“Hərbi münaqişə zamanı nə Moskva, nə də Kiyev öz məqsədlərinə nail ola biləcək. Buna görə də müharibəyə son qoyulmalıdır”.
Bunu rusiyalı milyarder Oleq Deripaska “Faynənşl Tayms”a müsahibəsində deyib.
“Mən başa düşə bilmirəm ki, niyə hər iki tərəf bunu başa çatdıra bilmir? F-16, F-35 verəcəksiniz? Əldə edilə biləcək yeganə məqsəd daha çox əzab çəkmək, daha çox can itkisi, daha çox yaralı, bəlkə də 5-10-20-25 kilometr sola və ya sağa ərazi olacaq”, - Deripaska bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə Hərbi Departamentin Kollegiyasının iclası zamanı müharibənin 2025-ci ildə bitəcəyini söyləyib. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqda davam edir, Ukrayna Silahlı Qüvvələrini hərbi əməliyyatlar aparmağa, Kiyev isə təlimsiz əsgərləri mənasız hücumlara göndərməyə məcbur edir.
Öz növbəsində xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya yerdəki mövcud reallıqları nəzərə alınmaqla Ukrayna ilə danışıqlara hazırdır.
“Mövqeyimiz qüvvədə qalır: biz danışıqlara hazırıq, lakin indi yer üzündə yaranmış reallıqları nəzərə alaraq danışıqlar aparmağa hazırıq”, - Lavrov deyib.
Hərbi ekspert Səxavət Məmməd bildirdi ki, Rusiya-Ukrayna müharibəsi sürünən fazada davam edir: “Ukrayna tərəfi əks hücumlar zamanı min kv/km ərazini işğaldan azad edib. Bu isə bir neçə aya çox az göstəricidir. Məsələ ondadır ki, bu qədər ərazi 30-40 min itki hesabına başa gəlib. Müqayisə üçün bildirim ki, Azərbaycan son antiterror əməliyyatı zamanı Ukraynanın azad etdiyi ərazidən bir qədər geniş ərazini 200-ə yaxın şəhid, bir neçə yüz yaralı hesabına əldə edib. Dolayısı ilə Rusiya-Ukrayna müharibəsi sanki ərazi deyil, kim nə qədər öldürüb yaralayacaq üzərindən davam edir.
Ukrayna-Rusiya müharibəsinin davam etdiyi cəbhə xətti təxminən min km-dir. Bu qədər geniş cəbhəyə baxmış Qərbdən verilən silahlar çox kiçik və görünməz qalır. Ukrayna F-16, F-35 istəyir, ancaq Qərb onları bu silahlarla təmin etmir. Yalnız söz verilir. Müharibə isə sözlə aparılmır. Rusiya müharibənin gedişində anladı ki, Ukraynanı tamamilə işğal edə bilməyəcək, ona görə də, indiki hədlərə çəkildi və 5 eşalon müdafiə xətti qurdu. Müdafiə xətti o qədər çətindir ki, min kv/km-ə Ukrayna tərəfi 30-40 min itki ilə üzləşib. Rusiya sahədə göstərir ki, indiki çıxdığı hədlər ona yetərlidir və oranı qorumaqda qərarlıdır. Lavrovun da açıqlaması buna sübutdur. Rusiya müharibəni bu hədlərdə dayandıra və sülh danışıqlarına gedə bilər. Belə olan təqdirdə Rusiya minimum hədəfinə çatmış olacaq. Ukrayna tərəfi nəinki indiki hədləri, hətta Krımı belə işğaldan azad etmək istəyir. Ukrayna tərəfinin bu iddiası və Qərbin sürünən müharibəni davam etdirmək niyyəti olduqca müharibə davam edəcək. Müharibənin nə zaman bitəcəyini proqnozlaşdırmaq bir qədər çətindir. Çünki, müharibəni bitirmək Ukraynanın əlində deyil. Qərb tərəfdaşları prosesin davam etməsini istədikcə, müharibənin bitəcəyini görməyəcəyik.
Qərbdə Ukraynaya qarşı fikirlərdə haçalanma meydana gəlib. Xüsusilə alman faşistləri ilə işbirliyində olmuş birinin parlamentdə çıxışı, birmənalı qarşılanmayıb. Bundan əlavə, hər kəs qısa zamanda müharibənin yekunlaşacağını, Rusiyanın çökəcəyini, hətta parçalanacağını düşünürdü. Xüsusilə, Qərb mediası bu tezislər üzərindən ciddi canfəşanlıq edirdi. Bütün bu proqnozların baş tutmaması ümidsizlik də yaratdı. Düzdür, Rusiya Ukraynada bataqlıqdadır, ona görə də, geosiyasi baxımdan manevr imkanları aşağıdır. Ancaq faktiki olaraq müharibəni davam etdirir. Geri çəkilmək kimi niyyətinin olmadığını hər gün əyani olaraq göstərir. Rusiyanın raketlərinin bitdiyi iddiaları dolaşırdı, ancaq Rusiya demək olar ki, hər gün Ukraynanın şəhərlərini bombardman edir, infrastrukturuna ağır zərbələr endirir.
Ukrayna tərəfi də oyuna gəldiyinin fərqindədir. Artıq bəzi politoloqları və ekspertləri bunu dilə gətirirlər. Qarşıdan qış ayları gəlir. Rusiya şəhərləri bombalamaqda davam etsə, Ukrayna əhalisi arasında narazılıq da arta bilər. Əslində Rusiyanın niyyəti də budur. Rusiya Ukrayna müharibəsinin yaxın zamanda yekunlaşacağını düşünmürəm. Ən azı bununla bağlı heç bir təşəbbüs yoxdur. Qarşıdakı aylarda sürünən müharibənin davam edəcəyini görəcəyik”.
Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov müharibənin nəticələri barədə nikbindir. O, Ukrayna tərəfinin qələbəsinə inanır:
“Rusiya-Ukrayna arasındakı savaş göründüyü kimi, bitmək bilmir. Oleq Deripaskanın açıqlaması ilə razı deyiləm. Onun dedikləri əslində elə deyil. Ukrayna ordusunun şəxsi heyəti NATO dövlətlərində hazırlanır. Amerika və digər NATO ölkələrinin təlimatçıları tərəfindən Ukrayna hərbiçiləri təlimlər keçirlər. Bildiyiniz kimi, 3 korpus hazırlanmışdı. Amerika tərəfi dəniz piyadalarının korpusunu hazırlamışdı. Hər iki tərəf böyük itkilər verir. Ukrayna tərəfinin əsas niyyəti Qara dənizə öz ərazisindən tam nəzarət etməkdir. Bu dənizdə Odessa portu fəaliyyət göstərir. Rusiya da imkan vermir ki, gəmilər üzsün. Ukrayna ordusu həm Azova çıxmalıdır, həm də Qara dənizə çıxan yolları azad etməlidir. Şoyqunun söylədikləri də yanlış məlumatdır. Amerika və digər Qərb ölkələri üç motoatıcı korpus hazırlayıb. Təlimatlar bilirsiniz ki, Amerika, Almaniya, Polşa və İngiltərədə hazırlanmışdı. 4-cü olan dəniz piyada korpusunu Amerika tərəfi hazırlayıb. Hazırda Ukrayna tərəfinin hücumunu uğurlu saymaq olar. Baxmayaraq ki, hava hücumundan müdafiə sistemində say tərkibi Rusiya tərəfindən qat-qaz azdır. Amma ruslar get-gedə zəifləyir. Ona görə də, Lavrov görüş barədə fikirlər dilə gətirir. Bu birinci dəfə deyil. Zelenski ilə danışmaq istəməyən Putinin xarici işlər naziri belə fikirlər səsləndirir. İnanıram ki, işğal altında olan ərazilərin çoxu azad ediləcək. Diqqət daha çox dəniz hövzəsinə yaxın ərazilərə ediləcək. Bütün müharibələrin sonu sülhlə bitir. Amma burada əsas niyyət Rusiyanı daha da zəiflətməkdir. Qərb istəyir ki, nə qədər mümkündürsə, müharibə uzansın. Bu açıq görünür. Əgər istəsələr ki, müharibə tez bitsin, o zaman silah-sursat yardımını daha çox edərdilər. Bir korpusda 500 tank olmalıdırsa, bunlar 100 tankla həmin korpusu təmin ediblər. İstənilən halda Ukrayna geri çəkilmək fikrində deyil. Şoyqunun 2025-ci ilə qədər müharibənin bitəcəyini dilə gətirməsi əlbəttə Rusiyanın məğlubiyyəti ilə başa çata bilər. Güman edirəm ki, 2024-cü ildə Krım istisna işğal altında olan bütün ərazilər azad ediləcək. Rusiyanın artıq bir sıra ərazilərinə zərbələr endirilir ki, bu da təsadüfi deyil. Həm də bu onu göstərir ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri də zəifləyib. Amma Rusiya da Ukrayna şəhərlərini viran qoyur. Lakin Ukrayna tərəfi üçün ərazilər azad edilməyincə, danışıqlara getmək mümkünsüzdür”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”