Nigeriyanın Rivers əyalətində neft kəməri partlayıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Omoku bölgəsində neft oğurlamaq istəyən gənclərin deşdikləri borunun partlaması nəticəsində baş verib.
Məlumata görə, baş verən partlayışda 20 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib və partlayışla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada zaman-zaman neft oğurluğu hadisələri baş verir. Hökumət bu il ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar nəticəsində 3 milyard dollardan çox ziyan vurulduğunu açıqlayıb.
Musavat.com