Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında Azərbaycanda neft hasilatının azalmasına da toxunub. Dövlət başçısı bildirib ki, ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək: “Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir”.
Qeyd edək ki, son vaxtlar hasilatın azalması sürətindəki artım Azərbaycanda və ondan kənarda ciddi müzakirələrə səbəb olub. Bir çox ekspertlər belə azalmanın ölkəyə daxil olan gəlirlərin kəskin azalmasına gətirib çıxaracağını bildirirlər.
Rəsmi məlumata əsasən, 2023-cü ildə Azərbaycanın xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir 2022-ci ildəki 19,5 milyard dollarla müqayisədə azalaraq 16 milyard dollardan bir qədər çox olub. Dövlət Gömrük Komitəsinin statistikası göstərir ki, hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmində xam neft və neft məhsullarının payı 2022-ci ildəki 51,08 faizlə müqayisədə azalaraq 47,91 faiz olub.
Cari ilin yanvar ayında Azərbaycanın ümumi ixracında azalma qeydə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın fevral sayına əsasən yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, yanvar ayında ölkənin ümumi ixracı 100 milyon dollar (ötən ilin yanvarında 1,9 milyard dollar olub), o cümlədə qeyri-neft ixracı 62,5 milyon dollar (284,5 milyon dollar) azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ilin yanvar ayında neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, qeyri-neft/qaz sektorunda isə 8,9 faiz artıb. Bildirilir ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artıb.
Neft istehsalındakı azalma əsas hasilat mənbəyi olan “Azəri-Çıraq-Günəşli” yatağının təbii qocalmasından irəli gəlir. Energetika Nazirliyi bildirir ki, 2024-cü ilin yanvar ayında ölkədə 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.
Ay ərzində 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,8 milyon tonu konsorsiumun, 0,3 milyon tonu isə SOCAR-ın payına düşüb.
Müqayisə üçün bildirək ki, 2023-cü ilin yanvar ayında ölkədə 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Respublika üzrə neft hasilatının 1,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.
Hesabat dövründə 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşüb. Göründüyü kimi, AÇG-də neft hasilatı illik müqayisədə 200 min ton azalıb.
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, yanvar ayında Azərbaycandan 10 ölkəyə 863 453,89 min dollarlıq 1 462 278,29 ton neft ixrac edilib. Maraqlıdır ki, ötən ay Azərbaycan neftinin ən böyük alıcısı statusunu əldə edən ölkə dəyişib: birinci olan İtaliyanı əvvəl ikinci olan İsrail əvəz edib. Ay ərzində Azərbaycandan İsrailə 296 milyon 946,74 min ABŞ dolları dəyərində 523 min 553,89 ton neft ixrac edilib. Neft ixracında ikinci yerin sahibi Tailand olub. Hesabat dövründə bu ölkəyə 115 milyon 322,09 min dollar dəyərində 189 min 175,53 ton neft ixrac edilib.
Həmişə Azərbaycanın neft ixracı üzrə siyahısında birinci yeri tutan İtaliya isə üçüncü pilləyə düşüb: yanvar ayında bu ölkəyə 110 milyon 546,51 min dollar dəyərində 179 min 236,62 ton neft ixrac edilib.
Neft ixracındakı azalma Dövlət Neft Fonduna (ARDNF) daxil olan gəlirləri də azaldır. Yanvar ayında fond AÇG yataqlar blokundan 387,645 milyon dollar gəlir əldə edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 237,429 milyon dollar və yaxud 38 faiz azdır. Xatırladaq ki, 2023-cü ilin yanvar ayında ARDNF AÇG-dən 625,074 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişdi.
Prezidentin andiçmə mərasimində neft hasilatı ilə bağlı səsləndirdiyi fikirlərə diqqət yetirən iqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, onları neft hasilatına əlavə investisiya qoyuluşlarının anonsu kimi qiymətləndirir: ""Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq". Cənab Prezidentin andiçmə mərasimi zamanı işlətdiyi bu ifadə neft sektoruna xarici investisiya həcmlərinin artmasına və neft gəlirlərinin stabilliyinin saxlanılmasına dair ciddi anonsdur. Çünki sabit neft hasilatı üçün investorların yeni investisya layihələrinin icrasına başlamasına ehtiyac var. Eyni zamanda sabit neft hasilatı sabit neft gəliri deməkdir. Qaz və bərpa olunan enerji mənbələri ilə bağlı isə investisiya mühiti daha əlverişlidir. Bu sahədə hər hansı ciddi problem yoxdur".
Enerji məsələləri üzrə ekspert İlham Şaban da hesab edir ki, Prezident neft hasilatında azalmanın qarşısının alınacağını vəd edib: “Söhbət təbii ki, hasilatın azalma templərinin zəiflədilməsindən gedir. Çünki 2022-2023-cü illərdə hasilat çox yüksək templə azalmağa başladı. Əgər 2022-ci ildə illik azalma tempi 1,93 milyon ton təşkil etmişdisə, 2023-cü ildə azalma tempi 2,46 milyon tona qədər artım nümayiş etdirdi. Bu sürətlə azalma tempi Azərbaycanda yalnız bir dəfə - 2011-2012-ci illərdə olmuşdu. Amma o zaman hasilatın pik həddindən enmə dövrü idi və müəyyən mənada başa düşülən idi, indiki periodda isə sanki cilovundan çıxmış prosesə bənzəyir. Ona görə də Prezident öz çıxışında bu hadisənin üzərində dayandı və cəmiyyətə mesaj verdi k, qara qızılın hasilat məsələlərini stabilləşmək məcrasına yönəltmək üçün danışıqlar aparılıb, görüləcək işlər müəyyənləşdirilib və bundan sonrakı orta müddətli dövr üçün azalma tempi narahatlıq doğura biləcək məcradan kənara çıxmayacaq.
Qeyd edim ki, bunları BP şirkətinin anons edilən addımlarından da görmək mümkündür. Təkcə bu il üçün 18 quyunun qazılması planlaşdırılır ki, bunun da 12-si istismar quyuları olacaq. Bundan əlavə, “Abşeron” və “Ümid” yataqlarında kondensatın (maye karbohidrogen) hasilatı bu il artacaq. Ötən il “Şahdəniz” yatağında kondensat hasilatının 2,8 faiz azalması baş vermişdisə, bu il onun artımı proqnozlaşdırılıb".
Ekspert beynəlxalq qurumların Azərbaycandakı neft hasilatı həcmlərinə dair proqnozlarına diqqət çəkir: “Əgər Beynəlxalq Enerji Agentliyinin və OPEC-in Azərbaycanda neft hasiları proqnozlarına nəzər yetirsək, hasilatın stabilləşəcəyini görmək mümkündür. Düzdür, mən bu təşkilatların proqnozlarını kifayət qədər pozitiv hesab edirəm, amma istənilən halda, azalma templəri bu il və gələn il hiss ediləcək səviyyədə aşağı düşməlidir”.
Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına əsasən, cari ilin yanvar ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 470 min barel səviyyəsində olub. Agentliyin qiymətləndirməsinə görə, ötən ilin dekabrında Azərbaycanda neft hasilatı 480 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir. Bu isə o deməkdir ki, Azərbaycan yanvar ayında “OPEC+” çərçivəsində kvotasından 81 min barel geridə qalıb.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, ötən ilin dekabrında Azərbaycanda gündəlik xam neft hasilatı 482 min barel təşkil edib və ölkə bu dövrdə “OPEC+” çərçivəsində kvotasından 202 min barel geridə qalıb.
Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin operatoru olan BP şirkətinin yaydığı məlumata görə, 2023-cü il ərzində ölkənin ən iri neft yatağı üzrə fəaliyyətlərə təqribən 504 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 518 milyon dollar əsaslı məsrəflər xərclənib. Bu, ümumilikdə 2 milyard 22 milyon dollar xərc deməkdir. 2022-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 470 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 624 milyon dollar əsaslı məsrəflər xərclənmişdi. Bu da ümumilikdə 2 milyard 94 milyon dollar xərc deməkdir.
Dünya SAKİT,
“Yeni Müsavat”