Nazirlik rəsmisi: İsrail və Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafı üçün potensiala malikdir

İsrail və Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafı üçün kifayət qədər potensiala malikdir.

Musavat.com xəbər verir ki, bu barədə “Report”a müsahibəsində İsrailin Energetika və İnfrastruktur Nazirliyinin baş elmi işçisi Yael Baraş Harman bildirib.

"İsrail texnoloji aspektdə liderdir. Bu baxımdan bir çox ölkələrin, o cümlədən Azərbaycanın nümayəndə heyətləri bərpa olunan enerjinin inkişafında müasir texnologiyaların tətbiqi imkanlarını öyrənmək üçün İsrailə gəlirlər. Əlbəttə, gələcək əməkdaşlıq, birgə tədqiqat və inkişaf üçün böyük imkanlar var", - o qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi məsələsinə daha çox diqqət yetirməlidir: "Biz həqiqətən də daha çox səy göstərmək və həll yollarının tapılmasında iştirak etmək lazım olduğunu başa düşməliyik. Daha çox daşqın və yanğın kimi iqlim dəyişikliyinin nəticələri ilə üzləşirik. Söhbət təkcə müasir texnologiyaların istifadəsindən getmir, insanlar məsələyə daha məsuliyyətlə yanaşmalıdırlar, məsələn, enerji istehlakını azaltmalıdırlar".

Y.Harman, həmçinin qadınların iqlim mübarizəsində fəal iştirakının vacibliyini qeyd edib. O vurğulayıb ki, qadınlar uşaqlarının gələcəyinin qayğısını çəkir: "Hesab edirəm ki, qadınların rolu daha güclü olmalıdır. İnanıram ki, qadınlar iqlimlə bağlı vəziyyətin dəyişməsinə kömək edə bilərlər".

15.11.2024 17:29
217