Dünya Bankının Çin iqtisadiyyatına dair bədbinliyi xammal bazarlarını “vurur”
Son aylarda Səudiyyə Ərəbistanı və Rusiyanın ixracı azaltması sayəsində neft qiymətlərinin yüksəlməsi müşahidə olunub. Arxada qoyduğumuz sentyabr ayında bazarda potensial təklif çatışmazlığı ilə bağlı narahatlıqlar neft qiymətlərini ciddi şəkildə dəstəkləyib. Hətta bir çox analitiklər qiymətlərin 100 dollara doğru yüksəlməyə davam edəcəyinə əmindirlər.
Sentyabrda Brent nefti 9,7 faiz, üçüncü rübün yekununda isə 27,3 faiz, WTI nefti müvafiq olaraq 8,6 faiz və 28,5 faiz bahalaşıb. Analitik mərkəzlərə görə, bazarda təklif çatışmazlığı qorxusu ilə bağlı qiymət artımı impulsu keçən həftənin sonunda tükənib.
Hələlik dünya bazarında neft qiymətləri sürətlə azalır. Bu həftənin əvvəlindən Brent neftinin bir bareli 97 dollardan 90 dollara qədər düşüb. Analitiklərə görə, bunun bir neçə səbəbi var. Birinci səbəb budur ki, ABŞ-da hakimiyyəti “şatdaun”dan qaça bildi, müvəqqəti büdcə təsdiqləndi. Nəticədə dolların möhkəmlənməsi prosesi sürətləndi. Hazırda ABŞ valyutasının altılı valyuta səbətinə qarşı məzənnəsi 2022-ci ilin noyabrından bəri ən yüksək həddədır. Bundan əlavə, ABŞ iqtisadiyyatında, xüsusilə məşğulluq sektorunda qeydə alınan müsbət göstəricilər Federal Ehtiyatlar Sisteminin (FED) bu ilin sonunadək daha bir dərəcə artımına getməsinə zəmin yaradır.
Nefti ucuzlaşdıran digər mühüm amil bazara çıxarılan həcmlərin azaldılmasının yaratdığı effektin artıq tam arxada qalması və bazarın özü-özünü korrektə etməyə başlamasıdır. Xatırladaq ki, bu ilin yayından bazarın əsas tədarükçülərindən olan Səudiyyə Ərəbistanı və Rusiya OPEK+ çərçivəsində neft ixracını azaltmaqla qiymətləri artırmağa başlayıblar. Səudiyyə Ərəbistanı hasilatı gündəlik 1 milyon barel, Rusiya isə ixracı gündəlik 300 min barel azaltmaq qərarının müddətini bu ilin sonunadək uzadıblar. Bu qərar bazarda qiymətlərin kəskin artımını şərtləndirib.
Maraqlıdır ki, ABŞ-da neft ehtiyatlarının azalması, ölkənin ən böyük neft anbarı olan Kuşinqda ehtiyatların minimuma enməsinə dair məlumatlar da bazara müsbət impuls verə bilmir. Analitiklər bunu bahalı neftin fəsadı kimi qiymətləndirirlər. Belə ki, inkişaf etmiş ölkələrdə inflyasiyanın azalması fonunda noyabr-dekabr aylarından etibarən mərkəz bankların sərt monetar siyasətdən tədricən yumşalmaya keçməsi, nəticədə iqtisadiyyatlardakı artım prosesinin sürətlənməsi gözlənilirdi. Enerjidaşıyıcılarının bahalığı bütün inkişaf etmiş ölkələrdə inflyasiyanı tətikləməklə ona qarşı mübarizə üçün faiz dərəcələrinin artırılması, iqtisadiyyatların maliyyələşmə imkanlarının məhdudlaşması ilə müşayiət olunub. Hazırda Avropa İttifaqı, Böyük Britaniya və digər ölkələrdə iqtisadi artım sıfırdan cüzi fərqlənən sürət nümayiş etdirir. Bunun sürətlənməsi mərkəz bankların monetar siyasətindən böyük ölçüdə asılıdır. Lakin Rusiya və Səudiyyə Ərəbistanının bazardan böyük həcmdə nefti çəkərək qiymətləri bahalaşdırması inkişaf etmiş ölkələrdə inflyasiyanın yenidən sürətlənməsinə gətirib çıxarıb. Avropada, ABŞ-da, Yaponiya və digər ölkələrdə son iki ayda inflyasiyanın sürətlənməsi qeydə alınmaqdadır ki, bu da uçot dərəcələrinin daha da artırılması, iqtisadi artımın durğunluqla əvəzlənməsi riskini yüksəldir. Bu isə enerjidaşıyıcılarına olan tələbatın azalması deməkdir. Tələbatın azalması fonunda Səudiyyə Ərəbistanı və Rusiyanın yenidən ixracı azaltması ehtimalı real görünmür.
OPEC-in Baş katibi Haytam əl-Qeys neftə olan qlobal tələbata dair nikbin olduğunu bildirib. Onun sözlərinə görə, neft-qaz sənayesinə kifayət qədər investisiya qoyulmaması enerji təhlükəsizliyi üçün risklərdən biridir. Haytam əl-Qeys, neft və qaz hasilatına investisiyaların davam etdirilməsinin vacibliyini qeyd edib və neft sektorunun maliyyələşdirilməsinin dayandırılması ilə bağlı çağırışları səmərəsiz adlandırıb.
Analitik mərkəzlərə görə, ciddi müsbət siqnallar olmasa neft bazarında qiymətlərin 90 dollardan yuxarı qalxması real deyil. Belə siqnallardan biri kimi Çin iqtisadiyyatından açıqlanan pozitiv göstəricilər çıxış edə bilər. Belə ki, Çinin Milli Statistika İdarəsinin (NSA) məlumatına görə, Çinin istehsal sənayesi üzrə Satınalma Menecerləri İndeksi (PMI) sentyabrda avqustdakı 49,7 bənddən 50,2 bəndədək yüksəlib.
“Trading Economics” analitikləri orta hesabla 50 bəndədək artım proqnozlaşdırırdılar. 50 baldan yuxarı indeks dəyəri sənaye sektorunda aktivliyin artımını, daha az isə zəifləməni göstərir. Göstərici mart ayından bəri ilk dəfə bu həddi keçib. PMI biznes fəaliyyətinin aparıcı göstəricisidir, çünki menecerlər gözlənilən tələb əsasında alışlar edirlər.
Sentyabrda yeni sifarişlər altindeksi avqustdakı 50,2 bənddən 50,5 bəndədək, ixrac satışları 46,7 bənddən 47,8 bəndədək yüksəlib. Məşğulluq göstəricisi ötən aykı 48 bənddən 48,1 bəndə artıb.
Eyni zamanda yaxın gələcək üçün sənaye nikbinliyini qiymətləndirən göstərici avqustda 55,6 bənddən 55,5 bəndədək azalıb.
Bundan əvvəl açıqlanan məlumata əsasən, Çinin xidmət və tikinti PMI indeksi sentyabrda əvvəlki aydakı 51 bənddən 51,7 bəndədək yüksəlib. Yeni sifarişlər altindeksi 47,5 bənddən 47,8 bəndədək, ixrac sifarişləri 47,9 bənddən 49,4 bəndədək yüksəlib. Optimizm göstəricisi avqustdakı 58,2 bəndə qarşı sentyabrda 58,7 bənd təşkil edib.
İqtisadiyyatın bütün əsas sektorları üzrə ümumi PMI bir ay əvvəlki 51,3 bəndlə müqayisədə sentyabrda 52 bəndə yüksəlib.
Lakin Çindən müsbət siqnalların gəlməsinə baxmayaraq, onun iqtisadi artımının gözləndiyindən zəif tempinin qalacağı proqnozlaşdırılır. Dünya Bankı analitiklərinə görə, Şərqi Asiyanın inkişaf etməkdə olan ölkələrində iqtisadi artım ABŞ-ın proteksionist addımları və artan dövlət borcları səbəbindən 1960-cı illərdən bəri ən aşağı səviyyələrə düşəcək. Maliyyə qurumu 2023-cü ildə Çində iqtisadi artım proqnozunu 5.1 faiz olaraq sabit saxlasa da, növbəti ilə dair gözləntilərinə dəyişiklik edib. Qurum ekspertləri hesab edirlər ki, 2024-cü ildə Çin iqtisadiyyatı 2023-cü ilin aprelində gözlədikləri 4,8 faiz deyil, 4,4 faiz böyüyəcək. Dünya Bankında bildirirlər ki, daşınmaz əmlak sektorunda zəiflik, artan borc və qocalmış əhali də daxil olmaqla, davam edən daxili problemlər Çinin iqtisadi vəziyyətinə mənfi təsir göstərəcək. Eyni zamanda Şərqi Asiya və Sakit okean regionunda (Çin də daxil olmaqla) inkişaf etməkdə olan ölkələr üçün ÜDM artım proqnozu apreldəki 4,8 faizdən 4,5 faizə endirilib.
Dünya Bankında hesab edirlər ki, Çin də daxil olmaqla, hökumətlər xidmət sektorunda “daha dərin” islahatlar həyata keçirməyə başlamasalar, dünyada iqtisadi artımın əsas mühərriklərindən biri olan region ölkələrinin iqtisadiyyatlarının bu cür inkişafı davam edəcək. Bununla belə, ekspertlər qeyd edirlər ki, “ticarət və istehsala investisiyaya” əsaslanan artımdan keçid Asiyanın bir çox inkişaf etməkdə olan ölkələri üçün çətin məsələ olub: “Növbəti mühüm mərhələ rəqəmsal inqilabdan faydalanmaq üçün xidmətlər sektorunda islahatlar olacaq”.
"Financial Times"ın yazdığına görə, qlobal artımın ümumi yavaşlaması ilə əlaqədar qlobal tələbin azalması ona gətirib çıxarıb ki, 2022-ci ilin ikinci rübü ilə müqayisədə İndoneziya və Malayziyadan malların ixracı 20 faizdən çox, Çin və Vyetnamdan 10 faiz azalıb. Qəzet qeyd edir ki. Vaşinqton və Pekin arasındakı gərginlik əvvəllər idxalı artırmaqla regionun digər ölkələrinə fayda verib. Bununla belə, keçən il ABŞ-da Çindən asılılığı azaltmağa yönəlmiş bir sıra qanunvericilik tədbirlərinin qəbulu Cənub-Şərqi Asiya ölkələrinə zərbə vurub.
Dünya Bankının region üzrə vitse-prezidenti Manuela Ferro bildirib ki, “Şərqi Asiya və Sakit Okean regionu, hətta artım yavaşlasa da, dünyanın ən sürətlə inkişaf edən və ən dinamik regionlarından biri olaraq qalır”. Onun sözlərinə görə, yüksək iqtisadi artım templərini saxlamaq üçün “ortamüddətli perspektivdə sənayenin rəqabət qabiliyyətini qorumaq, ticarət tərəfdaşlarını diversifikasiya etmək və xidmət sektorunun potensialını açmaq üçün islahatlar tələb olunacaq”.
Onu da qeyd edək ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti də ucuzlaşıb. Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,34 dollar və ya 2,33 faiz azalaraq 97,77 ABŞ dolları təşkil edib.
Hasilatın və ixracın azalmasına baxmayaraq, 2023-cü ilin dövlət büdcəsi neftin 60 dollarlıq qiyməti ilə hesablandığına görə hazırkı qiymət Azərbaycanın dövlət büdcəsinin icrası üçün komfort şərtlər formalaşdırır. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-avqust aylarında dövlət büdcəsi 300 milyon manata yaxın profisitlə icra olunub. Avqust-sentyabr aylarında neft qiymətlərinin ilin birinci yarısı ilə müqayisədə kəskin artdığını nəzərə alsaq, 2023-cü il büdcəsinə nəzərdə tutulan gəlirlərin təmin olunmasına problem yaranmayacağını söyləyə bilərik.
Yeri gəlmişkən, Azərbaycan hökuməti büdcə siyasətini yaxın 3 ildə neftin qiymətinin 60 dollar olacağı variantına uyğun proqnozlaşdırır.
Dünya SAKİT,
“Yeni Müsavat”