Neft bazarında canlanma - nikbinlik nisbidir, yoxsa...

OPEK-də isə hesab edirlər ki, bu il neftə tələbat daha çox artacaq, amma...

Dünya bazarında neft qiymətləri ilin birinci rübünü müsbət dinamika ilə başa vurdu. Hazırda Brent etalon markasının bir bareli 86-87 dollar aralığında ticarət olunur. Qiymətlərin belə artımında qlobal iqtisadiyyatda, xüsusilə Çində artımın dinamikasında müsbət dəyişikliklərlə yanaşı, beynəlxalq geosiyasi-hərbi proseslər də mühüm rol oynayır. 

Birincilərə Çində iqtisadiyyatın aparıcı sahələrində ilk iki ayda müsbət dinamikanın sürətlənməsi, inkişaf etmiş ölkələrdə inflyasiyanın kəskin azalması fonunda sərt monetar siyasətin yumşaldılması perspektivinin yaxınlaşması, ikincilərə isə ilk növbədə Qırmızı dənizdə Yəmən Husilərinin ticarət gəmilərinə hücumları, həmçinin Rusiyanın neft emalı zavolarına Ukraynanın dron zərbələri aiddir. 

Bir sıra ekspertlərə görə, hətta Qırmızı dənizdə və Rusiyadakı hadisələr olmasa belə, neft qiymətləri tələbin artması nəticəsində yüksələcəkdi. Belə ki, OPEK+ razılaşmasının iştirakçıları neft hasilatında azalmaya dair qərarın müddətini uzadıblar. Razılaşmaya qoşulan bir sıra ölkələr ikinci rüb ərzində könüllü olaraq neft hasilatını ümumilikdə gündəlik təxminən 2,2 milyon barel azaltmağa davam edəcək. 

Xatırladaq ki, 30 noyabr 2023-cü ildə baş tutan son OPEC+ iclasında bir sıra alyans ölkələri neft bazarını tarazlaşdırmaq üçün 2024-cü ilin birinci rübündə neft hasilatının könüllü olaraq 2,2 milyon barel azaldılması barədə razılığa gəliblər. Aprel-iyun aylarında azalmaların həcmi demək olar ki, eyni səviyyədə qalacaq - 2,17 milyon barel. Səudiyyə Ərəbistanı birinci rübdə olduğu kimi hasilatı sutkada 1 milyon barel, BƏƏ - 163 min barel, Küveyt - 135 min barel, Qazaxıstan - 82 min barel, Əlcəzair - 51 min barel, Oman - 42 min barel azaldacaq.

İraqda neft hasilatının azalması bir qədər də dərinləşəcək və birinci rübdə sutkada 220 min təşkil edirdisə, ikinci rübdə bu rəqəm 223 min barel olacaq. 

Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib ki, OPEK+ çərçivəsindəki razılaşmaya əməl etmək üçün ikinci rübdə Rusiya hər ay fərqli strukturla hasilatı və ixracını ümumilikdə 471 min barel azaldacaq: apreldə Rusiya hasilatı 350 min barel, ixracı isə 121 min barel azaldacaq,  may ayında - müvafiq olaraq 400 min barel və 71 min barel; iyun ayında hasilatı yalnız 471 min barel azaldacaq.

Rusiyanın OPEC+ çərçivəsində 2024-cü il üçün rəsmi neft hasilatı kvotası bütün 2024-cü il üçün 2023-cü ilin aprelində elan edilmiş könüllü hasilatın azaldılması nəzərə alınmaqla, sutkada 9,95 milyon barel təşkil edir. Belə ki, apreldə Rusiyanın istehsalı sutkada 9,1 milyon, mayda 9,05 milyon barel, iyunda 8,979 milyon barel səviyyəsində olmalıdır ki, bu da Səudiyyə Ərəbistanının kvotasına uyğundur.

İkinci rüb üçün hasilatın azaldılmasına əlavə olaraq, Rusiya da daxil olmaqla, bir sıra OPEC+ ölkələri 2023-cü ilin yazından 2024-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq daha 1,66 milyon barel azaldılmasına riayət edirlər.

Qeyd edək ki, bu ilin ilk aylarında belə əksər analitik mərkəzlər bu il dünyada neftə olan tələbatın zəif artımını proqnozlaşdırırdılar. O cümlədən Beynəlxalq Enerji Agentliyi ilə OPEK-in proqnozları bu baxımdan kəskin fərqlənirdi. Belə ki, qlobal neft bazarının vəziyyəti ilə bağlı fevral hesabatında BEA 2024-cü ildə tələbatın sutkada 1,22 milyon barel, OPEC isə analoji hesabatda 2,25 milyon barel artacağını proqnozlaşdırmışdı. "Reuters"in hesablamalarına əsasən, proqnozlar arasındakı fərq qlobal neft tələbinin təxminən 1 faizini təşkil edib.

Mart ayında BEA 2024-cü ildə dünyada neftə olan tələbatla bağlı proqnozlarına dəyişiklik edib. Agentlik birinci rübdə qeyri-OPEC ölkələrindən neft təklifi proqnozunu sutkada 100 min barel artıraraq 102 milyon barelə çatdırıb, 2024-cü ilin sonu üçünsə isə 900 min barel azaldıb - 102,9 milyon barelə salıb.

Bundan əvvəlki proqnozunda agentlik cari ilin sonunda bazarda gündəlik neft təklifinin tələbdən 0,8 milyon barel çox olacağını gözləyirdisə, indi OPEK+ razılaşması çərçivəsində hasilatın indiki templəri saxlanacağı təqdirdə, tələbin təklifdən 300 min barel yüksək olacağı qənaətindədir.

BEA-nın hesablamalarına görə, kommersiya neft ehtiyatları fevralda 47,1 milyon barel və ya sutkada 1,6 milyon barel artaraq, yanvardakı kəskin azalmanı (48 milyon barel) kompensasiya edib. Qırmızı dəniz vasitəsilə daşımaların dayandırılması nəticəsində ilkin məlumatlar göstərir ki, dənizdə tankerlərdə saxlanan neft  ehtiyatları 84,7 milyon bareldən çox artıb. Bunun əksinə olaraq, quruda ehtiyatlar ardıcıl yeddinci aydır ki, azalıb.

OPEK-də isə hesab edirlər ki, bu il neftə tələbat daha çox artacaq. OPEC 2024-cü ildə dünyada neftə tələbatın artım tempi ilə bağlı proqnozunu sutkada 2,2 milyon barel, 2025-ci ildə isə 1,85 milyon barel olmaqla sabit saxlayıb.

Təşkilat analitiklərinin fikrincə, bu il gündəlik neft istehlakı 2,25 milyon barel artacaq və 104,46 milyon barel təşkil edəcək:  “2024-cü ilin birinci rübündə Yaponiya və Cənubi Koreyanın sənaye və neft-kimya sektorlarında gözlənilən zəiflik səbəbindən Asiya-Sakit Okean regionunda istehlak proqnozunda bir qədər aşağıya doğru düzəliş edilib. Bununla belə, bu azalma Hindistanda və digər Asiya ölkələrində istehlak artımı ilə kompensasiya edilir”.

OPEC hesab edir ki, İƏİT ölkələrində neft tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə sutkada təxminən 0,3 milyon barel artacaq. İƏİT üzvü olmayan ölkələrdə Çin və Yaxın Şərq, digər Asiya ölkələri, Hindistan və Latın Amerikasının dəstəyi ilə neftə tələbatın illik 2 milyon barel artacağı gözlənilir.

Analitiklər deyir ki, 2024-cü ildə tələb hava səyahətləri və yük daşımalarına güclü tələbat, eləcə də güclü sənaye, tikinti və kənd təsərrüfatı fəaliyyəti, xüsusən də İƏİT-ə daxil olmayan ölkələrdə dəstəklənəcək. Əsasən Çin və Yaxın Şərqdə neft-kimya sektorundan da neftə tələbatın artacağı proqnozlaşdırılır.

2025-ci ildə qlobal neft tələbatı cari ilin eyni dövrü ilə müqayisədə gündə 1,85 milyon barel artaraq 106,3 milyon barelə çatacaq. İƏİT ölkələrində artımın 0,1 milyon barel olacağı, İƏİT üzvü olmayan ölkələrdə isə tələbatın 1,7 milyon barel artacağı gözlənilir.

OPEC) baş katibi Heysəm əl-Qays Küveyt Xəbər Agentliyinə müsahibəsində bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə səbəbi ilə neftdən uzaqlaşma xüsusilə qida, dərman və bərpa olunan enerji mənbələri üçün avadanlıq istehsalının azalmasına səbəb ola bilər. Onun sözlərinə görə, son illərdə ətraf mühitin qorunması bəhanəsi ilə neftdən uzaqlaşmağa çağıran çoxlu səslər var. OPEK-in baş katibi neftin dünya enerji balansının 31 faizini təşkil etdiyinə işarə edərək, bu cür çağırışları “yanlış və qeyri-real” adlandırıb. O qeyd edib ki, neft qlobal iqtisadiyyatda mühüm rol oynayır və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib: “Neft yox olarsa, bu, külək turbinləri və günəş panelləri kimi bərpa olunan enerji mənbələri üçün avadanlıqların istehsalına təsir göstərəcək, çünki onların istehsalı neft məhsulları ilə bağlıdır”.

Əl-Qaysın sözlərinə görə, neftin istehlakdan çıxarılması yol, dəniz və hava nəqliyyatına, qida, əczaçılıq və tibbi ləvazimatların istehsalına mənfi təsir göstərə bilər, həmçinin sabun və diş pastası çatışmazlığına səbəb ola bilər.

Əl-Qays əlavə edib ki, neftə tələbatın 2030-cu ilə qədər pik həddə çatacağına dair xəbərlər qalıq yanacaqlardan tamamilə uzaqlaşmaq çağırışlarına əsaslanır. OPEC-in proqnozlarına görə, 2045-ci ilə qədər qlobal neft tələbatı baza ssenarisi üzrə sutkada 116 milyon barelə, alternativ ssenarilərdən biri üzrə isə 120 milyon barelə çatacaq:  “Zəruri neft tədarükünü təmin etmək üçün 2045-ci ilə qədər biz neft sənayesinin müxtəlif sektorlarına təxminən 14 trilyon dollar sərmayə qoymalıyıq”.

Göründüyü kimi, neft hasilatçıları tələbatın artımını, istehlakçılar isə azalmasını gözləyirlər. Hələlik reallıq tələbatın kəskin artımı olmadan qiymətlərin  yüksək qaldığınl göstərir. Bu isə gəlirlərinin mühüm hissəsi neft ixracından formalaşan Azərbaycan kimi ölkələr üçün komfortlu şərtlər deməkdir: hasilat və ixrac azalsa da, yüksək qiymətlər iqtisadiyyatı ayaqda saxlayacaq qədər gəlirləri təmin edir. 

Energetika Nazirliyinin açıqladığı məlumata görə, 2024-cü ilin yanvar-fevralında Azərbaycanda 4,8 milyon ton neft və kondensat (azalma 5,9 faiz) hasil olunub. 

Hesabat dövründə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 2,7 milyon ton neft (azalma 12,9 faiz ) hasil edilib ki, bu da  ümumi hasilatın 56,3 faizini təşkil edib. İki ayda “Şahdəniz” yatağından 0,7 milyon ton kondensat (2023-cü ilin yanvar-fevral ayları səviyyəsində), SOCAR tərəfindən 1,3 milyon ton kondensatla neft hasil edib (27,1 milyon ton).

İki ayda Azərbaycandan neft və kondensat ixracı 3,9 milyon ton (2023-cü ilin yanvar-fevral səviyyəsi ilə müqayisədə 4,9 faiz azalma) təşkil edib.

Azərbaycan hökuməti 2024-cü ildə kondensatla birlikdə neft hasilatını 29 milyon 492,3 min ton planlaşdırır. 

Dünya SAKİT,
“Yeni Müsavat”

02.04.2024 09:52
888