Neft Fondu iki nəhəng şirkətin səhmlərini niyə aldı - 105 milyon dollar...

Ekspertlərə görə, bu cür qlobal texnoloji şirkətlərə investisiya yatırılması doğru və məntiqli addımdır

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin birinci rübü üzrə investisiya hesabatını açıqlayıb. Hesabatdan aydın olur ki, hesabat dövründə fondun kotirovka olunan səhm portfelinin dəyəri 12,5 milyard ABŞ dolları təşkil edib. Bu səhm portfeli üzrə 15 valyutada 24 ölkənin 1466 şirkətinin səhmlərinə yatırım edilib: “ARDNF öz yatırımlarını İnvestisiya Siyasəti və Qaydalarına uyğun şəkildə həyata keçirir və mövcud İnvestisiya Siyasətinə əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 25 faizinədək hissəsini səhm alt portfelinə (pay fondları daxil olmaqla) yatırım edə bilər. ARDNF birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri şirkətləri özündə ehtiva edən "MSCI World" indeksini izləyir və bu kontekstdə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir. Bununla da fond səhm investisiyalarını indeksin ölkələr, sektorlar və valyutalar üzrə bölgülərinə uyğun olaraq həyata keçirir".

Birinci rübdə Neft Fondu dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb. Qurumdan verilən məlumata görə, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollarlıq səhmləri mövcuddur: “Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən "Tesla" və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, dünya texnologiya nəhənglərinin səhmlərinə investisiya edilməsi müsbət addımıdr: “Dövlət Neft Fondu 2023-cü ilin yekununa görə ən çox aşağıdakı 5 şirkətin səhmlərini almışdı:

- “Apple” 496 milyon ABŞ dolları; 

- “Microsoft” 438 milyon ABŞ dolları; 

- “Alfabet” “Google” 258 milyon ABŞ dolları, 

- “Amazon” 233 milyon ABŞ dolları; 

- “NVIDIA” 202 milyon ABŞ dolları. 

Cari ilin birinci rübü ərzində isə fond aldığı səhmlərdə ciddi dəyişikliklər edib . Yəni cari ilin birinci rübündə fondun texnoloji səhmlər paketində tendensiya belə olub:

- Microsoft-un səhm portfeli 12,8 faiz artaraq 494 milyon dollara çatıb;

- “Apple” üzrə səhm portfeli 15,5 faiz azalaraq 419 milyon dollara enib;

- “NVIDIA”nın səhm portfeli 169 milyon dollar artıb və 371 milyon  dollara yüksəlib;

- “Amazon”un səhm portfeli 233 milyon dollardan 279 milyon dollara çatıb.

Bu il ilk dəfə olaraq Meta platformasının səhmləri alınıb və fond bu səhmlərə 179 milyon sərmayə qoyub. Beləliklə, 2024-cü il üçün qlobal texnoloji şirkətlərin Dövlət Fondunun kotirovka olunan səhm portfelindəki payları aşağıdakı qaydada olub :

- “Microsoft” 494 milyon ABŞ dolları; 

- “Apple” 419 milyon ABŞ dolları; 

- “NVIDIA” 371 milyon ABŞ dolları;

- “Amazon” 279 milyon ABŞ dolları; 

- “Alfabet” (“Google” ) 258 milyon ABŞ dolları; 

- “Meta” 179 milyon ABŞ dolları.

Dövlət Neft Fondunun bu cür qlobal texnoloji şirkətlərə investisiya yatırması doğru və məntiqli bir addımdır. Süni intellekt bazarının genişlənməsi ilə trilyonluq şirkətlər siyahısına daxil olan NVİDİA-ya investisiyanın artırılması da məntiqlidir".

Ekspert texnologiya nəhəngləri ilə işin onların səhminə investisiya ilə məhdudlaşmamasının gərəkdiyini deyir: “Dəfələrlə bu mövzuda təkliflərimiz də olub ki, bu şirkətlərin Azərbaycana dəvət edilməsi, nümayəndəliklərinin açılması və ciddi iş birliklərinin də qurulması çox vacib və faydalı olardı. Bunun üçün də onlara münbit şərait yaratmaq lazımdır. Xatırladıram ki, bu siyahıda olan şirkətlərin 3-ü ilə Ermənistanın ciddi işbirliyi və birgə layihələri var”.

Qeyd edək ki, Neft Fondunun investisiya portfelində daha bir dəyişiklik qızıl alışının bərpa olunmasıdır. Belə ki, fond bu ilin ilk rübündə 3 tona yaxın qızıl alıb. Fondun açıqladığı hesabata görə 31 dekabr 2023-cü il tarixinə fondun qızıl ehtiyatı 101,8 ton (3 272 974,8 troya unsiyası) təşkil etdiyi halda aprel ayının 1-nə bu rəqəm 104,6 tona (7 milyard 499 milyon dollar) qədər yüksəlib. Bu isə o deməkdir ARDNF qızıl ehtiyatını son üç ayda 2,8 ton və ya 2,8 faiz artırıb. Nəticədə bu ilin ilk rübündə ARDNF-nin investisiya portfelində qızılın payı 13,2 faiz təşkil edib.

Onu da qeyd edək ki, Neft Fondunun ilk dəfə səhmlərinə investisiya yatırdığı “Tesla”nın birinci rübdə ümumi gəlirlərində ciddi azalma qeydə alınıb. Hesabat dövründə onun gəlirləri 9 faiz, xalis mənfəəti isə 2,2 dəfə azalıb. Bununla belə, aprelin 23-də mənfəət hesabatının dərcindən sonra şirkətin səhmləri hərraclarda 13 faizdən çox bahalaşıb. Hesabatda “Tesla” daha çox aşağı büdcəli avtomobillər də daxil olmaqla, robotaksilərin və yeni elektrik avtomobil modellərinin inkişafına istiqamətlənəcəyini açıqlayıb.

Şirkət mətbuata açıqlamasında bildirib ki, birinci rübdə xalis gəlir keçən ilin eyni dövründəki 2,5 milyard dollarla müqayisədə 1,13 milyard dollar olub. Səhm üzrə mənfəət 0,73 dollardan 0,34 dollara düşüb.

Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər səhm üçün 0,45 dollar təşkil edib ki, bu da “FactSet” tərəfindən sorğulanan ekspertlərin bir səhm üçün 0,49 dollar səviyyəsində verdiyi konsensus proqnozundan daha pis nəticədir. “Tesla”nın rüblük gəliri bir il əvvəlki 23,33 milyard dollardan 21,3 milyard dollara qədər azalıb.

“Tesla”nın səhmləri bu ilin əvvəlindən aprelin 24-dək demək olar ki, 42 faiz ucuzlaşıb. Lakin son beş gündə “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti 37,3 milyard dollar artıb. “Bloomberg Billionaires Index”ə əsasən, bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artımdır.

Çin texnologiya şirkəti “Baidu” ilə mümkün əməkdaşlıq xəbərləri “Tesla”nın səhmlərini bahalaşdırıb. Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq 201,5 milyard dollara çatıb. Həmin gün “Tesla”nın səhmləri 17,76 faiz bahalaşıb.

Oxu.az - Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər  Azərbaycan manatını sabit saxlamaqdır”

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, dünyada bütün fondlar vəsaitlərindən maksimum gəlir əldə etmək, ən azı dəyərini itirməməsi üçün müxtəlif investisiya alətlərindən istifadə edirlər: “Bu zaman investisiyaların diversifikasiyası da diqqətdə saxlanılır ki, zərərə düşməsinlər: səhmlərə, əmlaka, istiqrazlara, qızıla və sair. Bunu ona görə belə edirlər ki, məsələn, istiqrazlar ucuzlaşanda səhmlərin bahalaşması hesabına ümumi portfeldə gəlirlilik saxlansın. Yaxud səhm, istiqraz bazarında düşüş olanda qızıl portfeli hesabına zərərdən yayınmaq mümkün olsun. Burada ən etibarlı alət qızıldır: qiyməti müəyyən dövrdə azalıb-arta bilər, amma heç zaman tam zərər mümkün deyil. Qızıldan sonra etibarlılıq baxımından istiqrazlar gəlir. Xüsusilə AAA kateqoriyalı istiqrazlar - inkişaf etmiş ölkələrin, özəlliklə ABŞ-ın dövlət istiqrazlarının batmaq ehtimalı sıfıra yaxındır. İstiqraz o zaman bata bilər ki, onu buraxan ölkə defolt olsun”.

Ekspert bildirir ki, ən yüksək volatillik səhm bazarındadır: “Buna görə də səhm etibarlılıq baxımından riskli investisiya alətidir. Səhmlərə investisiya edərkən çoxsaylı hesablamalar aparılmalı, mötəbər analitik mərkəzlərin rəyləri öyrənilməlidir ki, hansı səhmlərə yatırımın daha yüksək və daha az təhlükəli gəlir təmin edəcəyinə düzgün qərar verə biləsən. Burada həm də hansı sahədə fəaliyyət göstərən şirkətlərin səhmlərinin alınması mühüm rol oynayır. Bank-maliyyə sahəsində, yaxud süni intellekt, texnologiyalar sahələrində çalışan şirkətləri seçmək üçün çoxsahəli hesablamalar aparılmalıdır. Yəni əvvəlcədən  hansı şirkətə yatırım edib, nə qədər gəlir əldə etməyin mümkün olacağını hesablayıb sonra yatırım etmək ən vacib şərtdir. Bu gün dünyada bir sıra şirkətlər var, onların səhmlərinə yatırım hamısından daha etibarlı sayılır. Onlara investisiya orta dövrdə gəlirlilik əldə etməyə imkan verər. Lakin Neft Fondunun vəsaitləri fərdi sahibkarın pulu deyil, ictimai vəsaitdir. Buna görə də bu vəsaitlərlə yatırım edərkən daha ehtiyatlı olmaqda fayda var. Düşünürəm ki, qarşıdan ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz qərarları gəlir. Uzun müddətdir yüksək faizlər hökm sürür, gözləntilər bu ildən FED-in dərəcələri azaltmağa başlayacağı istiqamətindədir. Hazırkı dərəcələrin artırılması ehtimalı az da olsa var, amma məsələn, 6 faizə nə ABŞ iqtisadiyyatı, nə də qlobal iqtisadiyyatın uzunmüddətli dözüm əmsalı yoxdur. Bütün hallarda hətta gələn ildən də olsa, FED-in faiz endirimləri başlayacaq. Bu, istiqraz gəlirlərini artırsa da, səhm gəlirlərini azalda bilər. Bu kimi amilləri nəzərə almaqda böyük fayda görürəm”.

Son olaraq qeyd edək ki, bu ilin birinci rübündə Neft Fondunun aktivlərinin idarə olunmasından əldə etdiyi gəlirlərdə illik azalma qeydə alınıb. Belə ki, rüb ərzində fondun aktivlərinin idarə olunmasından əldə edilən gəlir 1 milyard 846,9 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 2 milyard 47,3 milyon manat olmuşdu. Bu isə qeyd olunan mənbədən gəlirlərin 9,8 faiz azalması deməkdir...

Dünya SAKİT,
“Yeni Müsavat”

01.05.2024 10:59
2009