Neft 3 ildə ilk dəfə 70 dolların altına düşdü: Bazar dərin bədbinliyə yuvarlanır...

Dünya bazarında neft qiymətlərinin sürətli enişi davam edir. Bu gün günortadan sonra Londonun ICE burjasında keçirilən hərraclarda Brent etalon markalı neftin dəyəri 3 dollara yaxın azalaraq 69 dollara düşüb.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, 2021-ci ilin dekabrından bəri ilk dəfədir ki, Brent 70 dollardan aşağı ticarət olunur.

WTI nefti isə 66 dollardan aşağı ticarət olunmaqdadır.

Analitiklərə görə, bazar ABŞ və Çində iqtisadi aktivliyin azalması siqnalları ilə təzyiq altındadır və bu, treyderlərin neft tələbi perspektivləri ilə bağlı narahatlığını artırır. Bu gün dərc edilən statistik məlumatlar avqust ayında Çinin idxalının artım tempinin kəskin yavaşladığını göstərdi - iyuldakı 7,2 faizdən 0,5 faizə qədər.

Bu arada, OPEC 2024-cü ildə xammala tələbat artımı proqnozunu sutkada 80 min barel azaldıb - sutkada 2,03 milyon barel. Əvvəllər tələbatın sutkada 2,11 milyon barel artacağı gözlənilirdi.

Bundan əlavə, alyans OPEC+ sazişinə daxil olmayan ölkələrdən neft tədarükünün 2024-cü ildə gündəlik 1,23 milyon barel, 2025-ci ildə isə daha 1,1 milyon barel artacağını gözləyir.

Treyderlər həmçinin Meksika körfəzində qasırğanın aktivliyini izləyirlər. ABŞ Milli Qasırğa Mərkəzi (NHC) dünən Meksika körfəzində tropik "Fransina" qasırğasının əmələ gəldiyini və bu qasırğanın həftənin ortalarına qədər 2-ci kateqoriya qasırğaya çevrilə biləcəyini bildirib. Luiziana sahilləri üçün güclü tufan xəbərdarlığı edilib.

Musavat.com

10.09.2024 20:55
512