Cənubi Qafqazda hərbi-siyasi proseslər xüsusi intensivlik qazanmağa başlayıb. Üstəlik, regional proseslər birbaşa Azərbaycanın geopolitik iradəsinin təsiri altındadır. Cənubi Qafqazda geopolitik şərtləri məhz rəsmi Bakı müəyyən edir. Və bundan sonra Azərbaycanın hərbi-siyasi hədəflərinə hər hansı ciddi problemlərin yaradıla biləcəyi artıq o qədər də inandırıcı görünmür.
Ermənistanın Azərbaycanın geopolitik iradəsinə müqavimət göstərmək cəhdləri isə bir-birinin ardınca iflasa uğrayır. Hər halda, son vaxtlara qədər Paşinyan hakimiyyətinin Ermənistanın beynəlxalq himayədarlarına bəslədiyi bütün ümidlər boşa çıxıb. Rəsmi İrəvan hərbi-siyasi təxribatlar törətməyə çalışsa da, Azərbaycan qarşısında acizliyi ilə barışmaq məcburiyyətində qalıb. Və ermənipərəst dövlətlərin belə, regional proseslərə təsir göstərə bilmədiyi bir şəraitdə rəsmi İrəvan üçün başqa yol görünmür.
Təbii ki, bütün bunlar Cənubi Qafqazda sülh prosesinin inkişaf istiqamətlərinə də ciddi şəkildə təsir göstərir. Belə ki, üçtərəfli anlaşmaların imzalanmasından sonra rəsmi İrəvan Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan erməni sakinlərdən rəsmi Bakıya təzyiq və “bazarlıq” faktoru kimi yararlanmağa çalışırdı. Ancaq rəsmi Bakı dərhal “Bu, Azərbaycanın daxili işidir” bəyanatı ilə Ermənistanı və onun beynəlxalq himayədarlarını oyundankənar vəziyyətə salmağa nail oldu.
İndi rəsmi İrəvan üçün Azərbaycan ərazilərində son günlərini yaşayan erməni separatizmi və terrorzimi artıq itirilməkdə olan manevr faktorudur. Çünki rəsmi İrəvan bütün israrlı cəhdlərinə baxmayaraq, “Dağlıq Qarabağ mövzusu”nu beynəlxalq arenaya çıxartmağa nail ola bilmədi. Əksinə, beynəlxalq reaksiyalar daha çox rəsmi Bakının “Bu, Azərbaycanın daxili işidir” prinsipi üzərində indeksləşib.
Maraqlıdır ki, rəsmi Bakı Azərbaycanın daxili işlərinin nizamlanmasında kifayət qədər ciddi irəliləyişlərə nail olmağa başlayıb. Belə ki, rəsmi İrəvanın “Dağlıq Qarabağ” və Laçın yoluna “beynəlxalq faktaraşdırıcı missiya” ilə bağlı çağırışlarını tamamilə bloklayıb. Rəsmi Bakı bu məsələdə beynəlxalq hüquq normalarına əsaslandığı üçün Paşinyan hakimiyyətinin hay-küyü demək olar ki, eşidilməz olub. Və bu istiqamətdə rəsmi İrəvanın hər hansı nəticə ala biləcəyi artıq qətiyyən inandırıcı görünmür.
Digər tərəfdən, Azərbaycan ekofəallarının Laçın-Xankəndi yolnda aksiya keçirtməsi də real nəticələr verib. Bu aksiya sayəsində Ermənistanın və erməni separatçı-terrorçuların Azərbaycanın təbii sərvətlərinin talamasının qarşısı alınıb. Düzdür, rəsmi İrəvan rus sülhməramlıların fəal dəstəyi ilə bölgəyə silah-sursat və hərbi canlı qüvvə daşımaq üçün alternativ torpaq yollardan istifadə etməyə çalışdı.
Ancaq Ermənistan və erməni separatçı-terrorçular üçün bu “nəfəslik” də çox qısa zaman içərisində qapadıldı. Belə ki, Azərbaycan ordusu bu erməni-rus təxribatını inkarolunmaz faktlarla ifşa etdi. Ardınca da dərhal hərəkətə keçərək, ermənilərin rus sülhməramlıların müşayiəti ilə silah-sursat daşıdığı torpaq yollar tam nəzarətə götürüldü.
Nəticədə indi Azərbaycan ordusu erməni-separatçı-terrorçuların Ermənistan tərəfindən silah-sursatla təchiz edildiyi bütün keçidlər qapadılmış oldu. Bundan sonra silahlı erməni terrorçuların bütün davranışları Azərbaycan ordusunun tam nəzarəti altında olacaq. Qeyri-qanuni erməni terrorçu dəstələrin törətməyə cəhd göstərəcəyi təxribatların qarşısı dərhal alınacaq.
Digər tərəfdən, bölgədə antiterror əməliyyatlarının keçirilməsi üçün də indi daha geniş imkanlar mövcuddur. Bəzi iddialara görə, hazırda Azərbaycanın Xankəndi nvə ətraf bölgəsində təxminən 8-10 min nəfərlik silahlı erməni terrorçu dəstələri mövcuddur. Ağır hərbi texnikadan məhrum olan erməni terrorçuların Azərbaycan ordusunun antiterror əməliyyatlarına nəinki bir neçə gün, hətta heç bir neçə saat belə, tab gətirə biləcəkləri qətiyyən inandırıcı deyil.
Ona görə də, yaxın vaxtlarda Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçuların taleyi qısa müddətdə, həm də birdəfəlik həll oluna bilər. İndi onların ən yaxşı halda, yalnız iki seçim variantı mövcuddur. İndi onlar ya silahlarını təhvil verib, təslim olmalıdırlar. Ya da Azərbaycan ordusunun müşayiəti altında bölgəni könüllü şəkildə tərk etməlidirlər, Ermənistana qayıtmalıdırlar.
Əgər, üçüncü variantı seçmək qərarına gəlsələr, Azərbaycan ordusunun “dəmir yumruğu”ndan xilas ola bilməyəcəklər. Bu halda, onlar nə təslim olmağa, nə də bölgəni tərk etməyə imkan tapmayacaqlar, elə savaş meydanındaca məhv ediləcəklər. Və belə bir təhlükəli varianta erməni separatçı-terrorçuların risk edəcəkləri qətiyyən inandırıcı görünmür.
Bu baxımdan, ehtimal etmək olar ki, yaxın vaxtlarda Azərbaycan dövlətinin Qarabağda yaşayan ermənilərin təmsilçilərini Bakıya danışıqlara çağırmasına daha ciddi yanaşmaq məcburiyyətində qalacaqlar. Çünki iki dəfə xoşməramlı çağırışına müsbət cavab ala bilməyən rəsmi Bakının səbrinin əvvəl-axır tükənəcəyi qətiyyən şübhə doğurmur. Yəni, erməni separatçılar rəsmi Bakının çağırışından yenə imtina edərlərsə, bu dəfə Azərbaycan ordusu “danışıqlar aparmaq” üçün Xankəndiyə gedə bilər.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun yeni Laçın yolu ətrafında bütün strateji yüksəklikləri və torpaq yolları nəzarətə götürdüyündən, indi erməni separatçı-terrorçuların alacağı “nəfəsin miqdarı” da rəsmi Bakıdan asılıdır. Ermənistan baş naziri Nikol Paşinyan da bildirib ki, hazırda Xankəndiyə gedən bütün yollar məhz Azərbaycan ordusunun nəzarəti altındadır. Bu baxımdan, erməni separatçı-terrorçuların “nəfəsliyi”nin tamamilə qapadıldığını düşünmək olar. Və onların gələcək taleyi də məhz Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reintiqrasiyasını müzakirə etmək üçün Bakıya gəlib-gəlməyəcəklərindən birbaşa asılıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu