Fransa parlamentinin yuxarı palatası Senatın “Ermənistanın ərazi bütövlüyü” adlı sənədi müzakirəyə çıxarması, üstəlik məhz bu “qətnamə”nin içərisində Qarabağdan bəhs etməsinin özü belə sadəcə beynəlxalq hüququn pozuntusu deyil, bu həm də açıq aşkar təxribatdır.
Məntiqlə “Ermənistanın ərazi bütövlüyü” məsələsinin önə çıxarılmalı olduğu sənədin izah hissəsində yazılan cümləyə baxın” “Azərbaycan Ermənistanla olan atəşkəsi pozaraq sentyabrın 19-da Dağlıq Qarabağa hücum edib.” Sadəcə bu söz, ərazi bütövlüyünü güya müqqəddəs hesab edən bu adamların nə qədər qərəzli və üzr istəyirəm, yalan istehsal edən təfəkkürə və əqidəyə malik olduqlarını sübut edir. Sizə bu haqqı kim verib ki, Qarabağı az qala ayrıca subyekt və ya Ermənistanın tərkib hissəsi kimi göstərəsiniz?! Başqa bir cümləyə diqqət edin: “Azərbaycan 10 aylıq blokadadan sonra oradan 120 minlik erməni əhalisinin qaçmasına səbəb yaradıb”. Üstəlik də Ermənistanın UNESCO-dakı nümayəndəsi, səfirin sözlərini əsas götürərək bildirirlər ki, güya Azərbaycan “genosid siyasəti” yeridərək Qarabağdakı erməni dini-mədəni abidələrinə qarşı çoxsaylı dağıdıcı hərəkətlər edib. Hətta Xankəndidəki küçələrdən birinə Ənvər Paşanın adını verib. Bütün bunları həmin iki senator insanlıq əleyhinə cinayət kimi xarakterizə edir və senatı da dəvət edir ki, bu utanc, böhtan, yalan və uydurmalarla bol olan sənədə səs versin. Terrorçubaşı Arayik və oğru Vardanyanın həbsini qeyri-qanuni adlandıran bu özünü senator adlandıran şəxslər həmin o Arayikin “Gəncənin vurulması mənim əmrim idi!”- etirafını da görməzdən gəlirlər. Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda keçirdikləri görüş də bunları narahat edib. Bunu hətta Ermənistan üçün təhdid adlandırır və Fransanın Ermənistanı silahlandırması faktı xüsusi müsbət amil kimi qeyd olunur. Zəngəzur dəhlizi xofu bu izahda elə təqdim olunur ki, sanki bu məsələ bölgənin gələcəyi üçün real bir təhdid təşkil edir. Bu cümləyə özəlliklə diqqət yetirin: “Məhz buna görə də bu qətnamə təklifi Azərbaycanın Dağlıq Qarabağda həyata keçirdiyi hərbi hücumu pisləmək, Azərbaycan rəsmilərini hədəf alan Avropa səviyyəsində sanksiya rejiminin yaradılması, Ermənistana vasitələr verməklə ona hər hansı növbəti təcavüz cəhdinin qarşısını almaq, onun müdafiəsini təmin etmək, Ermənistanın ərazi bütövlüyünün pozulmasının qarşısını almaq məqsədini daşıyır.” Bu sözlərin anlamı və çirkin məqsədi nədir?
1. Hadisələrin əsl mahiyyətini saxtalaşdıraraq, həmçinin Azərbaycana və Türkiyəyə böhtan ataraq həm Fransa, həm də dünya ictimaiyyətini çaşdırmaq. Bu iki qardaş ölkənin timsalında düşmən obrazı formalaşdırmaq. “Barbar türk” obrazını yenidən canlandırmaq.
2. Avropada və Fransada türk düşmənçiliyini daha da artırmaq
3. Azərbaycana və Türkiyəyə təzyiq edərək beynəlxalq müstəvidə və regional miqyasda divident əldə etmək. Məlumdur ki, Fransa faktiki olaraq Afrikada və başqa bölgələrdə bu mənada ciddi itkilərə məruz qalıb. Ölkələrdən qovulur. Həmin dövlətlərin təbii ehtiyatlarının istismarında böyük problemlər yaşayır. Türkiyəni isə bu problemləri yaşadığına görə əsas rəqiblərindən biri hesab edir.
4. Fransa hakimiyyəti erməni lobbisinə necə deyərlər “yarınmaq” istəyir ki, baxın biz Ermənistanı tək qoymadıq.
Bunlar aydındır. Lakin Fransa bir məsələni əsla unutmamalıdır.
1. Azərbaycan və Türkiyə heç vaxt bu uydurma qətnamədən qorxmayacaq. Əksinə, bu qətnamə dünya miqyasında Fransanın nüfuzuna daha ciddi zərər verəcək. İki qardaş ölkə xarici siyasətlərində Fransa cinayətlərinin ifşasına daha da çox yer ayıracaqlar. Xüsusi ilə də Afrikada və digər koloniyalarda həm Azərbaycanın həm də Türkiyənin artan təsiri, gücü və rolu Fransanın başını hələ çox ağrıdacaq. Artıq həmin kaloniyalarda keçirilən mitinqlərdə belə Azərbaycan bayrağı qaldırılır. Fransa bu mesajı unutmasın.
2. Sanksiya bir xülyadır. Hansı adla sanksiya olacaq? Azərbaycan separatçılığın kökünü kəsdiyinə və beləliklə də post-sovet məkanında bir presedent yaratdığına görəmi sanksiya alacaq?! Üzr istəyirəm, buna ancaq axmaqlar inanar. İkincisi sənəddə deyilir ki, Azərbaycandan neft və qaz alınmasına sanksiya tətbiq olunsun. Axı, buna indiki şəraitdə kim və hansı dövlət gedər?! Zatən, Rusiya sanksiyalarına qarşı Avropada narazılığın hər keçən gün artması bir faktdır. Belə bir şəraitdə biz Azərbaycandan qaz almırıq deyərək, məsələ bitərmi?! Əsla yox! Bəs, onda əhaliyə nə deyəcəklər? Deyəcəklər ki, Azərbaycan separatçılığa son qoyduğu üçün ondan qaz almağı dayandırırıq. O zaman əhali soruşmayacaq ki, bəs Ukrayna öz ərazisində nə ilə məşğuldur və biz Ukraynanı bu məntiqlə niyə dəstəkləyirik!? Digər tərəfdən cənab Prezident ifadə etdi ki, bu qaz və neft müqavilələrindən birtərfli qaydada imtina milyardlarla dollar cərimə deməkdir. Həmin şirkətlər bununla barışacaqlarmı? Əsla, yox. Həm də niyə barışsınlar axı?! Emmanuel Makron bu gün deyir ki, “Biz Ukraynaya dəstəyimizi davam etdirməliyik. Çünki Rusiyanın qələbəsi beynəlxalq düzəni poza bilər.” Belə olan halda Ermənistanın Qarabağı işğal altında saxlaması dünya düzəni üçün təhdid deyildi, bəs nə idi?!
Nəhayət, bu adamlara tövsiyəm və onlardan tələbim budur ki, bizim tariximizlə, tarixi şəxsiyyətlərimizlə belə formada rəftar etməsinlər. Vaxtı ilə Fransanı İspaniya kralının əlindən bizim Osmanlı padşahlarımız xilas etdilər. Çox yox, cəmi beş yüz il əvvəl Fransa kralı Fransuanın Sultan Süleymandan necə imdad diləməsini unutmayın. Bir də ki, tarix yalan, böhtan və həqarət sevməz. Biz tariximizlə üzləşməyə hazırıq. Ancaq görək, Fransa da öz ləkəli tarixi ilə üzləşməyə hazırdırmı?! Qətiyyən yox! Digər tərəfdən əgər siz ermənilər üçün ikinci dövlət qurmaq fikrindəsinizsə, Fransa ərazisi daha böyükdür. Orada bu dövləti rahatlıqla qura bilərsiniz. Məsələn: Paytaxtı Marsel olan Artsax Xalq Demokratik Respublikası məncə pis ideya deyil. Hətta Marselin adını da dəyişib Stepanakert qoymaq olar.
Baxın, Fransa Qəmər adalarına məxsus Mayot adasını rəsmən işğal edib. Oranı beynəlxalq hüquqa zidd olaraq bu gün də azad etmək istəmir. Fransa neo-kalonializm siyasətini ən iyrənc şəkildə davam etdirir. Gedin Korsikaya, Yeni Kaledoniyaya və ya Qvianaya. Xalqla danışın. Onlar sizə dəqiq deyəcəklər ki, Fransa o xalqlara hansı zülmü edir. Özü də 21-ci əsrdə, bu “adil” dünyanın gözü qarşısında.
Sonda Fransaya verdiyim tövisyə budur ki, yanlış yoldasınız, nə qədər tez dönsəniz qazanan siz olacaqsınız, dönməsəniz itirən də yenə siz olacaqsınız. Azərbaycan indi çox güclüdür, onun güclü Lideri var və xalq da onun ətrafında sıx birləşib. Bu faktı unutmayın ki, Azərbaycana müdaxilə Türkiyəyə edilmiş müdaxilə deməkdir. Bu iki dövlətlə hər mənada qarşı-qarşıya gəlmək heç kim üçün faydalı və uğurlu ola bilməz. Bunu əsla yaddan çıxarmayın!
Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi