Nəcməddin Sadıkovun adamları bir-bir HƏBS EDİLİR - Sensasion FAKTLAR

Nəcməddin Sadıkovun adamları, yoxsa..; “Onlar dövlətə və xalqa xəyanət edib, belələrinin cəzası ağır olmalıdır ki, gələcəkdə orduda kimsə ”varlanmaq" barədə düşünməsin"

Müdafiə Nazirliyində illərdir həbslər aparılır, korrupsiyaya qarşı tədbirlər görülür, neçə-neçə yüksək vəzifəli zabitin məhkəmələri hazırda da davam edir. Ancaq dövlətin bel sütunu olan Müdafiə Nazirliyində korrupsionerlər hələ də mövcuddur. Bu qədər səs-küylü hadisələrdən sonra məhkəmələrdə zabitlər mühakimə olunduğu vaxtda - 2023-2024-cü illər ərazində MN-də də korrupsiya davam edib!

Bu faktlara görə Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyintiyə görə daha bir zabit həbs edilib. “Qafqazinfo” xəbər verir ki, MN-in N saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra edən Namiq Mirzəyev barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində məlum maliyyə araşdırmaları və həbslərdən sonra da 2023-2024-cü illərdə eyni üsullarla, xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə əməllərini davam etdirdiyi məlum olub.

Qeyd edək ki, N.Mirzəyev bir müddət əvvəl Müdafiə Nazirliyindəki, xüsusilə külli miqdarda mənimsəməyə görə həbs edilmiş Maliyyə-Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

Hazırda DTX-də istintaqı aparılan cinayət işi üzrə Namiq Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.

Belə düşünmək olarmı ki, Müdafiə Nazirliyində Nəcməddin Sadıkovun basdırdığı minalar hələ davam edir? Yoxsa yeyintilərin davam etməsində digər rəhbər işçilər də suçludur? MN-də niyə korrupsiyanın, talamaların qarşısını almaq mümkün olmur? Görünən budur ki, dövlət bu məsələyə qarşı sərt tədbirləri davam etdirir. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu korrupsioner şəxslərin ən ağır cəzalara məhkum olunmaları barədə çağırış etdi: “Prezident İlham Əliyevin ordu ilə bağlı tapşırığı məlumdur: "Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir". Bu günə qədər Türkiyə ordusunda korrupsiya ilə bağlı fakt eşitməmişəm, başqa problemlər olub, ancaq türk zabitinin orduya ayrılan vəsaiti mənimsədiyi barədə fakta malik deyiləm. Özünə hörmət edən zabit dövlətin malına göz dikməməlidir. Təəssüf ki, Azərbaycan Müdafiə Nazirliyi sistemində illər uzunu korrupsiyaya qurşananlar olub. Bu faktlar barədə keçmiş müdafiə naziri Səfər Əbiyevin dövründə də yazılar yayımlanırdı. Elə Səfər Əbiyevin özünü götürün, Çexiyada mülkündə yaşadığına dair məlumatlar var. Birincisi, o bu mülkü hansı vəsaitlə alıb? İkincisi, Azərbaycanın müdafiə naziri çalışan şəxs dövlət sirrinə malikdirsə, beləsinin xaricə köçməsinə gərək imkan verilməyəydi. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra orduda ciddi yoxlamalar başladı. Orduda maliyyə sistemində çalışanlar milyonlarla yeyintiyə yol veriblər, onlar məhkəmədə bunun haqqında elə danışırlar ki, sanki adi bir hadisədir. Onlar dövlətə və xalqa xəyanət edib, belələrinin cəzası ağır olmalıdır ki, gələcəkdə orduda kimsə “varlanmaq” barədə düşünməsin. Müdafiə Nazirliyi sistemində digər problem uzun illər Türkiyənin hərbi akademiyalarını bitirən məzunların təhsillərinə müvafiq işlə təmin olunmamaları olub. İndi vəziyyət düzəlib. Keçmiş sovet və Rusiya hərbi akademiyalarının məzunlarının bir qismi Türkiyədə təhsil alanların qarşısını kəsməyə çalışırdılar. Bu şəbəkənin başında keçmiş baş qərargah rəisi Nəcməddin Sadıxov dayanıb. Korrupsiya ilə bağlı məhkəmələrdə ən çox adı çəkinlənlərdən biri məhz Nəcməddin Sadıkovdur. Müttəhimlərin əksəriyyəti korrupsiya yolu il əldə etdiklərinin bir qismini Nəcməddin Sadıkovla bölüşdüklərini bildirirlər. Belə olan halda ya Nəcməddin Sadıkov ifadə vermək üçün məhkəməyə çağırılmalı, ya da onun haqqında cinayət işi açılmalıdır. Onu xaricdən qoruyan sirli əlin təsirindən qurtulmaq lazımdır. Həmin “sirli əlin” özünün vəziyyəti ağırdır. Tərtər hadisələrini törədənlər də ən ağır cəzalara məhkum olunmalıdırlar. Hərbçilərə işgəncə verənlər və buna seyrçi qalan zabitlər qanun qarşısında cavab verməlidirlər. Bu, qara ləkədir. Bunun da arxasında xarici əlin olmasına dair ciddi şübhələr var. Ordumuz belələrindən təmizlənməlidir. Bunu bizdən torpaqlarımızın azad olunması uğrunda şəhid olanların ruhu da tələb edir".

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd hər şeyi Nəcməddin Sadıkovun ayağına bağlamağı doğru hesab etmir: “Müdafiə Nazirliyinin ən çox istədiyi şeylərdən biri qurumun qapalı olması, ictimai nəzarətin olmamasıdır.

Müdafiə Nazirliyi elə davranır ki, bu qurum haqqında danışmaq, yazmaq olmaz, hər şey sanki məxfidir. Təbii ki, buna dəstək verən medialar və bəzi jurnalistlər oldu. Nazirlik bir çətir formalaşdırdı və o çətirin altında qanunsuzluqlar etmək daha asan oldu. Əslində Müdafiə Nazirliyi ölkənin ən açıq qurumudur. Hər rüb yüzlərlə çağırışçı ordu sıralarına gedir, yüzlərlə vətəndaş da hərbi xidmətini başa vurub geri qayıdır. Azərbaycan Ordusunda Nəcməddin Sadıkov erası bitib. Bütün qanunsuzluqlar onun adı ilə bağlanılır. Bunun haqlı tərəfləri də həddindən artıq çoxdur. Nəzərə almaq lazımdır ki, Nəcməddin Sadıkovun vəzifədən getməsinin üzərindən 4 il keçir. Dəyişən nə olub? Öncə buna cavab tapmaq lazımdır. Nəcməddin Sadıkov gedəndən sonra dəyişən çox şey var? Düşünmürəm. Ordu iyerarxiya sistemi ilə idarə olunur. Lap hesab edək ki, hansısa zabit korrupsiya əməli törədir və bundan heç kimin xəbəri olmur? Hər şeyin raportlaşdırıldığı, sənədləşdirildiyi, bir sənədə bir neçə vəzifəlinin imza atdığı bir sistemdə hansısa zabitin təkbaşına, özündən yuxarı vəzifədə olanların xəbəri olmadan qanunsuz əməl törətməsi mümkün deyil. Hər şeyi Nəcməddin Sadıkovun üzərinə atmaq çox asandır, çünki törətdikləri əməlləri nəzərə alsaq, ona yapışır. Ancaq indi baş verənləri də yalnız onun adı ilə bağlamağı doğru hesab etmirəm. Nəcməddin Sadıkov nə boyda gücdür ki, indi də orduya müdaxilə edə bilir? Yaxud Müdafiə Nazirliyi o qədərmi zəifdir, Nəcməddin Sadıkovun əlin-qolun ordudan kəsə bilmir?

Son vaxtlar nümayəndələri ən çox həbslərə məruz qalan qurum Müdafiə Nazirliyidir. Təkcə həbslərlə qanunsuzluğun kökü kəsiləcəkmi? Qətiyyən! Hesab edirəm ki, şəffaflıq, ictimai nəzarət formalaşmadıqca, bu cür problemlər davam edəcək. Azərbaycan Ordusu Türkiyə modelinə keçid edib. Bu, təkcə ştat strukturu ilə bağlı olmamalıdır. Türkiyədə orduya kifayət qədər ictimai nəzarət var. Xərclənən hər qəpiyin hesabatı verilir. Azərbaycanda Müdafiə Nazirliyindən nəyinsə hesabatını soruşmaq qeyri-mümkündür. Dövlət büdcəsindən ən çox vəsait ayrılan quruma ictimai nəzarət mütləqdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

15.08.2024 08:32
2488