Neft qiymətləri spekulyasiyalara görə düşür – OPEK

May ayında neft qiymətlərinin ucuzlaşması spekulyativ satışlar, geosiyasi risklərin azaldılması gözləntiləri, mərkəzi bankların monetar siyasətinə dair qeyri-müəyyənlik və qarışıq iqtisadi göstəricilərin bazar əhval-ruhiyyəsinə təsir göstərməsi ilə bağlıdır.

Musavat.com xəbər verir ki, bu fikirlə OPEK analitikləri çıxış ediblər. Qeyd edək ki, may ayında Brent markalı neft 6 dollar və ya 6,7 faiz ucuzlaşaraq orta qiyməti 83 dollara, WTI markalı neftin bir barreli isə 5,77 dollar və ya 6,8 faiz ucuzlaşaraq 78,62 dollara düşüb.

OPEK-in aylıq hesabatında qeyd edilir ki, "ay ərzində spekulyativ satışlar qiymətlərin aşağı düşməsinə və bazar dəyişkənliyinin artmasına səbəb olub”. Bildirilir ki, maliyyə menecerləri mayda ICE Brent fyuçers bazarında 173 milyon barel ekvivalent neft satıblar.

Hedcinq fondları və digər pul menecerləri ICE Brent fyuçers bazarında 2020-ci ilin noyabr ayından etibarən qısa mövqeləri kəskin şəkildə ən yüksək səviyyəyə qaldırıblar. OPEC bildirib ki, ICE Brent və NYMEX WTI fyuçersləri və opsionlarında birləşmiş xalis uzun mövqelər keçən ilin yanvarından bəri ən aşağı səviyyələrə düşüb.

Xam neftin hər üç bazar strukturu - ICE Brent, NYMEX WTI və DME Oman - may ayında əvvəlki ayla müqayisədə zəifləyib.

Musavat.com

11.06.2024 16:42
480