Neft Fondu 12,1 ton qızıl alıb

Dövlət Neft Fondu qızıla investisiyaları kəskin artırıb.

Musavat.com Fonda istinadən xəbər verir ki, bu ilin 9 ayının yekununda qurumun aldığı qızılın ümumi həcmi 127 tona, onun Fondun investisiya portfelindəki payı isə 17,7 faizə çatıb.

Qeyd edək ki, Neft Fondu 2012-ci ilin fevralından qızıl alışına başlayıb. İlk dəfə 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışı baş tutub. Daha sonra 2018-2020-ci illərdə qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi həyata keçirilib.

2018-ci ilin ikinci rübündən 2020-ci ilin ikinci rübünədək qızıl alışı davam etdirilib, nəticədə Fondun investisiya portfelində qızılın həcmi 101,8 tona (3 272 975 troya unsiyası) çatdırılıb. Daha sonra alışlar dayandırılıb, 2024-cü ilin əvvəlindən yenidən bərpa olunub. Birinci rübün yekununda qızılın həcmi 104,6 tona, ikinci rübün yekununda isə 114,9 tona çatdırılıb. Qızılın qiymətinin ən yüksək həddə çatdığı ikinci rübdə Neft Fondu 10 tondan çox qızıl alıb. Nəticədə birinci yarımilin sonunda Fonddun investisiya portfelinin 8 milyard 574,6 milyon ABŞ dollarlıq hissəsini (14.8 faiz) qızıl investisiyaları təşkil edib.

Üçüncü rübdə Neft Fondu daha 12,1 ton qızıl alıb. Hazırda onun qızıl investisiyalarının həcmi 10 milyard 830,8 milyon dollara bərabərdir.

Musavat.com

18.10.2024 18:51
800