq bazarlarda qeyri-sabitlik yaratmaqda ittiham edib.
Musavat.com