Neft və qaz Azərbaycan ÜDM-nə necə təsir edir? – Ekspert şərhi

Hazırda Azərbaycan iqtisadiyyatının təbii resurs sektorunda fromalaşan ÜDM-nin 75 faizi xam neftlə, 25 faizi təbii qazla bağlıdır.

Musavat.com xəbər verir ki, bu məlumatla iqtisadçı-ekspert Rövşən Ağayev çıxış edib.

Onun sözlərinə görə, 2023-cü ilin 11 ayının statistikası göstərir ki, Dövlət Neft Fondunun təbii resirsların satışından formalaşan gəlirlərinin 83 faizi xam neftin, 17 faizi təbii qazın ixracı ilə bağlıdır: “Təbii resurs ixracından ölkəyə daxilolmaların 60 faizi xam neft, 40 faizi təbii qazla bağlıdır.

Qeyd edim ki, neft-qaz sektorunda ÜDM-nin artıb-azalması təbii resursların qiymətilə yox, hasilatın həcmilə bağlıdır. Milli Hesablar Sistemilə bağlı məlumatlı olan dostlar bilir, real artım tempini hesablamaq üçün ÜDM-nin cari qiymətlərlə hesablanan həcmi baza ilinin qiymətilə hesablanan hasilat göstəricisinə faizlə nisbəti götürülür.

Neft-qazın qiymətinin ÜDM-ə təsiri 2 kanalla baş verir: xalis ixracatı artırmaqla, hökumətin genişləndirilmiş fiskal siyasəti vasitəsilə iqtisadiyyata sərmayələrin artımı hesabına.

Məsələn, 2022-ci ildə neft-qaz ÜDM-nin real həcmi 2,7 faiz azalıb. Halbuki 2022-də Brent markalı neftin orta illik qiyməti 100 dollar, 2021-də isə 70 dollar ətrafında olmuşdu.

Amma 2021-də neft hasilatının həcmi 6,1 faiz azalmışdı, əmtəəlik təbii qaz hasilatı isə 7 faiz artmışdı. Sadəcə, neft-qaz ÜDM-nin 75 faizini xam neft formalaşdırdığı üçün 6 faizlik azalmanın artım dinamikasına azaldıcı təsiri dominant olub”.

Ekspert bildirir ki, neftin ixrac qiyməti hər barel üçün 35 dollar olduqda belə, Azərbaycan üçün rentabellidir. Təbii qazda isə hər 1000 kubmetr 150 dollar olduqda belə minimum rentabellik var.

Musavat.com

04.01.2024 21:20
1127