Fövqəladə Hallar Nazirliyi Yasamalda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə zamanı "Toyota Camry" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.